“Hazırki nazirlərin xeyli hissəsi gedə bilər” – Deputat

Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur və kadr islahatları gözlənilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib.

İlham Əliyev idarəetmədə strukturun köhnəldiyini deyərək, daha çevik idarəetmə strukturunun yaradılacağının anonsunu verib. Prezident bildirib ki, struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.

Prezidentin struktur və kadr islahatı anonsu ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, prezidentin çıxışından proqnozlaşdırma aparmaq mümkün deyil:

“Prezident hansı qurumların ümumiləşdirilməsini məsləhət bilsə, orada islahatlar aparılacaq. Bütövlükdə bununla bağlı proqnoz vermək çətindir. Prezident hansı sahəni qüsurlu görürsə, orada islahat aparılacaq. Bunlar dəqiqləşməlidir”.

Hansısa nazirlərin postunu itirəcəyi iddiasına gəldikdə isə deputat bunları deyib:

“Son dönəmlər bir neçə nazir vəzifəsindən azad edildi. İndi də istisna deyil ki, hazırki nazirlərin xeyli hissəsi gedə bilər”.

Səxavət Məmməd