“Heç sovet dövründə də xürafat, cəhalət belə təbliğ olunmurdu” – Millət vəkili telekanalları topa tutdu
Milli Məclisin bugünkü iclasında mənəvi dəyərlər adı altında xürafatın təbliğ olunması kəskin pislənildi.
Yenicag.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü iclasındakı çıxışında telekanalların elm xadimlərini deyil, xürafatı təbliğ etdiklərini deyib.
“Bir neçə gün əvvəl dövlət kanallarının birində milli dəyərlərimizə həsr olunmuş veriliş yayımlandı. Həmin verilişdə İmamzadə və başqa ziyarətgahların dövlət hesabına təmir olunub, abadlaşdırılmasından danışılırdı. İnsanlarımızın inancını nəzərə alsaq, bu, müsbət haldır. Ancaq həmin verilişdə bu məsələlər hər bir vətəndaşın ziyarətgahlara getməsi, nəzir verməsi kimi təlqin olunurdu. Bu, təəssüf doğuran haldır. Heç sovet dövründə də cəhalət, xürafat belə təbliğ olunmurdu. Telekanallarımız milli dəyərlər adı altında elm, elm xadimlərini təbliğ etməlidirlər, cəhaləti yox. Bu çıxışlardan sonra az qala belə bir təəssürat yaranır ki, az qala bütün universitetlərin həyətində bir ziyarətgah açılmalıdır. Dediklərim tək İTV-yə aid deyil. Digər kanallarda da belə təbliğat aparılır. Buna mütləq son qoyulmalıdır”.
Araz Zeynalov