Goranboyda meşədə təlim raketi tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Goranboy rayonu, Yenikənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə meşə massivinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli raket (PQ-18) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.