Pandemiya səbəbi ilə Gürcüstanda qalan Azərbaycan vətəndaşlarının pasportlarının müddəti uzadılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, martın 14-də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanmasından sonra bu ölkədə qalan və pasportunun müddəti 01 yanvar 2020-ci ildə bitən bütün Azərbaycan vətəndaşlarının pasportlarının etibarlılıq müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılıb.
“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvəqqəti olaraq bağlanıb. Koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində (eyni ilə Gürcüstanda) fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Gürcüstanda yerləşən Səfirliyinə müraciət etməlidirlər”, – deyə səfirliyin məlumatında bildirilib.