“Həkimlər xəstələrdən “intiqam” alır” – Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır – MÜSAHİBƏ

– 40 yaşından yuxarı qadınların və kişilərin profilaktik olaraq onkoloji müayinədən keçməsinə nadir hallarda rast gəlmişəm.

– Genetik Modifikasiya Olunmuş (GMO) malların ölkəyə idxalına dövlət səviyyəsində qadağa qoyulsa da, bu mallar müxtəlif yollarla Azərbaycana gətirilir.

– Vətəndaş qəbul etdiyi ərzağın, içdiyi çayın, uşağına aldığı oyuncağın və paltarın standarlara uyğun olub-olmamasını tələb etməlidir.

– Həkimlər hökumətə etiraz etmək əvəzinə xəstələrdən “intiqam” alır.

Xərçəng Azərbaycanda qrip kimi yayılıb.

Son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayında ciddi artım hiss olunur. Demək olar ki, hər gün sosial şəbəkələrdə xərçəngdən əziyyət çəkənlərə yardımla bağlı kampaniyalar aparılır.

Məsələni dəqiqləşdirmək üçün tibb sahəsi üzrə ekspert Səxavət Əlisoya suallar ünvanladıq.

Yenicag.az Səxavət Əlisoyla müsahibəni sizə təqdim edir:

– Son zamanlar xərçəng xəstəliyi ölkədə qrip virusu kimi yayılıb. Bunun səbəbi nədir?

– Dövlət Statistika Komitəsinin 2017-ci il hesabatına görə, Azərbaycanın müalicə müəssisələrində 45756 onkoloji xəstə qeydiyyatdadır. Təbii ki, onkoloji xəstələrin sayı daha çoxdur. Azərbaycan vətəndaşlarının sağlamlığına olan münasibətini göz önünə gətirin. Mental xüsusiyyətimizdir, biz, yalnız vəziyyətimiz ağırlaşanda, xəstəliyimiz kəskinləşəndə həkimə müraciət edərik. Ölkə əhalisinin çox az bir qismi profilaktik müayinədən keçir. Bunu öz təcrübəmdən deyirəm, 40 yaşından yuxarı qadınların və kişilərin profilaktik olaraq onkoloji müayinədən keçməsinə nadir hallarda rast gəlmişəm. Qadınlarda süd vəzilərinin xərçəngi, kişilərdə prostat vəzinin xərçəngi daha geniş yayılıb. 40 yaşına çatmış hər bir sağlam qadın ildə iki dəfə süd vəzilərinin xərçənginə görə müayinədən keçməlidir. 40 yaşına çatmış kişilər də ildə iki dəfə prostat vəzini müayinə etdirməlidir. Vaxtında aşkar olunan xərçəngin qarşısını almaq daha asan olur və erkən formada xəstəlik müalicə nəticəsində aradan qalxır. Çox təəssüf ki, orqanizmə olan biganə münasibətə görə xərçəngin artıq ağırlaşdığı, yəni, metastaz verdiyi stadiyalarda həkimə müraciət olunur.

Xərçəngin artmasına təsir edən faktorlardan biri qidalanmadır. Tərkibində kansoregen olan qidalar, kolbasa və konserv məmulatları, hisə verilmiş ət məhsulları və sairin davamlı olaraq orqanizmə qəbulu xərçənglə nəticələnə bilər. Acınacaqlı haldır ki, Ərzaq Təhlükəsizliyinə xalq olaraq ciddi önəm vermirik, Genetik Modifikasiya Olunmuş (GMO) malların ölkəyə idxalında çox ciddi problemlər mövcuddur. Genetik Modifikasiya Olunmuş (GMO) malların ölkəyə idxalına dövlət səviyyəsində qadağa qoyulsa da, bu mallar müxtəlif yollarla Azərbaycana gətirilir. Ölkə daxilində də GMO məhsulları toxumçuluqda və əkinçilikdə istifadə olunmaqdadır. Sadə, xalq dilində deyirəm, bizim vətəndaşların böyük əksəriyyətini qəbul etdiyi meyvə-tərəvəzin, ərzağın ekoloji təmizliyindən daha çox qiymətinin ucuz olması maraqlandırır. Bunun da səbəbləri hər kəsə bəllidir. Bu gün Avropanın əksər ölkələrində uşaqlara Çin istehsalı olan zərərli kimyəvi məhsullardan hazırlanmış oyuncaqlarla təmasda olmağı yasaqlayırlar. Məktəb yaşlı uşaqların geyiminin, dərs vəsaitlərinin standartlara uyğunluğunu ciddi yoxlayırlar. Bizdə necədir? Xaricdən idxal olunmuş, yaxud özümüzün istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsullarımız hansı laboratoriyada müayinə olunur? Olunursa, əhaliyə məlumat verilirmi? Bir misal göstərim. Azərbaycanda təxminən bir milyona yaxın uşağa (1-6 yaş) oyuncaq alınır. Bu oyuncaqların tamamı Çindən gətirilir və heç bir ciddi yoxlamadan keçmədən əhaliyə satılır. Körpə uşaqların zərərli kimyəvi məhsullardan istehsal edilmiş oyuncaqlarla günlərlə, illərlə təmasda olması onların sağlamlığını təhlükə altına qoyur.

Xərçəngin artmasına təsir edən səbəblərdən biri də ekologiyadır. Azərbaycanın bərbad ekoloji durumu başqa bir söhbətin mövzusudur. Nəfəs aldığımız hava, içdiyimiz su, həddən ziyadə gübrələnmiş torpaq xərçəngin yaranması üçün münbit şərait yaradır.

Xərçəngin yayılmasında həm də psixoloji faktor mühüm rol oynayır. Maddi imkansızlıqdan, işsizlikdən yaranan depressiya orqanizmin müqavimət qabiliyyətinə, immun sistemə öldürücü zərbə vurur.

– Xərçəngin çox yayılması qəsdən təşkil edilə bilər?

– Suala cavab üçün ciddi elmi və hüquqi araşdırma gərəkdir. Ancaq onu demək olar ki, GMO məhsullarının ölkəyə idxalı əhaliyə qarşı yönəlmiş bir cinayətdir və bu məsələdə dövlətin xüsusi qurumları sözünü deməlidir.

Vətəndaş isə, qəbul etdiyi ərzağın, içdiyi çayın, uşağına aldığı oyuncağın və paltarın standarlara uyğun olub-olmamasını tələb etməlidir.

– Onkologiyada bəzən səhv diaqnozlar da qoyulur, insanlara qəsdən kimyəvi terapiya edilir. Buna münasibətiniz?

– Bu fakt zaman-zaman ortaya çıxır. Mətbuat yazır. Həkim olduğuma görə bəzi məqamlara toxunmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, bizim tibb işçiləri humanizmdən xeyli uzaq düşüb. Həkim üçün xəstə müştəriyə çevrilməməlidir. Təəssüf ki, hökumətin həkimlərə verdiyi maaş onun yeməyinə zorla çatır. Və həkimlər hökumətə etiraz etmək əvəzinə xəstələrdən “intiqam” alır.

Sivil dünyanın hər yerində həkimlər yüksək maaş alır. Və o yüksək maaş da yüksək məsuliyyət tələb edir həkimdən. Səhv diaqnoz qoymağa Avropada da rast gəlinir, lakin orada bu, nadir hallarda olur. Bizdə isə, bir xəstə 5 həkimə müraciət edərsə, 5 fərqli diaqnozla rastlaşa bilər. Səhiyyədə ciddi islahat getməlidir. Bu islahatı Səhiyyə Nazirliyi yox, dövlət həyata keçirməlidir. Ayrıca götürülmüş bir nazirlikdə heç bir islahat mümkün deyil. Gürcüstan nümunəsi ortadadır. Gürcüstan dövlət olaraq islahatlara getdikdən sonra səhiyyəsi ciddi irəliləyişə nail oldu.

– Bu xəstəlikdən qurtulmağın yolları nədir?

– Xərçəng xəstəliyinə dünyanın bütün ölkələrində rast gəlinir. Hətta inkişaf etmiş Qərb ölkələrində belə bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Ancaq o ölkələrdə xərçəng vaxtında aşkar olunur və buna görə də vaxtında təyin olunmuş müalicə effekt verir. Qərbdə xərçəng diaqnozu qoyulmuş xəstələrin əksəriyyəti 15-20 il, ya daha çox yaşayır. Digər tərəfdən bu xəstələrin hamısının müalicəsi dövlət hesabına həyata keçirilir. Bizdə isə, yüksək səviyyəli Onkoloji Mərkəz olsa da, xəstələrin tam olaraq, dövlət hesabına müalicəsi hələki reallaşmır.

– Səhiyyə nazirliyi hansı işləri görməlidir. Görürmü? Görmürsə niyə?

– Yuxarıda qeyd etdim, Səhiyyə Nazirliyi ciddi islahatlar aparmalıdır. Daha doğrusu, öncə nazirliyin özündə islahat getməlidir. Ölkədə 30 mindən artıq həkim var və təsəvvür edin ki, bu həkimlərin təxminən 20 faizi şöbə müdiri, baş həkim müavini və baş həkimdir. Başqa sözlə hər 5 həkimdən biri vəzifə sahibidir. Bu, çox komikdir.

Avropanı demirəm, eynən Gürcüstanda tətbiq olunmuş səhiyyə modeleni təkmilləşdirərək islahatlara getmək lazımdır. Səhiyyə Nazirliyi istəsə belə təkbaşına ciddi islahata nail ola bilməz. Dövlətin bir qurumunda rüşvət və korrupsiya varsa, o səhiyyədə islahatlara əngəl olacaq. Dövlət yalnız bütün qurumlarında korrupsiyanın, rüşvətin kökünü kəsdikdən sonra, monopoliyaya son qoyduqdan sonra səhiyyədə islahat apara bilər. Bu proses bu gün getməsə də, sabah baş verəcək.

Səxavət Məmməd

COP29