!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Günü qara kinomuzun GÜNÜ - İntriqa yuvasından hansı ŞAH ƏSƏRLƏRİ GÖZLƏYƏK?

!Reklam – Yazi

Hər il avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Çox istərdim ki, kino günündə son illər çəkilən, nəinki Azərbaycanda, ölkədən kənarda böyük maraqla izlənilən filmlərimizin adlarını sadalayım. Kinomuz, eləcə də kino işçilərinin saysız-hesabsız olmasa da, cüzi uğurlarından danışıb, fərəhlənim. Amma yaddaşımı nə qədər qurdalasam da, yadıma düşən nə bir film oldu, nə də bir uğur. Yenə ümid köhnələrə qaldı.

Anlayıram bu gün Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov kimi rejissorlarımız yoxdur. Amma Oqtay Mirqasımov, Ayaz Salayev, Hüseyn Mehdiyev, Yavər Rzayev, Elçin Musaoğlu və digər barmaqla sayılacaq qədər az olan rejissorlarımız niyə sükuta qərq olub. Onlar niyə film çəkmir görəsən?

İndi deyəcəksiniz ki, bu sualı onlara niyə ünvanlamırsız. Dəfələrlə ünvanlamışıq, amma nəticə ortadır. Elçin Musaoğlu peşəkar rejissordur, amma o da sonuncu filmi olan “Nabat”ı 2014-cü ildə çəkib. Mükəmməl filmdir, dəfələrlə baxmışam və yenə də məmnuniyyətlə, baxardım. Eləcə də Asif Rüstəmovun “Mərmər soyuğu” filmi. Hər iki film beynəlxalq, nüfuzlu film festivallarında nümayiş olunub, ödüllər qazanıb. Amma davamı gəlmir axı…

Azərbaycan 30 ildən sonra zəfər çaldı. Qarabağ, zəfərimiz haqqında mükəmməl filmlərin çəkiləcəyini ümid edərək, gözlədik. Amma yenə də bizə gözləmək qaldı. Milli kino deyirik, amma bu kinonun davamı gəlməlidir axı.

Əlbəttə maliyyə önəmlidir. Həm də çox önəmlidir. Amma keyifiyyətli film üçün mükəmməl ssenarilər də yazılmalıdır axı. Elə ortada keyfiyyətli ssenarilər olmadığı üçündür ki, dövlətin kinoya ayırdığı bəlli büdcə də havaya sovrulur. Niyə yazan yoxdur?

Mədəniyyət Nazirliyi, eləcə də ölkədə kino çəkilişləri ilə məşğul olan rəsmi qurumlar var. 2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yarandı. Sevindik. Amma bu qurumun adını eşitdik, fəaliyyətini görmədik. Üstündən 10 il keçəndən sonra daha bir qurum – Azərbaycan Kinematoqrafçılar İttifaqı yaradıldı. Rasim Balayevin sədr seçildiyini eşidəndə gözümüzə işıq gəldi. Fikirləşdik ki, hə, Balayev kinonun qaranlıq taleyinə bir işıq tutacaq. Amma hər iki qurumun yalnız daxili çəkişmələrinə, intriqalara şahidlik etməkdən başqa bir şey görmədik. Başları qalmaqal, dava-şavaya qarışan, kinonu şou müstəvisinə çıxarıb, bu “istedadda” şou-biznes nümayəndələrinə “doqquz qoyan” kino xadimlərimizin növbəti cəhdi də hər iki qurumu birləşdirməklə başa çatdı. Görək bu qurum neyləyəcək?

Əminəm, bu yazını oxuyan və özlərini Fellini hesab edənlər qıcıq olacaq ki, necə yəni, kino çəkən, ssenari yazan yoxdur, bəs biz çəkdiklərimiz? Onlara da cavabım var; qardaş, vallah, billah sizin çəkdikləriniz kino deyil, heç kinonun jurnalı da deyil. Komediya adına çəkilən qurşaqdan aşağı zarafatlar, bayağı “hırıltılar”, “18+” anonsları ilə çəkdiklərinizi film adına tamaşaçıya sırımayın. Söyüş, erotik ifadələrdən cuşa gələn bir-iki izləyicinin zalda sizi fitə basmasını heç də tamaşaçı alqışı, uğurunuz kimi qələmə verməyin. Bu filmlərlə Azərbaycan kinosunu nəinki dünya arenasına çıxararsız, olsa-olsa “TikTok”da öz təbirinizlə desək “partladarsız”.

Bayram günündə nə qədər istəsəm də pozitivə köklənim, amma bacarmadım. Çünki özümü də qınamıram. Nə qədər ümid etmək olar? İllərdir ki, Kino günündə yeni filmin prezentasiyasına gedib, tamaşaçı kimi kinonun dadını çıxarmaq arzusu ilə yaşayıram. Amma hər il köhnə hamam, köhnə tas. Lütfən, qırın bu tilsimi, cənab kino adamları! Barı bizə yazığınız gəlsin.

Cəvahir

www.yenicag.az

1463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv