“Kəskin çıxışların edilməsi ikitərəfli münasibətlərdə çatlara səbəb ola bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan parlamentinnin müxalifətdəki “Vahid milli hərəkat”ına mənsub deputatı Azər Süleymanov səsləndirib.
O, Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində qeydə alınmış namizədlərin təşkil olunan teledebatlarda Gürcüstanın Azərbaycana münasibətdə dostluq və müttəfiqliyə zidd addımlar atmasının cavabsız qalmamasına yönəlik çıxışlarına münasibət bildirib.
Gürcüstanlı deputatın fikrincə, mövcud şəraitdə ikitərəffli münasibətlərə mənfi təsir göstərən addımlardan çəkinmək lazımdır:
“Mən Gürcüstan parlamentinin azərbaycanlı deputatı olaraq öncə bildirmək istərdim ki, Azərbaycanda davam edən seçki prosesini yaxından izləyirik. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir. O baxımdan, Azərbaycanda cərəyan edən hadisələrə biganə qalmağımız mümkün deyil. Azərbaycanın hər bir uğuru bizləri də ürəkdən sevindirir, fərəhləndirir.
Aydın məsələdir ki, bütün ölkələrdə prezidentliyə namizədlər müxtəlif çıxışlar edirlər, vədlər verirlər, az qala göydəki ulduzları yerə endirəcəklərini deyirlər. Bunun təbliğat xarakterli olması aydındır.
Ola bilər, bu gün Gürcüstanın siyasətində müəyyən dəyişikliklər baş verib. Ancaq çox arzuolunandır ki, Azərbaycandakı prezidentliyə namizədlər qeyd etdiyim məqama baxmayaraq, iki ölkə arasında münasibətlərin dostluq, müttəfiqlik səviyyəsində qalmasına çalışsınlar. Kəskin çıxışların edilməsi ikitərəfli münasibətlərdə çatlara səbəb ola bilər ki, bunu da heç birimiz istəməməliyik.
İki dövlət və xalq arasında əsrlərdir davam edən dostluq münasibətləri var, Azərbaycan Gürcüstanın ən böyük investorudur. Biz də öz növbəmizdə dostluq münasibətlərinin davamlı olmasına səy göstərməliyik. Bəzi qüvvələrə iki dövlətin münasibətlərini pozmağa imkan verməməliyik”.
Süleymanovun sözlərinə görə, Gürcüstanda yaranmış mövcud şəraitdə hakimiyyətin monolit olduğunu və atılan addımların konsensusa əsaslandığını söyləmək mümkün deyil:
“Gürcüstan hakimiyyətinin daxilində durum heç də sadə deyil. Məsələn, prezident, baş nazir və parlamentin sədri ayrı-ayrılıqda yola getmirlər… Yəni belə bir qarışıqlıq var. O vəziyyətin Azərbaycana aidiyyatı, təsiri olmasa da, bunları sizdə təsəvvür yaranması üçün deyirəm.
Təbii ki, Saakaşvili dönəmində yürüdülən siyasət, aparılan diplomatiya indi fərqli yön alıb. Əslində, heç ölkənin birinci diplomatı da bir işə yaramır… Bunlar əlbəttə, bizim daxili məsələlərimizdir. Əsas istəyimiz iki ölkənin münasibətlərinə xələl gəlməməsidir. İnanıram ki, belə də olacaq”.
Qeyd edək ki, prezidentliyə namizədlərin teledebatında çıxış edən Araz Əlizadə Azərbaycanın maraqlarına zidd addımlar atan Gürcüstana qarşı ciddi tədbir görülməsinin vacibliyindən danışıb:
“Bu ölkələrin hər biri baxır ki, Azərbaycandan nə götürə bilərəm… Gürcüstan geosiyasi cəhətdən bizə lazım olduğu üçün ona kömək edirdik. Bizə lazımdır ki, Türkiyəyə neft və qaz kəmərlərini, dəmir yolu xəttini o ölkənin ərazisindən çəkək. Hətta Borjomidə o problem yarananda, birdən yadlarına düşdü ki, ekoloji problem var, Azərbaycan nə qədər pul pul ödədi.
Bilirsiz, məhəbbət, əlaqələr ikitərəfli küçədir. Gürcüstanın prezident Marqelaşvili gəlir Azərbaycan əyalətlərinə, orada ona təklif edirlər ki, Xocalı Soyqırımı iiə əlaqədar bir dəqiqəlik sükut elan eləsin, o, bundan imtina edir. Qoymur ki, bir dəqiqəlik sükut elan olunsun.
Mən demirəm ki, onları asıb-kəsək… Bizim orada çox böyük diasporamız var, o diapsora ilə işləmək lazımdır. İşləmək lazımdır ki, “gürcü arzusu” o partiyanın ürəyində qalsın, soydaşlarımızın 400 min səsini itirsin. Ona görə ki, nankorluq edirlər. Bizə qarşı qeyri-dəqiq, hətta bəzən düşmənçilik mövqeyi tutan dövlətlərə sakit, amma ustalıqla cavab verməliyik, onları yerində oturtmalıyıq”.
A.Zeynalov