!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi hissə - 1-ci Ordu Korpusu – Müdafiə Nazirliyi... “Bermud üçbucağı”nda “batan” sənəd - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Müharibə bitsə də, bəzi problemləri hələ də qalmaqdadır. Müharibədən sonra problemləri aradan qaldırmaq üçün Müdafiə Nazirliyində komissiya yaradılıb. Nazirlik hətta açıqlama yaydı ki, problemləri ictimailəşdirməyin, komissiyaya müraciət edin, məsələ öz həllini tapacaq.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində həqiqi hərbi xidmətdə olanlar və qismən səfərbərliyə cəlb olunanlarla yanaşı, çox sayda könüllü vətəndaş da ərazilərimizin işğaldan azad edilməsi uğrunda vuruşub.

Müharibənin gedişində Ağdam rayonundan olan 44 nəfər könüllü döyüşçü adıçəkilən rayonun ərazisindəki N saylı hərbi hissənin 12 postunda xidmət keçiblər. Düzdür, onların hər biri ilk gündən son günə qədər döyüşlərdə iştirak etməsə də, böyük əksəriyyəti hər gün postlarda düşmənlə üz-üzə dayanıb.

Şəxsi müşahidələrmə görə, 44 gün ərzində hər gün saat 15:00-da könüllülərin postları müəyyənləşdirilib, saat 16:00-da postlara çıxılıb. Həmin döyüşlər zamanı Ağdam rayonundan olan könüllülər qrupundan Müşfiq Abbasov və Elmir Əliyev şəhid olub, Mürsəl Abbasov isə posta düşən minaatan mərmisi nəticəsində yaralanıb.

Elmir Əliyevin maşını şəhid olmazdan bir gün əvvəl minaatan mərmisi nəticəsində xəsarət almışdı. Mürsəl Abbasov şəxsən mənim gözümün qarşısında yaralandı. Yaralanma anında düşmən tərəfi posta ən azı 30-dan çox minaatan mərmisi atdı. Xoşbəxtlikdən Mürsəl Abbasovdan başqa ciddi xəsarət alan olmadı.

Çox maraqlıdır, 44 gün ərzində döyüşlərdə iştirak edən könüllü döyüşçüləri niyə müharibə iştirakçısı kimi qeydiyyata almırlar?

Sözügedən könüllü döyüşçülər qrupunun üzvləri tərkibində xidmət etdikləri N saylı hərbi hissənin komandiri Rəhim Rzayevdən onlara niyə müharibə iştirakçısı statusunun verilmədiyi soruşduqda absurd cavabla qarşılaşıblar: “Gəlib, öz torpağınız uğrunda döyüşmüsünüz də”.

Rəhim Rzayev haqlıdır, onsuz da könüllülər torpaq, vətən uğrunda döyüşürdülər. Məsələ ondadır ki, həmin könüllülərin heç biri nə avara deyildi, nə də küçədə yatan. O adamlar iş-güclərini atıb, ölümü göz önünə alaraq döyüşə atılmışdılar.

Ölkə prezidentinin qərarı da var idi ki, döyüşlərə cəlb olunan işləyən vətəndaşların maaşları olduğu kimi veriləcək. Könüllülər arasında rəsmi iş yeri olanlara həmin maaş verilib. Ancaq bir iş var ki, müəssisəsələr hərbi əməliyyatlarda iştirak etmiş əməkdaşlarından bunu təsdiqləyən rəsmi sənəd təqdim etməli olduqlarını bilirirlər.

Bunu da haqlı tələb adlandırmaq olar. Bəlkə yalan danışır, bəlkə müharibədə olmayıb, haradasa vaxt keçirib. Məsələ heç maaşda da deyil. Təsəvvür edin, bir kollektivdə işləyən şəxs döyüşdüyü barədə sənəd gətirə bilmir. O kollektivin həmin şəxsə münasibəti necə olacaq? İnsanları intihar həddinə gətirməyə kimin haqqı var?

Bundan əlavə, illər sonra bu könüllülər öz övladlarına, nəvələrinə döyüşdüklərini təbii ki, alın açıqlığı ilə danışacaqlar. İndi elə bir zamana gəlib çıxmışıq ki, insanlar aza qala rəsmi xəbərlərin belə mənbəyini təftiş etməyə çalışırlar. Yaxşı, həmin könüllülərin hərbi biletinə baxan nəvələr soruşmayacaq ki, ay baba, niyə yalan danışırsan? Axı burada döyüşdüyün haqda heç bir qeyd yoxdur.

Hərbi hissə komandiri deyir ki, “torpağınız üçün döyüşmüsünüz”, verilən dəstəyə görə təşəkkür etmək yerinə, minnət də qoyur. Sual çıxır, o könüllü döyüşçülər indi – hərbi əməliyyatların dayandırıldığı bir vaxtda həmin hərbi hissənin ərazisinə daxil ola bilərdilər?

Ağdam istiqamətində döyüşlərdə iştirak edənləri, rayona ilk giriş vaxtı bələdçi olanları indi heç rayona buraxmırlar, nəinki hərbi hissənin ərazisinə… Adama sual verərlər, əgər o adamlara sənəd verməyəcəkdinizsə, niyə imza atdırıb silah götürmələrinə icazə verirdiniz? Belə söz-söhbətlər də gəzir ki, guya könüllülər pul almaq üçün bu sənədləşməni istəyirlər.

Adama deyərlər, o pul sizin ailə büdcənizdən çıxır? Postlarda zəruri müdafiə xətti demək olar, yox vəziyyətində idi. Əsgərlər orada Allah ümidinə sağ qalırdılar. Pul düşünənlər o postları niyə möhkəmləndirməmişdilər?

Hüquqları pozulan könüllülər artıq bir aya yaxındır ki, Müdafiə Nazirliyində yaradılan müvafiq komissiyaya müraciət ediblər. Lakin bunun da problemin həllinə faydası olmayıb. Komissiyadan hərbi hissəyə zəng edib, maraqlanırlar, hər kəs etiraf edir ki, bəli, o könüllülər burada döyüşüblər. Hərbi hissənin mənsub olduğu 1-ci Ordu Korpusunda da etiraf edirlər ki, bəli, Ağdam rayonunun könüllüləri 44 gün ərzində döyüşlərdə iştirak ediblər.

Hətta Nazirlikdən 1-ci Ordu Korpusunun rəhbərliyinə o könüllüləri qəbul edib, onların problemlərini həll etməyi tapşırsalar da, bu göstərişə əhəmiyyət verən yoxdur.

Bir neçə gün öncə yenidən Müdafiə Nazirliyinin komissiyasına müraciət edən könüllülərə verilən cavab isə bu olub: “Sizin məsələni həll etmirlərsə, gedin məhkəməyə verin”.

Çox maraqlıdır, 44 nəfərin adını yazıb, Müdafiə Nazirliyinə göndərmək bu qədər çətindir? Təbii ki, yox! O zaman haqqımız var ki, bu məsələnin arxasında başqa məqamların olduğunu düşünək.

Yeri gəlmişkən, ümumilikdə könüllü döyüşçülər təkcə Ağdam istiqamətində döyüşməyiblər. Məsələn, Füzulu rayonundan olan könüllülər elə müharibənin gedişində rəsmən qeydiyyatdan keçiblər. Əgər digər könüllülər qeydiyyatdan keçə bilirlərsə, Ağdamdan olan könüllülərin siyahıya alınması niyə daşa dirənib, anlamaq olmur.

Məsələni diqqətdə saxlayacağıq.

Səxavət Məmməd

www.yenicag.az

5644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv