!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güney Azərbaycanda TƏŞKİLATLANMA DALĞASI: “Onların masasının üzərində müxtəlif variantlar...” – Millət vəkili

!Reklam – Yazi

“Güneyli soydaşlarımız nə federasiya, nə muxtariyyat, nə də başqa bir formata razı olacaqlar”.

Bu fikirləri Güney Azərbaycanda müstəqil dövlət quruculuğu uğrunda mübarizə çərçivəsində təşkilatlanma işlərinin sürətləndirilməsinə dair məlumatları dəyərləndirən Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Güney Azərbaycanda məqsəd milli hökumətin qurulmasıdır və oradakı soydaşlarımız bu istiqamətdə fəaliyyətlərini genişləndirəcəklər:

“İranda bir müddət əvvəl yenidən vüsət alan etiraz hərəkatı davam etməkdədir və bu, bəzi hallarda özünü dalğavari formada göstərsə də, məsələyə dərindən yanaşdıqda gəldiyimiz nəticə bundan ibarətdir ki, fars-molla rejimi çökməyə məhkumdur. Çünki bu rejimin idarəçilik sistemi orta əsrlərin feodal münasibətlərinin hökm sürdüyü dövrlə eynidir.

Ölkədə çox sayda etnosun mövcudluğuna baxmayaraq, bu rejim insanların fundamental hüquqlarına zərrə qədər hörmət qoymur, onlara qarşı ağır repressiv tədbirlər həyata keçirilir, onlar farslaşdırma siyasətinin ciddi təsirlərinə məruz qalırlar. Eyni zamanda İranda əhalinin əksəriyyətini təşkil edən qırx milyona yaxın soydaşımızın da milli hüquqları tanınmır, onlara Azərbaycan türkcəsində yazmağa, təhsil almağa imkan verilmir. Belə olduqda isə dilimiz orada məişət dilinə çevrilməkdədir.

Təbii ki, İranda başlayan etiraz hərəkatının tərkibində soydaşlarımız da öz fəallıqları ilə xüsui fərqlənərək gedən proseslərdə həlledici rol oynayırdılar. Soydaşlarımızın bu sırada səsləndirdikləri əsas şüar da məhz milli hökumətin yaradılması idi. Bu, tək şüar kimi qalmır, həmin tələb yazılı şəkildə də Güney Azərbaycanın hər yerində yayılırdı.

Bu prosesin müəyyən mərhələsində ölkə Prezidenti cənab İlham Əliyevin güneyli soydaşlarımızıın hüquq, təhlükəsizlik və azadlıqları ilə bağlı söylədiyi birmənalı fikir oradakı milli hərəkata da çox əhəmiyyətli təsir göstərdi. Bundan sonra cənab prezidentimizin şəkilləri də Güney Azərbaycanda ən yüksək səviyyədə qaldırıldı, divarlara vuruldu və Azərbaycan xalqının lideri olaraq prezidentimizin ünvanına ən xoş fikirlər səsləndirildi.

Belə bir şəraitdə İran fars-molla rejiminin iflası qaçılmazdır və biz quzeyli-güneyli olaraq, bu prosesə hazırıq. Əlbəttə, biz orada gedən prosesləri diqqətlə izləyirik və nəticə etibarilə İran rejiminin süqutundan sonra orada müstəqil Azərbaycan dövlətinin yaradılması üçün ayaq üstəyik, bizdən asılı olan hər şeyi etməyə hazırıq. Açıqlamaq istərdim ki, bununla bağlı bizim müxtəlif görüşlərimiz olub və ehtiyac olarsa, təmaslar davam etdiriləcək.

Digər tərəfdən, dünya da İranda gedən proseslərə biganə deyil. Xatırlayırsınızsa, Rza Pəhləvi də Münxen təhlükəsizlik konfransına dəvət edilmişdi və görünür, beynəlxalq dairələr onu İranın əsas müxalifət fiquru kimi görür. Yəni həmin dairələr fars-molla rejiminin süqutundan sonra İranın bütövlüyü şəraitində Pəhləvinin rəhbərliyi ilə rejim qurulmasında maraqlı olduğunu nümayiş etdirir. Bu, onlar üçün keçid dövrü ola bilər. Yəni hesab edirlər ki, ən əsas məsələ molla rejiminin çökməsidir.

Lakin bu variant bizim milli-strateji maraqlarımıza uyğun deyil. Güneyli soydaşlarımız nə federasiya, nə muxtariyyat, nə də başqa bir formata razı olacaqlar. Çünki məqsəd milli hökumətin qurulmasıdır və bu istiqamətdə fəaliyyətlərini genişləndirəcəklər. Məndə olan məlumata görə, soydaşlarımız arasında ciddi təşkilatlanma işləri aparılır və müxtəlif variantlar onların masasının üzərindədir. Fürsətdən yararlanıb, güneyli soydaşlarımıza səslənir və aralarındakı bütün inciklikləri bir kənara qoyaraq, milli hökumətin qurulmasında çiyin-çiyinə mübarizə aparmağı xahiş edirəm. Məqsəd müstəqil Güney Azərbaycan dövlətinin yaradılmasıdır və hər birimiz öz imkanlarımızı bu istiqamətə yönəltməliyik”.

A.Zeynalov

www.yenicag.az

1486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv