!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimlərə nə vaxt arxa duracaqsan, Səhiyyə Nazirliyi?! - Könül Cəfərli yazır

!Reklam – Yazi

Mediada dezinformasiyanın yayılmasının bir neçə səbəbi var.

Məsələn:

– Xəbər jurnalistikasını, jurnalist etikasını bilməyən savadsız jurnalistlər;

– “Maşa”lıq edib onun-bunun yazdığı hazır mətnləri öz araşdırması kimi təqdim edən saxta və “reket” jurnalistlər;

– Sırf reytinq üçün hər yalanı tirajlamağa hazır olan içiboş saytlar;

– Kimisə qaralamaq üçün pul alıb sifarişlə xəbər yazdıran baş redaktorlar;

– Və mətbuat xidməti zay gündə olan rəsmi qurumlar, nazirliklər.

Sonuncunun üzərində dayanaq. Ölkəmizdə mediadan uzaq qaçan, varlığı ilə yoxluğu bilinməyən, adı olub, özü olmayan, ən bərbad gündə çalışan mətbuat xidmətlərindən biri SƏHİYYƏ NAZİRLİYİndədir!

Ölkədə günlərdə həkimlərlə bağlı həngamə qopur, elə bil bunlara dəxli yoxdur. Bilən də, bilməyən də, hərə əlinə bir balta götürüb, düşüb həkimlərin canına. Mətbuatda haqlı-haqsız həkimlər haqqında həftələrdir, mənfi məzmunlu xəbərlər yazılır, Azərbaycan həkimi “linç” edilir, ictimai nüfuzu zədələnir, qara “piar” aparılır. Di gəl Səhiyyə Nazirliyindən səs çıxmır. Elə bil Azərbaycan həkimlərinin bu nazirliyə heç bir dəxli yoxdur.

Aidiyyəti qurum medianı informasiyaya “ac” qoyanda orada dolaşan dezinformasiya daha da çoxalır. Günlərdir, plastik cərrahların sertifikasiyası mövzusunda xəbərlər yayılır. Dünəndən neçə həkimin adı hallanır, yazılar dərc olunur. Xəbəriniz yoxdurmu? Çətindir sertifikasiyası ləğv olunan plastik cərrahların siyahısını hissə-hissə dərc etmək? Edə bilmirsinizsə, göndərin biz edək.

O boyda rəsmi saytınızda gün ərzində 1-2 xəbər dərc olunur. Səhiyyə kimi ölkənin önəmli sektorunda mövzu qıtlığı yaşayırsınız? Axır ki, sertifikasiya ilə bağlı bu gün kiçik bir yazı yerləşdiribsiniz ki, nəticəni gözləyin. Yaxşı, gözləyək. Bəs konkret həkimlərin adı necə mətbuata sızır? Kim sızdırır? Hansı məqsədlə? Adı hallanan tanınmış həkimlərin işgüzar nüfuzuna vurulan zərərləri kim kompensasiya edəcək?

Son dövrdə zədələnən həkim imicini bərpa etmək üçün xüsusi bir proqramın varmı, Səhiyyə Nazirliyi? Məsələn, həkim peşəsinin əhəmiyyətini, çətinliyini əks etdirən sosial çarxlar, televiziya filmləri, silsilə süjetlər niyə hazırlamırsınız? Nəyi gözləyirsiniz? Azərbaycan həkiminin olan-qalan bütün nüfuzunun, ictimai etibarının tamam sıfıra enməyinimi?

AZƏRBAYCAN HƏKİMİNİ QORUMAQ ÜÇÜN NƏ EDİRSƏN, SƏHİYYƏ NAZİRLİYİ? Kim sahib çıxacaq doktorlara? Susduqca həm özünün, həm də Azərbaycan həkiminin nüfuzunu yerlə-yeksan edirsən. Xəbərin varmı?

www.yenicag.az

218
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv