Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həyat yoldaşını güllələyib öldürən hakimlə bağlı XƏBƏR

Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

Yenicag.az-ın məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Yasin Umudov ifadəsində bildirib ki, “102 Qaynar Xətti”ndən hadisə ilə bağlı Növbətçi Hissəyə məlumat verildikdən sonra hadisə yerinə gedib: “Əvvəlcə “102”-ə məlumat verən nömrəyə zəng etdim. Telefona cavab verən Fəqan Əhmədov dedi ki, yoldaşımı öldürmüşəm. Mən hadisə yerinə çatanda 42-ci Polis Bölməsinin əməkdaşları orada idilər. Fəqan müəllimin davranışlarından sərxoş vəziyyətdə olduğu görünürdü. Ağzından spirtli içki iyi gəlirdi. Fəqan müəllimdən hadisənin necə baş verdiyini soruşdum. Zarafatla silahı götürüb qorxutmaq məqsədi ilə arvadına tuşladığını dedi. Elə bilib silahın qoruyucusu bağlıdır. Səhvən atəş açılıb.

Mən içəri girəndə Fəqan Əhmədovun arvadı divanda oturaqlı vəziyyətdə idi, güllə ürək nahiyəsindən dəymişdi. Orada dedilər ki, Fəqan bəy hadisədən sonra çıxıb bir güllə də özünə vurmaq istəyib. Amma uşaqları gözünün qabağına gəlib, havaya atəş açıb.

Fəqan müəllim dedi ki, içki içdiyinə görə arabir həyat yoldaşı ilə mübahisələri olurmuş”.

Daha sonra ifadə verən Sabunçu RPİ 42-ci Polis Bölməsinin sahə rəisi Ülfət İskəndərov hadisədən 15 dəqiqə sonra Fəqan Əhmədovun evinə çatdığını bildirib: “Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Sahə rəisi olduğum üçün Fəqan müəllimi tanıyırdım. Bu günədək həyat yoldaşı ilə aralarında mübahisə olduğunu eşitməmişdim. Amma Fəqan müəllim dedi ki, spirtli içki qəbul etdiyi üçün arvadı ilə problemlər yaşayırmış. Həmin vaxt da Fəqan Əhmədovun içkili vəziyyətdə olduğu açıq-aşkar bilinirdi”.

Daha sonra prosesə ifadə vermək üçün Fəqan Əhmədovun 14 yaşlı oğlu çağırılsa da, azyaşlı ifadə vermək istəməyib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Növbəti məhkəmə prosesi sentyabrın 30-na təyin edilib.

İttihama görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

206
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100