Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancının sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkilləri ilə bağlı məsələyə münasibət bildirilib.
Yenicag.az xəbər verir ki, o sosial mediada paylaşılan şəkillər və videoların iyunun 13-də çəkildiyini qeyd edib:
“COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər. İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib. Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”.