!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyevin verdiyi evi əlindən almaq istəyirlər: Qarabağ əlili çıxılmaz vəziyyətdə - ŞİKAYƏT / FOTOFAKT

!Reklam – Yazi
Qarabağ əlilinə Müdafiə Nazirliyi tərəfindən verilmiş mənzilə nazirliyin bəzi vəzifəli şəxsləri əl qoymaq istəyir.

İskəndəri Mahmud Məhəmməd oğlu Parsabad şəhərində doğulub. İranda zabit olub və Camaranda xidmət edib. 1991-ci ildə Azərbaycana dayısını görmək üçün gəlib. Atası əslən Azərbaycanın Cəlilabad rayonundandır, anası isə Bakıdan. 1991-ci il noyabr ayının 20-də dayısıoğlu Fəxrəddin Şahbazov helikopter qəzasında şəhid olub.

Qeyd: 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi səmasında baş vermiş Azərbaycan tarixində ən dəhşətli helikopter qəzasında şəhid olanlar arasında olan Fəxrəddin Şahbazov həmin helikopterin operatoru olub.

İskəndəri Mahmud Fəxrəddin Şahbazovun “yeddi” mərasiminə gəlib çatıb. Dayısıoğlunun şəhid olmasına qəzəblənən İran vətəndaşı olan Mahmud İskəndəri birbaşa Qarabağa, döyüşlərə yollanıb. Öncə Ağcəbədi rayonuna yollanıb, oradan isə Xocavənd rayonunun Əmralı, Muağanlı, Kurapatkin kəndləri istiqamətinə göndərilib və tağım komandiri kimi xidmətə başlayıb. 2 ay xidmət etdikdən sonra Müdafiə Nazirliyinə çağırılıb və müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı ona baş leytenant rütbəsi verərək o dövrdə xüsusi təyinatlı hərbi hissə olan 776 saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edib.

Döyüşlərə qatılıb, 1992-ci ilin mart ayının 10-da ağır yaralanıb və sol tərəfindəki qabırğaları əməliyyatla çıxarılıb. 7-8 ay hospitalda müalicə alıb sağalandan sonra yenidən döyüşə yollanıb. Bu dəfə isə Ağdam rayonu, Şahbulaq istiqamətində ayağından yaralanıb və 1994-cü ildə yararsız olduğu üçün pensiyaya çıxıb. Ondan sonra bir daha İrana getməyib və özü bildirir ki, İrana getsə, onu öldürərlər. Öncə dayısıgildə qeydiyyata düşüb. Hospitalda olarkən ona Azərbaycan Respublikası vətəndaşlığı və pasportu verilib. Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev İskəndəri Mahmuda bildirib ki, ona ev veriləcək. Müdafiə Nazirliyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində bir otaqlı olmaqla ev 105, mənzil 44-ü ona verib. Bir müddət sonra ailə qurub və ailəsi ilə orada 28 il yaşayıb. Bir oğlu və qızı dünyaya gəlib. Ev tamamilə təmirsiz olub. Müdafiə Nazirliyinin müvafiq idarəsinə müraciət edib. İdarədən bildirilib ki, vəsaitləri yoxdur. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti onun evini təmir edib. Övladları böyüdükdən sonra İskəndəri Mahmud bir otaqda yaşamağın mümkünsüz olduğunu gördüyü üçün öncə Nərimanov Rayon İcra Hakimiyyətinə, daha sonra Müdafiə Nazirliyinə ona ev verilməsi üçün müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə İskəndəri Mahmuda 2 otaqlı mənzil verib. İskəndəri Mahmud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirib ki, ona 3 otaqlı ev düşür, çünki uşaqlarının biri oğlandır, biri isə qız. Nazirlikdən bildirilib ki, Müdafiə Nazirliyi də dövlət qurumudur, ƏƏSMN də, onlar bir otaq verib, biz də iki otaq. Beləliklə Mahmud İskəndəri bununla razılaşıb.

4 il əvvəl “NGM GROUP” MMC sözü gedən ünvandakı evləri alaraq orada hündürmərtəbəli bina tikməyə başlayıb. 19 may 2021-ci il tarixdə MMC-nin direktoru Orucov Vüqar Bayram oğlu ilə İskəndəri Mahmud arasında müqavilə bağlanıb və həmin ərazidəki binalardan birində ona 63 kvadrat metr təmirli mənzil veriləcəyi bildirilib. Bundan əlavə, İskəndəri Mahmuda şirkət hər ay 400 AZN kirayə pulu ödəməyi öhdəliyinə götürüb.

Mahmud İskəndərinin problemləri müqavilə bağlanandan sonra başlayır.

Belə ki, Müdafiə Nazirliyinin Evlər idarəsindən bildirilir ki, həmin mənzil Müdafiə Nazirliyinin balansındadır və İskəndəri Mahmuda 2 otaqlı əlavə ev verildiyi üçün həmin mənzili təhvil verməlidir. İskəndəri Mahmudun sözlərinə görə, o bir neçə dəfə sözü gedən idarədə olub və ona 20 min manat verəcəyi təqdirdə nazirliyin evi ona verəcəyi deyilib. Daha sonra isə İskəndəri Mahmuda təklif olunub ki, hazırda yaşadığı Məhəmmədidə ona bir otaqlı ev alıb vermək müqabilində bu mənzildən imtina etməlidir. İskəndəri Mahmud isə bu təkliflərdən imtina edib. Bu zaman isə idarədə onunla görüşən zabit deyib ki, ƏƏSMN-in verdiyi evdən imtina etsin. İskəndəri Mahmud bildirib ki, əgər məsələ bu həddə çatsa ƏƏSMN-in verdiyi evdən imtina edəcək.

Bundan əlavə, İskəndəri Mahmudun sözlərinə görə, hər ay kirayə pulunun ödənilmə vaxtı gələrkən problem yaranır.

İskəndəri Mahmud bildirir ki, problemin səbəbini öyrənəndə “NGM GROUP” MMC-dən ona Müdafiə Nazirliyindən belə bir əmrin gəldiyi deyilib.

Məsələni araşdırmaq üçün “NGM GROUP” MMC-nin direktoru Orucov Vüqarla əlaqə saxaldıq. Vüqar Orucov Yenicag.az-a açıqlamasında bildirdi ki, şirkətin İskəndəri Mahmudla heç bir problemi yoxdur:

“Bizə Müdafiə Nazirliyindən əmr gəlib ki, o mənzil İskəndəri Mahmuda yox, nazirliyə məxsusdur və bina nazirliyin balansındadır. İskəndəri Mahmud Müdafiə Nazirliyi ilə arasındakı problemi həll etməlidir”.

Müdafiə Nazirliyindən yazılı, yoxsa şifahi əmr gəlib sualına cavab olaraq isə Vüqar Orucov bildirib ki, nazirlikdən onlara şifahi əmr gəlib:

“Bizə heç bir yazılı əmr gəlməyib. Şifahi şəkildə bildirildi ki, İskəndəri Mahmuda kirayə pulu ödənilməsin, ödənilsə də, həmin pul nazirliyə köçürülməldir. Əslində, təkcə İskəndəri Mahmudla yox, bir neçə ailə ilə belə bir problem var. Müqavilə bağlanandan biz ailələrə kirayə pulu ödəmişik. Yalnız bu ay İskəndəri Mahmuda pul ödənilməyib. Biz istəyirik ki, vətəndaşın problemi olmasın, bizimlə onlar arasında heç bir problem yoxdur. Onlar problemlərini nazirliklə həll etməlidirlər”.

Açıqlamadan bir neçə saat sonra İskəndəri Mahmudla əlaqə saxladıqda o, bildirdi ki, kirayə pulu ödənişi edildi.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovla əlaqə saxaldıq. Anar Eyvazov Yenicag.az-a açıqlamasında qeyd etdi ki, problem arşadırılacaq:

“Onu deyə bilərəm ki, nazirlikdən heç bir şirkətə nə yazılı, nə də şifahi əmr, göstəriş verilməyib”.

Daha sonra İskəndəri Mahmud bizimlə əlaqə saxlayaraq qeyd etdi ki, nazirliyin Evlər idarəsindən yenə zəng olunaraq, həmin evin Nazirliyin balansında olduğu deyilib:

“Mənə deyildi ki, ya ƏƏSMN-in verdiyi evi təhvil verməliyəm, ya da mərhum prezident Heydər Əliyevin verdiyi evi nazirliyə verməliyəm”.

Bir qədər araşdırma aparandan sonra məlum oldu ki, həmin bina təxminən 4 il əvvəl Müdafiə Nazirliyinin balansından çıxıb. Əgər belədirsə, nazirlikdəki bəzi şəxslər hansı əsasla o evə göz dikiblər? Daha bir sual yaranır, vətəndaş haqsızdırsa, nazirlik niyə yazılı yox, məhz şifahi əmr verir? Hansı səbəblə İskəndəri Mahmuda hazırda da qeydiyyatda olduğu ünvandakı evin əvəzinə başqa bir ərazidən ev alıb vermək istəyir?

Məsələ ilə bağlı İskəndəri Mahmud prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, ona qarşı edilən haqsızlığın aradan qaldırılmasını xahiş edib.

Səxavət Məmməd

www.yenicag.az

1696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv