Gürcüstanda daha bir əməliyyat: qonşu ölkənin qarışmasında hansı qüvvələr maraqlıdır?

Gürcüstan polisi Kabuleti şəhərində Aqmaşenebeli küçəsindəki evlərdən birində xüsusi əməliyyat keçirib. Evdə çox sayda silah-sursat, partlayıcı qurğularaq aşkarlanaraq götürülüb.

Əməliyyat zamanı bir nəfər saxlanılıb. Həmin şəxsin kimliyi və evdə bu qədər silah-sursatın hansı məqsədlə saxlanılması barədə məlumat verilməyib. Təkcə saxlanılan şəxsin həmin evi icarəyə götürdüyü məlumdur.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi başladılıb.

Müstəqil ekspertlərin fikrincə, hansısa qaranlıq qüvvələr səylə Gürcüstandakı sabitliyi pozmağa çalışırlar: ilk növbədə Tiflisdə xüsusi əməliyyat keçirilməsi və bu zaman İŞİD terror qruplaşmasının əsas simalarından olan Əhməd Çatayevin məhv edilməsi, sonra Batumidə oteldə baş verən güclü yanğın və nəticədə 11 nəfərin ölməsi, indi isə Kabuleti şəhərində həyata keçirilən əməliyyat, şəxsi evlərdən birində çox sayda silah-sursatın aşkar edilməsi.

Gürcüstanda faciəli hadisələrin silsiləsi bu postsovet dövlətinin geofiziki və geosiyasi vəziyyətini analiz etməyə məcbur edir. SSRİ-nin dağılmasından sonra rəsmi Moskva Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı qəsb etdi. Bu hadisələrdən sonra rəsmi Kremlin siyasi özbaşınalığından zərər çəkmiş Azərbaycan, Gürcüstan, eyni zamanda Rusiyanın apardığı siyasətdən narazı olan Ukrayna, Moldova və Özbəkistan yeni bir blok ətrafında – GUUAM təşkilatında birləşdilər. Hərtərəfli hərbi-siyasi təzyiqlər fonunda müdrik siyasətçilər Heydər Əliyev və Eduard Şevardnadze yeni startegiya seçdilər və Rusiya ilə Qərbə qarşı balanslı siyasət yürütdülər. Xəzər şelfində nəhəng neft və qaz yataqlarının kəşfindən sonra Azərbaycan regionun açar ölkəsinə çevrildi. Xəzərin katbohidrogen ehtiyatlarının tranziti üçün də Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu seçildi. Bu isə şimal qonşumuzu narahat etməyə bilməzdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Yeni İpək Yolu” layihəsi regionumuzu Qərb bazarlarına enerji tranziti üzrə vacib arteriyalardan birinə çevirdi.

Bu kimi böyük layihələrin reallaşdırılmasında dünyanın ən nəhəng neft-qaz şirkətləri iştirak edirdi. Lakin əldə etdikləri nailiyyətlərlə kifayətlənməyən ölkələr 2 il əvvəl yeni dəmir yolunun əsasını qoydular. Bu yaxınlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə dəmir yolunun açılışı baş tutdu. Ermənistan və onun himayədarı Rusiya bu dəfə də nəhəng layihələrdən kənarda qaldı. Həmin layihələr nəticəsində Gürcüstan mühüm nəqliyyat qovşağına, Türkiyə isə böyük enerji şəbəkəsinə çevrildi.

İndi Gürcüstandakı faciəli hadisələr silsiləsi, qara qüvvələrin Türkiyədə stabilliyi pozmaq cəhdləri layihələrin dayandırılması və regionun müharibə, xaos ocağına çevrilməsinə istiqamətlənib. Ermənistan kimi öz satılmış elitasının faşist siyasəti ucbatından özünütəcrid girdabında boğulan ölkələr hər vəchlə regionumuzun inkişafına mane olmağa, mövcud sabit vəziyyəti dəyişdirməyə çalışırlar.

Lakin gördüyümüz kimi, sözügedən nəhəng layihələri milli sərvət və parlaq gələcəyin zəmanəti hesab edən bütün ölkələrin hüquq-mühafizə orqanları bu qaranlıq qüvvələrlə fəal mübarizə aparır və onların bütün şər ocaqlarını məhv edirlər.

Azərbaycan, Gürcüstan və Türkiyə siyasi elitası dəfələrlə bu məsələdə öz qəti mövqeyini ortaya qoyaraq Cənubi Qafqazın ölü zonaya çevrilməsinə imkan verməyəcəklərini, bu səbəbdən terrorla mübarizənin ən yüksək səviyyədə aparılacağını, şər ocaqları tamamilə və həmişəlik məhv edilməyənədək mübarizəni dayandırmayacaqlarını ifadə ediblər.

COP29