Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hakimiyyətə qarşı real təhlükə:Səlim Müslümov – İDDİALAR

publika.az1436968106Selim Muslimov_1430154900Hər hansı sahəyə yeni təyin olunan nazirin orada işləyən əvvəlki işçiləri işdən çıxarmağında 2 məqsəd və buna uyğun 2 hal ola bilər:
1. Korrupsiyaya bulaşmış işçilər həmin sahədən korrupsiyanın təmizlənməsi məqsədi ilə işdən çıxarılırlar. Belə olan halda korrupsiyaya bulaşmış bütün işçilər işdən azad olunur və onların yerinə vakansiya elan olunur və şəffaf şəkildə yeni işçilər işə qəbul olunur. Baş verən müsbət dəyişikliklərin şahidi olan insanlarınsa hakimiyyətə olan inamı möhkəmlənir. Bu isə hər bir hakimiyyətin ehtiyac duyduğu vacib bir məsələdir.
2. İşçilər işdən ona görə çıxarılır ki, nazir bunun üzərində antikorrupsiya şousu qura bilsin və bununla cəmiyyətdə şəffaf, rüşvətsiz işləyəcəyi görüntüsü yaradaraq, özünün yeni korrupsiya şəbəkəsini qursun. Bu halda isə əvvəlki işçilərin hamısı işdən çıxarılmır, rüşvət alıb bir hissəsini işdə saxlayırlar. Rüşvəti toplayıb “yuxarı” yaxşı ötürənlərə üstünlük verilir. İşdən çıxarılan işçilərin yerinə isə vakansiya elan olunmur, daha çox qohum və tanışlardan rüşvət alınaraq müqavilə ilə həmin yerlərə yerləşdirilirlər. Belə olan halda statistika xatirinə ancaq işdən çıxarılan işçilərin sayı hər dəfə elan olunur və bu uğur kimi təqdim olunur. İşdən çıxarılanların yerinə kimlərin hansı formada işə götürülmələri barədə heç bir şey deyilmir. Bütün bunlar insanlarda böyük hiddət və ümidsizlik yaradaraq, onların hakimiyyətə olan inamlarını əsaslı şəkildə sarsıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verənlər onu göstərir ki, nazir Səlim Müslümov qarşısına məhz ikinci məqsədi qoyub və buna uyğun olaraq var gücü ilə çalışır. 768 işçini işdən çıxardığını bəyan edir, amma demir ki, onların yerinə kimləri hansı formada işə qəbul edib.

Səlim Müslümovun pafoslu çıxışları və onların acı nəticələri

Səlim Müslümov ünvanlı sosial yardım sistemindən korrupsiyanın və rüşvətin yığışdırılması ilə məşğul olduğunu deyir, amma insanlar fərqli reallıqların şahidi olur. Əgər əvvəlki nazirin dövründə aztəminatlı ailələrin 1 il müddətinə təyin olunan yardımın 4-5 ayı mənimsənilirdisə, Səlim Müslümov nazir təyin olunandan sonra 2 illiyə təyin olunan yardımın 8-9 ayı mənimsənilir. Ən pisi odur ki, Səlim Müslümov bunu inkar edir və bundan xəbərsiz olduğunu bildirir. Reallıq isə ondan ibarətdir ki, Səlim Müslümovun pafoslu danışıqlarına baxmayaraq özü nazirlikdə mütəşəkkil korrupsiya şəbəkəsi qurub və ona rəhbərliyi nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevə həvalə edib. Əjdər Cəbiyev də bu işi böyük ustalıqla icra edir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin direktorları və direktor müavinləri məhz onun razılığı ilə işə təyin olunur və hər ay ünvanlı sosial yardımdan topladıqları rüşvətin böyük hissəsini ona ötürürlər. Bu işdə birinci yeri Xəzər rayon ƏSMM tutur. Əjdər Cəbiyev həmin rayona hər ay nə, az nə çox, digər rayonlarla müqayisədə 3-4 dəfə çox vəsait ayırır.
Səlim Müslümovun isə bütün eybəcərliklərin fonunda ona çalışır ki, pafosla danışıb insanlarda özü ilə bağlı savadlı, sahəsini yaxşı bilən, şəffaf işləyən, korrupsiyaya bulaşmayan, rüşvəti aradan qaldırmaq istəyən nazir obrazı yaratsın. Bu ona ilk növbədə ona görə lazımdır ki, toxunulmazlıq statusu əldə etsin və bundan sonra qurduğu korrupsiya şəbəkəsinin fəaliyyətini daha rahat şəkildə davam etdirə bilsin.
Bir şeyi hər kəsin bilməsi lazımdır ki, Səlim Müslümov pafoslu çıxışları sayəsində nə qədər çox şəffaf işləyən görüntüsü yaratmağa çalışırsa, bilin bir o qədər fəaliyyətində korrupsiyaya yol verir. Çünki görülən heç bir yaxşı işi xüsusi canfəşanlıqla təqdim etməyə, onu şişirtməyə ehtiyac olmur. Bir qayda olaraq, əgər ortada pafoslu təqdimetmə varsa, deməli arxasında heç də yüksək faydası olmayan iş durur. Bu barədə gözəl deyim də var: kimdə nə yoxdur, o, ondan daha çox danışır. Səlim Müslümov da korrupsiyaya qarşı mübarizədən ona görə daha çox danışır ki, çünki rəhbərlik etdiyi nazirlikdə korrupsiyaya qarşı mübarizədən əsər əlamət yoxdur, olan isə ancaq pafos hesabına qurulan antikorrupsiya şoularıdır ki, bu da qarnı tox olmayan, kasıb, real həyatda hər gün deyilənlərin əksi ilə rastlaşan insanlarda böyük qəzəb yaradır. Qəzəblənmiş insanlar yeganə çıxış yolunu küçəyə çıxıb etiraz etməkdə görməyə başlayırlar. Necə ki, respublikanın bir neçə rayonunda insanlar bunu etdilər. Bu ilk növbədə hakimiyyətin əleyhinə olan bir işdir ki, bu da hakimiyyətin nazir postunu həvalə etdiyi biri tərəfindən edilir.
Hakimiyyət qarşıdakı dövrlərdə buna oxşar hadisələrin baş verməsini istəmirsə, o halda bu sahədə baş verənləri bir daha nəzərdən keçirməlidir. Ən azı Səlim Müslümova xəbərdarlıq edilməlidir ki, şou və pafoslarını yığışdırsın, gördüyü xırda bir işi on dəfə şişirdərək pafosla cəmiyyətə təqdim edib, hakimiyyəti, deyilənlərlə bağlı fərqli reallıqlarla üzləşən insanların yanında fakt qarşısında qoymasın.
Səlim Müslümov nazir olan kimi elə bir antikorrupsiya şousu qurdu ki, insanlarda o ümid yarandı ki, qısa müddətdən sonra bu sahədə hər şey yaxşı olacaq. Amma illər keçdi, nəinki yaxşılığa bir şey dəyişmədi, əksinə bir çox məsələlər kasıb insanlar üçün daha pis oldu. Bax, belə olan halda, insanlar xəyal qırıqlığına uğradı. Onlarda inamsızlıq, hədsiz hiddət və nifrət yarandı. Səlim Müslümovun ancaq özünə xal qazanmaq məqsədi ilə etdikləri sayəsində vətəndaşların hakimiyyətə olan inamında dərin çat əmələ gəldi. Amma çox təəssüf ki, hakimiyyət hələ də bunun fərqində deyil.
İkinci bir misal. Səlim Müslümov nazir olan kimi ünvanlı sosial yardımla bağlı elektronlaşmanı ortaya atdı və 3 il dayanmadan onu pafosla cəmiyyətə təqdim etdi. İnsanlarda böyük illüziyalar yarandı. Amma nəticədə nə baş verdi? Məlum oldu ki, kasıb insanlar nahaq yerə Səlim Müslümovun dediklərinə inanıb ümidləniblər. Yeni qaydalar və elektronlaşma heç bir halda nəinki kasıbların xeyrinə olmadı, əksinə birmənalı olaraq onların əleyhinə oldu. Səlim müslümov özü insanların xeyrinə bir iş görmədiyi halda başqalarının gördüyü müsbət işi isə öz adına çıxarmağa çalışır. Cənab Prezident tapşırıq verdi ki, ünvanlı sosial yardımın verilməsindəki banklardan kredit götürdüyünə görə mövcud olan qadağa aradan qaldırılsin. Baxın Səlim Müslümov nə etdi? Ünvanlı sosial yardımın qaydalarındakı bir bənddə qadağa aradan qaldırıldı, demək olar eyni qadağa digər bəndə əlavə olundu. Yəni əgər ailə banklardan kredit götürübsə bu halda kreditə görə ailəyə yardım verilməsindən imtina olunmur, lakin həmin kreditin məbləği ailənin gəliri kimi hesablanır. Kredit ailənin gəliri kimi hesablandığından ailənin gəliri süni artırılır və bu halda ailədə adambaşına düşən gəlirin məbləği ehtiyac meyarının səviyyəsindən çox olduğuna görə ailəyə ünvanlı sosial yardım verilməsindən imtina olunur. Ya başı daşa vur, ya da daşı başa vur məsələsi. Bu insanları birbaşa ələ salmaq, onları aldatmaq deməkdir.
Kredit qadağasının aradan qaldırılmasına sevinən ailə yardım üçün müraciət edir. Təsdiq olunan yeni qaydaları əsas götürən nazirlik krediti ailənin gəliri kimi hesablayır və həmin ailəyə yardım verilmir. Aldadıldığını görən insanda narazılıq və hiddət yaranır. Bu isə böhran dövründə hakimiyyət üçün potensial təhlükə deməkdir.
İnsanları bu formada aldatmaqla, onları potensial narazı insanlara çevirmək hakimiyyətin marağında ola bilərmi? Fikrimcə əsla yox. Bəs nədən hakimiyyətin marağında olmayan bir işi Səlim Müslümov rahatca görür və buna görə ona nəinki gözün üstündə qaşən var deyən tapılmır, əksinə sahəsini bilən mütəxəssisdir deyib bəzən onu tərifləyənlər də olur? Fikrimcə sualın cavabı çox sadədir: pafos bütün eybəcərliklərə rəğmən öz işini görür. Nəinki savadsız və kəmsavad insanlar, hətta bəzi savadlı insanlar da Səlim Müslümovun ağ yalanlar üzərində qurduğu pafoslarının təsirinə düşür. Səlim Müslümov yalanı elə pafosla təqdim edir ki, insanlar fikirləşir daha bu qədər ağ yalan olmaz ki, yəqin həqiqətdir. Səlim Müslümov unutmamalıdır ki, hay-hayla gələn vay-vayla gedər.
Hakimiyyət fərqində olmalıdır ki, Səlim Müslümovun kasıbları aldadaraq, onların yardımlarını kəsmək hesabına bir neçə milyon manat pula qənaət olunması son nəticədə hakimiyyətin xeyrinə deyil, əksinə birbaşa ziyanınadır. Hakimiyyət üçün aldadılmış potensial narazı insanlar hesabına real təhlükələr yaradır. Bu ancaq Səlim Müslümovun xeyrinədir. Kasıbın boğazından kəsilən yardım hesabına vəsaitə qənaət olunmasını özünün qəhrəmanlığı kimi qələmə verir və buna görə alqış alır. İşini bilən adamdır deyib tərifləyəndən sonra isə Səlim Müslümov toxunulmazlıq statusu əldə etdiyini zənn edir və qurduğu korrupsiya şəbəkəsini rahatca genişləndirməklə məşğul olur.

Sosial müdafiə sahəsinin unikallığı

Hakimiyyət nəzərə almalıdır ki, sosial müdafiə sahəsi bütün digər sahələrdən əsaslı şəkildə fərqlənir. Pis müalicə alıb sağalmadığını görən insana yaxşı müalicə etdik, sağalmamağın yəqin başqa səbəbə görə olub desən bəlkə həmin insanı inandırmaq olar. Pis təhsil alıb ali məktəbə qəbul ola bilməyən insana yaxşı təhsil verdik, qəbul olmamağın yəqin başqa səbəbə görə olub desən bəlkə həmin insanı da inandırmaq olar. Fəaliyyəti şəffaf təşkil olanmayan işə qəbul komissiyasından keçib işə qəbul ola bilməyən yüksək biliyə malik insana qəbul obyektiv qiymətləndirmə əsasında aparılır, yəqin günah özündə olub desən bəlkə, onu da nəyəsə inandırmaq olar. Amma sosial müdafiəsini pis təşkil edib, yüksək səviyyədə hərtərəfli sosial müdafiənlə məşğuluq dediyin qarnı ac adamı nəyəsə inandırmaq mümkün olan bir iş deyil. Beləsini nəinki inandırmaq mümkün deyil, əksinə, inandırmaq istəyən tərəf bu cür insanlarda ancaq qəzəb və hiddət yaradır, hansını ki, Səlim Müslümov özünün əməlləri ilə ziddiyyət təşkil edən pafoslu danışıqları sayəsində böyük məharətlə edir.
Səlim Müslümovla Əjdər Cəbiyevin acıqlı siffətini görən insan çətin onların həqiqətən kasıbın halına “yanmasına” inansın. Əksinə, bu insanların xarici görünüşü insanlarda o qənaəti yaradır ki, belələri ancaq kasıb insanların qənimi ola bilərlər.

Azərbaycanda ünvanlı sosial yardım mexanizminin fəaliyyəti

Ünvanlı sosial yardım mexanizmi bazar iqtisadiyyatı şəraitində bölgü sistemindəki çatışmazlıqlar sayəsində əhalinin gəlirlərində baş verən bərabərsizliyin doğurduğu təbəqələşmə nəticəsində yaranan aztəminatlı ailələrin sosial müdafiəsini daha səmərəli təşkil etmək məqsədi ilə formalaşdırılan və həyata keçirilən xüsusi əhəmiyyətli bir vasitədir. Dünya ölkələrinin bir çoxunda bu və ya buna oxşar mexanizlər tətbiq olunur. Həmin ölkələrin təcrübəsi bu mexanizmin yüksək səmərəliliyini çoxdan təsdiq edib.
Azərbaycanda 21 oktyabr 2005-ci il tarixində “Ünvanlı dövlət sosial yardımı” haqqında qanun qəbul olunub. Nazirlər Kabinetinin 2 fevral 2006-cı il tarixli qərarı ilə “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası” təsdiq olunub. 2006-cı ilin iyul ayından ünvanlı sosial yardımların verilməsinə başlanılıb. 2008-ci ilin iyul ayına qədər yardım 6 ay müddətinə, sonrakı dövrdə isə 1 il müddətinə, 2015-ci ilin aprel ayından isə 2 il müddətinə təyin olunur. Ötən 10 il ərzində dövlət büdcəsindən ünvanlı sosial yardımların verilməsinə bütövlükdə 1,5 milyard manata qədər vəsait yönəldilib. 2013-cü ildə 590 min, 2014-cü ildə 625 min, 2015-ci ildə 415 min nəfər ünvanlı dövlət sosial yardımı alıb.
Ötən dövr ərzində ölkədə ünvanı sosial yardım mexanizminin kasıb insanların sosial müdafiəsində rolu kifayət qədər yüksək olub. Bununla yanaşı bu sahədə bir sıra neqativ hallara da yol verildi ki, bu da haqlı olaraq cəmiyyətdə narazılıqla qarşılandı. Ən böyük nöqsan rüşvət və korrupsiya ilə bağlı oldu. Aztəminatlı ailələrə təyin olunan yardımların bir neçə ayı məmurlar tərəfindən mənimsənildi. Bu sahədə rüşvətin aradan qaldırılması üçün bir sıra inzibati tədbirlər həyata keçirildi. Cəza tədbirləri tətbiq olundu, həbs olunanlar belə oldu. Amma nazirlikdə mövcud olan korrupsiya şəbəkəsi fəaliyyətini davam etdirdiyindən bu sistemdən rüşvət aradan qaxmadı. Necə ki, yeni nazir Səlim Müslümovun dövründə də analoji hadisələr baş verir.
Nəzarətsizliyin ucbatından rayonlarda bu yardım ərazi icra nümayəndələrinin biznes alətinə çevrildi. Bu isə böyük haqsızlığa və korrupsiyaya səbəb oldu. Təəssüf ki, buna qarşı heç bir tədbir görülmədi. Və beləcə ünvanlı sosial yardım mexanizminin şəffaflığı və səmərəliliyi baş verən eybəcərliklər sayəsində şübhə altına düşdü. Nazir dəyişdi. Yeni nazir Səlim Müslümov isə bu sahədə pafoslu danışıqlarından savayı heç bir əsaslı iş görmədiyinə görə həmin şübhə aradan qalxmadı. Əksinə, Səlim Müslümovun etdikləri sayəsində ümumiyyətlə bu mexanizm gözdən salındı. Səlim Müslümov Azərbaycanda belə bir mexanizmin ondan əvvəlki nazirin vaxtında qurulduğunu və fəaliyyətinin Dünya Bankı tərəfindən yüksək qiymətləndirilməsini heç cür “həzm” edə bilmir. Ona görə nazir olduqdan sonra bütövlükdə bu sistemin ləğvinə çalışdı, amma ölkə rəhbərliyinə bunun zəruriliyini sübut edə bilmədiyindən istəyi baş tutmadı. Dünya Bankı kimi mötəbər bir orqan da Səlim Müslümovun antixalq qərarına dəstək vermədi. Bu mexanizmi ləğv edə bilməyəcəyini yəqin etdikdən sonra başladı bu mexanizmi özünün fantaziyaları ilə eybəcər hala salmağa. Səlim Müslümovun ünvanlı sosial yardım mexanizminə vurduğu ən böyük zərbə ondan ibarət oldu ki, çıxıb yalandan dedi ki, bu sahədə mövcud olan rüşvət və korrupsiyaya qarşı mübarizə aparır. Bəzi insanlar da onun pafoslu çıxışlarına inanmağa başladılar. Nəticədə isə o baş verdi ki, bu sistemdən rüşvət və korrupsiya nəinki aradan qalxmadı, əksinə daha da çiçəkləndi. Belə olan halda çox haqsız və səhv olaraq o fikir yarandı ki, bəs bir halda ki, mübarizə aparılır, amma bu sistemdən rüşvət və korrupsiyanı aradan qaldırmaq mümkün olmur, o halda bu sistemin özünü ləğv etmək lazımdır. Bax bu fikri meydana gətirməsi Səlim Müslümovun dövlətə və cəmiyyətə qarşı etdiyi yumşaq desək ən böyük pisliklərindən biridir. Heç bir halda aztəminatlı əhali təbəqəsinin sosial müdafiəsində xüsusi rolu olan bir mexanizmi Səlim Müslümovun iddialarına və yalanlarına qurban vermək olmaz. Hər bir kəs bilməli və qəti şəkildə əmin olmalıdır ki, əgər istər əvvəlki nazirin, istərsə də Səlim Müslümovun vaxtında məhz nazirlikdəki onlar tərəfindən qurulan korrupsiya şəbəkəsi olmasaydı və real nəzarət olsaydı o halda ünvanlı sosial yardım mexanizmi çox şəffaf şəkildə fəaliyyət göstərəcəkdi. Ünvanlı sosial yardım sənədlərini qəbul edən işçi yardımın 3-4 ayını direktoruna, o da nazirliyə ötürməsə, heç bir halda yardımın 7-9 ayını mənimsəyə bilməz.
Cari ilin fevral ayında Nazirlər Kabineti tərəfindən Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik tərəfindən təqdim olunan ünvanlı sosial yardımla bağlı yeni qaydalar tətbiq olundu. Yeni qaydalar birmənalı olaraq aztəminatlı ailələrin əleyhinədir. Bu qaydaların tətbiqindən sonra əvvəllər ünvanlı sosial yardım alanların mütləq əksəriyyəti artıq təkrar yardım ala bilməyəcək. Bundan sonra Səlim Müslümov çıxıb pafosla bəyan edəcək ki, ünvanlı sosial yardımda şəffaflıq yaratdım, heç bir korrupsiya və rüşvət halı yoxdur. Təbii, yardım alan olmayacaqsa, onda rüşvət də olmayacaq. Həmin sistemdə Səlim Müslümovun birbaşa özünün əməllərinin nəticəsi olan rüşvət və korrupsiyanın mövcudluğu kasıbların yardımlarının kəsilməsinə heç bir halda əsas olmamalıdı. Amma reallıq ondan ibarətdir ki, dünya ölkələrinin sosial müdafiə sistemlərində özünü doğruldan səmərəli bir mexanizm kimi ünvanlı sosial yardım mexanizmi Səlim Müslümovun kaprizlərinin və iddialarının qurbanına çevrilib, tarixə qovuşmağa doğru gedir. Həqiqətən çox təəssüf ediləsi bir məsələdir.

Çıxış yolu nədədir?

Bəs belə vəziyyətdə hakimiyyət nə etməlidir? Yenə cavab çox sadədir: hakimiyyət qarşıdakı gözlənilən iqtisadi çətinliklər dövründə kasıb insanların sürpriz addımları ilə rastlaşmaq istəmirsə, o halda vaxt itirmədən sosial müdafiə sahəsini Səlim Müslümovun və Əjdər Cəbiyevin buxovundan azad etməlidir. Bu insanlar həmin sahədən uzaqlaşdırılmalı və onların yerinə pafosdan uzaq, cəmiyyətdə reputasiyası yaxşı olan real adamlar təyin olunmalıdır. Həmin insanlara da yazıda qeyd olunanlar xatırladılmalı və deyilməlidir ki, ictimaiyyət qarşısında sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərə uyğun çıxışlar etsinlər, insanları boş və yalan vədlərlə ümidləndirib, onlarda xəyal qırıqlığı və narazılıq yaratmasınlar. Hakimiyyət bunu edəcəyi halda özünü də potensial təhlükələrdən sığortalaya bilər. Kasıb insan bilsə ki, ümumi iqtisadi problemlər fonunda onun da sosial müdafiəsində müvəqqəti çətinliklər yaranıb, o bunu anlayışla qəbul edəcəkdir. Yoxsa ki, insanların nifrətini qazanan Səlim Müslümov nazir qalaraq çıxıb pafoslu çıxış etsə və insanlar real həyatlarında deyilənlərin əksi olaraq fərqli reallıqlarla üz-üzə qalsa, o halda insanlarda ancaq hiddət yaranacaqdır ki, bunun da ən böyük ziyanı hakimiyyətə dəyə bilər. Buna görə də yaxşı olar ki, mövcud vəziyyət vaxtında düzgün qiymətləndirilərək qeyd olunan tədbirlər həyata keçirilsin.

Cavid Əliyev/Dia.az

www.yenicag.az

1310