Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.
Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 16-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-19, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, noyabrın 22-də hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.