!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter qəzasının Zəngəzurla bağı və Rusiyanın kiçik həmləli böyük planı - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 zabitimiz şəhid oldu.

Hadisənin səhəri günü Bakının mərkəzində aksiya təşkil olundu və Tofiq Yaqublu döyüldü. Demirəm, bunlar gündəm olmayacaq məsələdir, ancaq ölkənin acılı gündəmi zamanı Rusiya “sülhməramlılar”ı vaxt tapıb Xankəndidə separatçılarla birlikdə dəniz rəssamı İvan Aivazovskinin büstünün açılışında iştirak ediblər. Büstün müəllifi rus heykəltəraş Mixail Serdyukovdur.

İvan Aivazovski milliyətcə erməni olub və əsərlərinin böyük hissəsi İstanbulun dəniz mənzərələrinə həsr olunub. Belə birinin Xankəndində büstü niyə açılsın? Komplo nəzəriyyələrini sevmirəm. Ancaq bunu sevənlərin xurcununa, “Burada Türkiyəyə də mesaj var” cümləsini qoyub, keçirəm digər məsələlərə.

Noyabrın 30-da baş verən hadisə ilə bağlı Azərbaycanda “Qaraheybət”ə qarşı “Qarakənd” bənzətməsi edildi. Hər iki hadisə noyabr ayında baş verib. Biri 1991-ci ilin 20 noyabrında, digəri isə 2021-ci ilin 30 noyabrında və hər ikisi də helikopterdə. Birincidə siyasətçilər, son hadisədə isə ölkənin ən yaxşı pilotları, şturmanları şəhid oldu. O pilot və şturmanlar ki, 44 günlük Vətən müharibəsində An-2 təyyarələri ilə uçuşlar həyata keçirib, erməni tərəfinin hava hücumundan müdafiə sistemlərini özlərinə kilidlədərək katapult edirdilər. Erməni tərəfinin bir gündə 60-a yaxın hava hücumundan müdafiə sisteminin məhv olunmasında iştirak etmişdilər.  Onlar bunu bacarmışdılar. Şəhid olanlardan 5-i fəxri ad və medallarla mükafatlandırılmışdı. Yəni DSX aviadəstəsinin beli qırılmış sayıla bilər.

Bənzətmə edənlər bir şeyi unudub. Ölkədə ən çox müzakirə olunan məsələ Zəngəzur dəhlizidir. Azərbaycan tərəfi bu dəhlizlə bağlı konkret mövqe sərgiləyir, deyir ki, açılacaq.

Zəngəzur Ermənistana nə vaxt verilib? 1920-ci il noyabrın 30-da. Komplo nəzəriyyəçiləri üçün daha bir nemət. Daha geniş düşünmələri üçün: Rusiyanın sərhədlərin delimitasiya və demarkasiyasında iştirak etmək arzusu da var. Çox gözəl material alına bilər…

Keçək digər məsələyə. Rusiya sülhməramlıları Qarabağda mandatlarına uyğun davranmırlar. Bu heç kimə sirr deyil. Əslində, o ordunun heç sülhməramlı mandatı da yoxdur. Sözün əsl mənasında, işğalçı siyasəti həyata keçirirlər. Rəsmi olaraq torpaqları erməni işğalından azad etdiyimiz deyilir. Bu fikirlə razıyam. Ancaq bunun bir “əmma”sı var. Qarabağın dağlıq hissəsinin böyük hissəsi əl dəyişdirdi. Ermənistanın əlindən Rusiyanın əlinə keçdi. Toplananların yeri dəyişəndə cəm dəyişmir. İşğalçının adı dəyişib, ərazi bütövlüyü isə tam deyil. Yəni bəyanatların “erməni işğalından azad etmişik” hissəsi düzdür.

Rusiya kilsə tikir, rus dahilərinə Xocalıda, rəssamına isə Xankəndidə büst qoyur.

Bura qədər oxuyanlar hamısı deyəcək ki, bunları bilirik də, niyə yazmısan və biz bunları niyə oxuyuruq. Haqlısınız. Ancaq bura qədər oxuyanlar bir qədər də səbr edib oxusalar, niyəsini öyrənəcəklər.

Bir müddət əvvəl Rusiyanın Azərbaycana qarşı psixoloji müharibə apardığını yazmışdım. Yazıda açıq şəkildə qeyd etmişdim ki, burada məqsəd bezdirmək və tale ilə barışdırmaqdır. Əslində, düşünürdüm ki, bu bir qədər vaxt alar, dirəniş olar. Görünən odur ki, hər kəs əlini üzüb. Əvvəl belə bir hadisə olanda ən azı sosial şəbəkədə reaksiyalar görürdük. İndi bu məsələ ilə bağlı cəmi bir etiraz gördüm.

Xankəndidə baş verən büst açılışı ilə bağlı bir neçə partiya sədrinə zəng etdim. Hamısının fikri belə oldu: “Daha münasibət bildirməkdən yorulmuşuq”, “Bezmişik”, “Eyni şeylərə nə qədər cavab verək?”. Bax bunu nəzərdə tuturdum. İnsanları təxminən bənzər şeylərlə sınayacaqlar, münasibət bildirməkdən bezdirəcəklər və nəticədə barışacaqlar, alışacaqlar. Rusiya gələcəkdə bir neçə belə büst açılışı edəcək. Nəbz yoxlayacaq. Görəndə ki, heç bir reaksiya yoxdur, başqa şeylərə keçəcək. Deyənlər olacaq ki, bunlara dövlət reaksiya verməlidir. Təəssüflər olsun ki, bundan əlimi üzmüşəm.

Qarabağın daxili müzakirə olunmur, baş verənlərə reaksiya verilmir. Bəli, deyəcəklər ki, Azərbaycan böyük oynayır, sərhədə önəm verir, dəhlizin açılması üçün çalışır. Əla! Ancaq hiss etmirisiniz ki, Rusiya daha böyük oynayır? Kiçik, bezdirici həmlələrlə gələcəyə yatırım edir?

Belə bir misal var: Alışmış qudurmuşdan betərdir. Rusiya belə oyunlara alışıb. Qudurmuşdan betərini də göstərəcək.

www.yenicag.az

1456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv