!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həyatda oynamağı bacarmayan BÖYÜK AKTYOR – Kinosuz illərin MÖHTƏŞƏM YUBİLEYİ

!Reklam – Yazi

Bu gün xalq artisti, əvəzolunmaz aktyor Rasim Balayevin yubileyidir, 75-in kürəyini yerə vurur.

Hər il olduğu kimi bu il də telefon açıb, dəyərli sənətkarımızı təbrik etmək, təəssüratlarını bölüşmək istədim. Amma dərhal da fikrimdən vaz keçdim. Düşündüm ki, nə qədər olar, eyni sualı verib, eyni cavabı eşitmək. Hər dəfə “doğum gününüzdə ən böyük arzunuz” sualına, Rasim müəllimin cavabı da eyni olur: yeni filmlərdə rol almaq. Hər dəfə eyni cavabı vermək aktyoru da yorur. İllər keçir, yaşının üstünə yaş gəlir, amma arzusu reallaşmır ki, reallaşmır.

Dövlət tərəfindən bütün fəxri adlara layiq görülüb, xalqın da sevgisini çoxdan qazanıb. Amma yaradıcı adam da belədir ki, yaradıcılıqdan kənarda sudan çıxarılmış balığa bənzəyir. Bu gün Balayev də sudan çıxarılmış balıq kimi çabalayanlardan, nə vaxtsa suya qaytarılacağı günü gözləyənlərdəndir. Amma zaman sürətlə keçir. Bu da acı həqiqətdir ki, zaman həm də öz hökmünü verir. Mən tamaşaçı olaraq Balayevin sonuncu dəfə çəkildiyi Azərbaycan filmini xatırlaya bilmirəm. Bu, həm də tamaşaçı olaraq məni hiddətləndirir. Niyə axı Azərbaycan kinosunun ən gözəl şedevrləri yarana biləcəyi, Rasim Balayev neçə-neçə gözəl filmlərdə rol alacağı halda, hələ də o mədəniyyət hadisəsi baş vermir? Niyə, nəyi gözləyirlər axı? Adam niyə ömrünün ən gözəl, çiçəklənən vaxtlarını yelə verməliydi, hələ də verir. Kinoya çəkiləcəyi günü gözləyə-gözləyə gəlib çatdı 75-ə…

Əfsuslar olsun ki, yenə də gözləyir, yenə də ümid edir. Ümüd sonda ölür axı. Bütün dünyada, lap elə Rusiyanın özündə qocalmış, əldən düşmüş sənətkarlara rol verirlər, onlar üçün xüsusi ssenarilər yazılır, “əlil arabasında” səhnəyə çıxarırlar, çəkiliş meydançasına aparırlar. Çünki onlar bir dəyərdir və bu dəyərlə öyünürlər, fəxr edirlər. Qayğısını çəkirlər, hörmətə mindirirlər. Bizimki kinodan uzaq düşəndə heç hələ qoca deyildi. Elə indi də fakturası, enerjisi və yaradıcılıq həvəsi milli kinomuzda baş qəhrəmanları canlandırmağa yetərincə kifayət edir.

Elə isə biz niyə öz dəyərlərimizə dəyər verməyi bacarmırıq. Axı Rasim Balayevdən çox deyil. Nəyi gözləyirik? Gözləyirik ki, kinoya çəkilmək həsrəti ilə dünyasını dəyişsin? Dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyi ənənəsinə sadiq olaraq, bir nekroloq yazsın, məzarı üstə bir dəstə əklil göndərsin? Olmazmı, Cabir Novruz demişkən, sağlığında qiymət verək insanlara? Sağ ikən baş rollara çəkib, çiçək yağışına tutaq? Bu, Rasim Balayevin aktyor olaraq haqqı olduğu kimi, tamaşaçı kimi bizim də haqqımızdır axı.

Dövlətimiz filmlərin çəkilməsi üçün büdcə ayırır. Hələ ortada düz-əməlli film adına bir sənət əsəri görmürük. Nə vaxta qədər qurşaqdan aşağı zarafatlar, şit-şit, bayağı, “18+” anonsu ilə “gəl-gəl” edən filmlərə baxmaq məcburiyyətində qalacağıq? Biz də zövqümüzün pasını atmaq istəyirik axı.

Yubileyiniz mübarək, həyatda oynamağı bacarmayan böyük aktyor. Gün o gün olsun, doğum gününüzü çəkiliş meydançasında qeyd edəsiniz. Biz də müasiriniz olmaqla öyünə-öyünə yeni obrazlarınızla bağlı sizi sual yağışına tutaq.

Cəvahir

www.yenicag.az

857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv