Reklam

Reklam

“Azərbaycanda bir neçə məhkəmə sədrinin də səlahiyyəti vaxtından əvvəl dayandırılıb”.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ölkədə məhkəmə hakimlərinin fəaliyyətini yenidən diqqət mərkəzinə gətirib.

Fəaliyyətlərində ciddi nöqsanlara yol verən hakimlərin cəzalandırılması tendensiyasının nə qədər davamlı olacağı ilə bağlı Yenicag.az-a danışan millət vəkili Aydın Mirzəzadə bu kimi hallara qarşı müntəzəm tədbirlər görüldüyünü deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda hakimlərin fəaliyyətində müəyyən çətinliklər yaradan obyektiv səbəblər də var:

“Hakimlərin səlahiyyətlərinə xitam verilməsi proseduru haqqında mütəxəssislər daha dəqiq danışa bilərlər. Ancaq ölkədə məhkəmə hakiminin səlahiyyətinin dayandırılması ilk dəfə deyil. İndiyə kimi dəfələrlə bu və ya digər rayon, şəhər məhkəmələrinin, hətta respublika əhəmiyyətli məhkəmələrin hakimlərinin də səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması halları olub. Bir neçə dəfə isə məhkəmə sədrinin də səlahiyyətinə vaxtından əvvəl xitam verilib.

Açıqlanmasa da, mütəmadi buraxdığı səhvlər o deməkdir ki, hakim üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib. Yaxud da, qərarların qəbulunda və ya vətəndaşlarla işdə qəbul olunmuş qaydalara riayət etməyib.

Bir tərəfdən hakimlər öz fəaliyyətlərində müstəqildirlər, amma digər tərəfdən Məhkəmə-Hüquq Şurası onların fəaliyyətinə nəzarət edir. Ən əsas nəzarətçi isə xalqdır. Əgər hansısa hakimin fəaliyyətindən çox sayda şikayətlər varsa, o məlumatların doğruluğu Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılır.

Səhv etmirəmsə, hazırda Azərbaycanda təqribən 1000-ə yaxın hakim var. İl ərzində onlardan cəmi bir neçəsinin fəaliyyətinin dayandırılması onu göstərir ki, hakim korpusu öz üzərinə düşən vəzifənin öhdəsindən gəlir. Bu, başqa cür ola da bilməz.

Çünki Azərbaycanda 20 il əvvəl həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində üçpilləli məhkəmə sisteminin yaradılması, eyni zamanda, hakimlərin fəaliyyətinin şəffaflığı, ictimai nəzarətin təşkili ona gətirib çıxarıb ki, hakimlər öz fəaliyyətlərini bu tələblərə uyğun qaydada qururlar.

Həmçinin hakimliyə qəbulun test üsulu ilə aparılması, onların hakim təyin olunana qədər 2 il müddətinə nəzəri və praktiki təcrübə keçmələri fəaliyyətləri zamanı doğru qərar qəbul etmələri baxımından böyük əhəmiyyət daşıyır.

Ancaq bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan hər 100 min nəfərə düşən hakim sayına görə Avropa ölkələrindən 2-3 dəfə geri qalır. Ona görə də, Azərbaycanda hakimlərin bir ay ərzində baxdıqları işlərin həcmi həddindən artıq çoxdur. Belə bir şəraitdə səhvsiz işləmək böyük bir şücaətdir. Lakin bu, o demək deyil ki, biz ölkədə hakimlərin sayını mexaniki surətdə artıraraq, Avropa ölkələrinə uyğunlaşdırmalıyıq. Bu iş tədricən, gənc və hazırlıqlı hüquqşünasların prosesə cəlb edilməsi ilə həyata keçirilməlidir”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 775
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."