“Prezident İlham Əliyevin iyulun 20-də, jurnalistlər üçün tikilən yeni binada mənzillərin paylanması mərasimində mətbuatla bağlı səsləndirdiyi fikirlər media nümayəndələri üçün ən böyük dəstəkdir”
Bu sözləri AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.
Onun sözlərinə görə, Prezidentin mediaya xüsusi diqqət və qayğısı, ölkədə söz və mətbuat azadlığına diqqət göstərməsi hər zaman prioritet olub:
“Cənab Prezidentin “dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz” sözləri bir daha onu göstərir ki, Prezident İlham Əliyev ölkədə jurnalistlərin ən yaxın dostu və dəstəkçisidir”
Baş redaktor həmçinin jurnalistlər üçün tikilən ikinci binada 255 jurnalistin mənzil sahibi olmasına da münasibət bildirib:
“Jurnalistlərin əməyini daim qiymətləndirən və onlara dəyər verən, diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev verdiyi sərəncamlar ilə hər zaman jurnalistlərin yanında olduğunu sübut edir. Elə bunun nəticəsidir ki, jurnalistlər üçün artıq ikinci dəfə möhtəşəm bina tikildi və 255 nəfər jurnalist evlə təmin olundu. Bu addım ilə ölkə başçısı bir daha göstərdi ki, jurnalistlər daim diqqət və qayğı ilə əhatə olunub. Sosial şəbəkədə həmkarlarımızın sevinc statuslarını, nə qədər xoşbəxt olduqlarını, ən böyük arzularına çatmasını gördükcə insan özü də həmin hissləri yaşayır. Əminəm ki, bu proses məhz bu cür davam edəcək və ehtiyacı olan jurnalistlərə evlər yenə də ədalətli şəkildə paylanacaq”.
Hacıbəy Heydərli Azərbaycan dövlətinin gənclərə xüsusi diqqətindən də söz açıb:
“Çox təəsüf ki, ölkədə hər şeyə müxalif olan bir qrup şəxs var ki, sanki gənclik düşmənidir. Hər hansısa bir gənc uğur qazanırsa, mükafatlanırsa, vəzifəyə gəlirsə həmin an ona hücumlar başlayır. Unutmamalıyıq ki, 21-ci əsr informasiya əsridir və dünya trendləri artıq dəyişib. Bu gün gənclərin ən böyük dəstəkçisi Azərbaycan Prezidenti İlham Əliyevdir və Prezidentin birbaşa təşəbbüsü ilə minlərlə gənc xaricdə oxumağa göndərilib, gənclərin təşəbbüslərini dəstəkləyən Gənclər Fondu yaradılıb, sosial qayğıları olan gənc jurnalistlərə ev hədiyyə olunub, gənclər dövlət və hökümət idarələrində rəhbər vəzifəyə təyin olunub. Bütün bu addımlar yalnız alqışlanmalıdır. Bir qrup şəxs də var ki, sırf merkantil maraqlarına görə dövlətə münasibəti dəyişir, əslində isə bu içdən gəlməlidir. Dövləti sevmək ən müqəddəs hiss olmalıdır, ümumi mənzərəni heç nə korlaya bilməz. Biz bu gün görürük ki, Avropada yaşayan və oradan maliyyələşən bəzi şəxslər jurnalist həmkarlarımıza “səlib yürüşünə” çıxıblar. O adamlara xatırlatmaq lazımdır ki, dövlətdən ev alan jurnalistlərin adları və hansı məzhəbə qulluq etdikləri bəllidir, əgər sizin də cəsarətiniz çatırsa, haradan maliyyələşdiyinizi, kimlərin pulları ilə mülklər aldığınızı açıqlayın. Əgər buna cəsarətiniz və cürətiniz çatmırsa, o zaman sakit oturun, çünki bu ölkədə kimin kim olduğu hər kəsə bəllidir. Əgər həmin şəxslərin əks fikri olsa, istənilən məkanda, istənilən şəxslə debata çıxıb, fikir mübadiləsi aparmağa hazıram”.
Yenicag.az