!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər keçən gün sürətlənən BÖYÜK QAYIDIŞ: Vətəndaşların Qarabağa dönüşü necə təmin edilir? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycan xalqı ilə dövlətin birliyi hərbi və diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq Qarabağ zəfərini bizlərə ərməğan etdi.

Ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması ilə ən böyük qalibiyyəti qazandıq. Regional mərkəz kimi Azərbaycanın rolunu daha da gücləndirəcək faktorlardan biri də məhz Qarabağın işğaldan azad olunması və yenidən dirçəldilməsidir. Əldə etdiyimiz qələbədən cəmi üç il kimi qısa müddət keçməsinə baxmayaraq, böyük işlər görülüb. Mədəniyyət mərkəzimiz Qarabağ yenidən qurulacaq və keçmiş günlərində olduğu şöhrəti bərpa ediləcək.

Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Qarabağ zəfərindən sonra Azərbaycanın qarşısında duran prioritet məsələ öz dədə-baba yurdlarından köçkün düşən vətəndaşların torpaqlarına qayıtması idi:

“Erməni işğalından azad edilən torpaqlarda daşın daş üstə qalmadığını, flora və faunın məhv edildiyini, tarixi və dini tikililərin amansızlıqla dağıdıldığını, bir sözlə Qarabağın viran edildiyini gördük. Belə olan halda, bərpa-quruculuq işləri ilə Qarabağın cənnət məkana çevrilməsi üçün külli miqdarda vəsaitin lazım olduğu danılmaz faktdır. Bu işlərin ləngiməsinə səbəb olan əsas amillərdən biri isə ərazilərin mina terroruna məruz qalmasıdır. Lakin Azərbaycan dövləti bu işin öhdəsindən gələ bildi.

Qarabağda infrastruktur layihələri uğurla icra olunur, yollar-körpülər salınır, eyni zamanda, beynəlxalq hava limanları istifadəyə verilir. Görülən işlərlə yanaşı, yaşayış massivləri salınır, ağıllı kənd-şəhər proyektləri həyata keçirilir. Habelə əhalinin gəlir əldə etməsi üçün iş yerləri açılır. Çünki torpaqları geri qayıdan vətəndaşların məşğulluğunun təmin olunması vacib amillərdən biridir.
Artıq bir zamanlar öz yurd-yuvalarından köçkün düşən beş mindən çox vətəndaş yeni qurulan yaşayış massivlərinə geri qayıdıb. Bu isə qısa müddət ərzində çox böyük işlər görüldüyünün sübutu olaraq hər birimiz üçün sevindirici haldır. Həmçinin yaxın gələcəkdə Xocalı, Xankəndi və Şuşa şəhərlərinə də “Böyük Qayıdış” prosesi çərçivəsində əhalinin geri qaytarılması nəzərdə tutulub. Əlavə olaraq, bütün bu işlərin Azərbaycanın öz hesabına görüldüyünü xüsusilə qeyd etmək lazımdır. Qarabağın cənnətməkana çevrilməsi ilə bütün məcbur köçkünlər öz dədə-baba yurdlarına qayıdacaq, Azərbaycan iqtisadiyyatı daha da güclənəcək”.

Politoloq Abutalıb Səmədov isə Yenicag.az-a bildirib ki, 30 il öncə yurdlarından köçkün düşənlərin bu gün işğaldan azad olunan Qarabağa qayıtması qarşıda duran əsas məsələlərdən biridir:

“Erməni işğalının nəticəsi olan mina terroru və dövlətimizdən asılı olmayan bir sıra digər məsələlər “Böyük Qayıdış”a müəyyən əngəllər yaratsa da, məqsədimizə çatacaq, Qarabağı tamamilə bərpa edəcək, həmin ərazilərə yenidən həyat verəcəyik. Bəzi hesablamalara görə Qarabağın tamamilə minadan təmizlənməsi üçün 20-25 il vaxt lazımdır. Buna baxmayaraq, beynəlxalq yardım ala bilməməyimiz təəssüf edici məqamlardan biridir.

Həmçinin Qarabağda bərpa-quruculuq işləri çərçivəsində, bir-iki obyekti çıxmaq şərti ilə, görülən işlərin hər biri sırf Azərbaycanın öz vəsaiti hesabına həyata keçirilib. Vədlərə baxmayaraq, donorlar hələ ki ortada yoxdur. İşğaldan azad olunan ərazilərdə həyatın yenidən canlandırılması istiqamətində görülən işlərə vətəndaşların da cəlb olunması üçün müəyyən şərait yaradılacaq. Eyni zamanda, ermənilərin son köçünün nəticəsi olaraq boş qalan evlərin də həmvətənlərimizə veriləcəyi şübhəsizdir.

Ümumilikdə götürsək, Qarabağda çox böyük işlər görülüb. İndidən sonra da bu ərazilərin canlandırılmasında bizimlə əməkdaşlıq etmək istəyən ölkələrlə münasibətlər qurulmalı, razılaşmalar əldə edilməli, görüləcək işlər daha da sürətləndirilməlidir. Azərbaycan üçün başlayan yeni dövrdə məcburi köçkün vətəndaşlarımızın öz vətənlərinə köçürülməsi prosesi daha da sürətləndiriləcək”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

2120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv