Bir neçə gün öncə Kərkük hava limanının açılışı olub.
Kərkük hava limanının açılışı, türkmanların problemləri və digər məsələlərlə bağlı Türkman İradə Partiyasının sədri Jalə Nefitçi Yenicag.az-a açıqlamalar verib.
Kərkük hava limanının açılışına toxunan qadın lider bildirib ki, 2009-cu ildən bu günə qədər hava limanının açılması üçün mübarizə aparılırdı:
“İraqda Bağdad, Bəsrə və Kərkükdə hava limanı var idi. Ancaq ingilis işğalı və İŞİD məsələsindən sonra Kərkük hava limanından sivil yox, hərbi məqsədlər üçün istifadə edilməyə başlandı. Kərkük hava limanı bağlandıqdan sonra, türkmanlar çox əziyyət çəkirdi. Bölgə xalqı ya Bağdada, ya da Ərbil, Süleymaniyəyə getməli olurdular. Mülki hava limanı üçün çox işlər gördük və 30 sentyabrda hava limanı açıldı”.
Kərkükdəki vəziyyətlə bağlı isə Jalə Nefitçi bunları deyib:
“Türkmanlara görə vəziyyət heç də yaxşı deyil. Bu günə qədər nə siyasi, nə idarəçilik, nə sosial, nə də mədəni haqlarımızı əldə edə bilməmişik. Digər millətlər kimi bizə haqlarımız verilmir. İraq konstitusiyasına görə üçüncü önəmli millətik, ancaq bu elə kağız üzərində də qalıb. Azsaylı millətlər öz haqlarını ala bildi, bir tək türkmanlardan başqa. Heç bir tərəfdən dəstək almırıq. Nə İraq mərkəzi hökumətindən, nə də ABŞ İraqa daxil olan zamanı Birləşmiş Ştatlardan dəstək görmədik. Qonşu dövlətlərdən də türkman milləti dəstək görmür”.
Türkiyənin türkmanlara dəstək verib-verməməsinə gəldikdə isə, partiya sədri qeyd edib ki, rəsmi Ankaranın dəstəyi türkmanlardan başqa hər kəs tərəfindən narazılıqla qarşılanır:
“Türkiyə dəstək göstərmək istəyən zaman bəzi siyasi partiyalar, digər millətlər qəbul etmirlər. İraq mərkəzi hökuməti də bildirir ki, Türkiyənin İraqın daxili işinə qarışmağa heç bir haqqı yoxdur. Ancaq İraq mərkəzi hökumətinə və digər millətlərə başqa dövlətlər dəstək verəndə dərhal qəbul olunur. Bu qadağa yalnız türkmanlar üçündür”.
Azərbaycanın verə biləcəyi dəstəyə gəldikdə isə Jalə Nefitçi qeyd edib ki, Azərbaycan mətbuatının verdiyi dəstək onlar üçün çox önəmlidir:
“Türkmanlar İraqda bu qədər sıxıntıda yaşamağına rəğmən Azərbaycana daim dəstək verməyə çalışırlar. Azərbaycanın Qarabağ problemini bilirik. Azərbaycanın başına gələn soyqırımlar, rayonların işğalı günü və digər məsələləri daim Kərkükdə yad edirik. Gənclərimiz Azərbaycan bayraqları qaldırır. Azərbaycandan gözləntilərimiz çoxdur. Mənəvi dəstəyə çox ehtiyacımız var”.
Qeyd edək ki, Jalə Nefitçi 2010-cu ildə İraq parlamentinə millət vəkili seçilib. 2018-ci ildə Türkman İradə Partiyasını quraraq partiya sədri olan ilk türkman qadın olub. Bundan əlavə Jalə Nefitçi Əl Rehef insani yardım dərnəyinin sədridir.
Səxavət Məmməd