Güclü külək rayonlarda ciddi problemlər yaradıb

Güclü külək Azərbaycanın bəzi şəhər və rayonlarının təsərrüfatında problemlər yaradıb.

Yenicag.az xəbər verir ki, günorta saatlarında Mingəveridə güclənən külək ayrı-ayrı küçələrdə iri və kiçik gövdəli ağacları aşırıb. Ağacların bəziləri yollara aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb. Xüsusən Aydın Məmmədov küçəsində aşan iri gövdəli ağac yolu kəsib.

Külək bəzi yerlərdə hətta elektrik naqillərini də qoparaq sakinləri işıqsız qoyub.

Eyni vaxtda Mingəçevir Sənaye Parkının enerji təsərrüfatında da problemlər ortaya çıxıb. Müəssisə yarımstansiyasında yaranan qısaqapanma tüstülənməyə səbəb olub. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.

Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir. (Report)

Güclü külək Ucar rayonunda da elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub. Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub. Elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb. (APA)