!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hökumətdəki iriçaplı məmurlar insanları qiyama qaldırmaq istəyirlər?” – Əli Əliyev

!Reklam – Yazi

“Azərbaycanda koronavirusa yoluxmanın lokallaşdırılması üçün bu təcrübəni keçmiş Çindən xüsusi həkim briqadaları gətirilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə işsizliyin səviyyəsinə dair rəsmi statistikanı və real vəziyyəti dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyevin sözlərinə görə, hökumətin açıqladığı dəstək paketindən yararlanmaq istəyən işsiz vətəndaşların gerçək sayı əhalinin məşğulluğu haqda indiyə qədər açıqlanan rəsmi məlumatların həqiqətdən uzaq olduğunu göstərir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytının çökməsi də göstərir ki, müraciət və şikayətlərin çoxluğu səbəbindən prosesi idarə etmək son dərəcə çətinləşib.

Yardım məsələsi hökumətin növbəti paxırının üstünü açdı. Onlar iddia edirdilər ki, ölkədə işsizliyin səviyyəsi cəmi 5 faizdir. Normalda əmək qabiliyyəti olub, işləməyən şəxslər işsiz sayılır. Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsindən qeydiyyatdan keçmiş adam işsiz hesab edilir və statistika o cür yazılır. Azərbaycanda 200 min qeydiyyata alınmış işsiz vətəndaş varsa, əslində, işsizlərin real sayı bundan 4 dəfə çoxdur.

İşsiz vətəndaşların elektron müraciətləri və onların məşğulluq idarələrinə aramsız axını da o deməkdir ki, Azərbaycanda hər şey hökumətin təsvir etdiyi kimi deyil. Ölkədə həm işsizliklə bağlı, həm insanların təminatı ilə bağlı çox ciddi problemlər mövcuddur.

Bu pandemiya dalğasında tətbiq olunan məhdudiyyətlər ölkədə insanların böyük əksəriyyətinin evində hətta qısa müddət üçün də azuqə ehtiyatının olmadığını üzə çıxardı. Günəmuzd işləyən, gündəlik qazanclarını sadəcə, ərzağa vermək məcburiyyətində qalmış çox sayda vətəndaş sadəcə, taleyin ümidinə buraxılıb.

Çünki onların qazancları o qədər az, qiymətlər isə o qədər bahadır ki, evdə ehtiyat pul və azuqə yığa bilmirlər. Ehtiyat vəsait olmadığına görə də əksər insanlar dolana bilmirlər, hətta bir çox vətəndaşların ümumiyyətlə, çörək almağa belə pulu qalmayıb.

Əhalinin maddi vəziyyətinin bu qədər ağırlaşdığı fonda biz qiymət artımını və nazir Sahil Babayevin timsalında məmur özbaşınalığını müşahidə edirik. Hökumətin işsiz insanlara 190 manatı belə çox görməsi, yaratdığı süni əngəllər Babayevin, onun kimi başqalarının da gerçək simasını açıq göstərir.

Hökumət sanki vətəndaşların həyatını ağırlaşdırmağa fokuslanıb. Azərbaycanda bir insan üçün ehtiyac meyarı 190 manat götürülüb. Ancaq bu cüzi məbləği də kəskin ehtiyacı olan ailələrə çox görürlər.

Bu vəziyyət deməyə tam əsas verir ki, hökumət özünün deqradasiya mərhələsini yaşayır. Ancaq belə çox davam edə bilməz. Neftin ucuzlaşması, koronavirusun ölkə daxilində yaratdığı ressesiya, iqtisadi durğunluq, biznes fəallığının xeyli azalması – bir azdan yəqin ki, devalivasiyaya da şahidlik edəcəyik – bunlar hamısı ölkədə vəziyyəti az qala sosial partlayış həddinə çatdırıb. Hətta bəzən düşünürəm ki, nə baş verir, bəlkə hökumətdəki iriçaplı məmurlar insanları qiyama qaldırmaq istəyirlər?”.

VİP sədri ölkədə sosial yardımların verilməsi qaydalarının yaratdığı indiki gərginliyin mümkün nəticələri barədə bunları deyib:

“Hər şey hökumətin atacağı addımlardan asılıdır. Gördüyümüz budur ki, hökumətin atdığı addımlar çox yanlışdır. Camaata pul vermirlər, ancaq modul tipli xəstəxanaların tikintisinə 15 milyon manat ayırırlar. Buna nə ehtiyac var?

Azərbaycanda çarpayıların genişləndirlməsi üçün vaxtilə xəstəxana olmuş əlverişli binalar var. Səhiyyə Nazirliyinin köhnə binasında 300 xəstənin yerləşdirilməsi mümkündür. 4 saylı keçmiş Əfəndiyev adına xəstəxanada 500-600 xəstə yerləşdirilə bilər. O bina əvvəl xəstəxana olub, qısa müddətdə orada xəstələrin müalicəsi üçün hər cür şərait yaratmaq olar. Əhaliyə maddi dəstək olmaq əvəzinə, modul tipli xəstəxana tikmək istəyirlər ki, sabah buldozerin altına verib uçursunlar.

Eyni zamanda, mehmanxanalar, şadlıq evləri var. Onların hamısını hökumətin sərəncamına keçirmək lazımdır. Aeroport yolunda Baku EXPO Mərkəzi var. Ora xəstəxana yaratmaq üçün ən münasib binadır. Şəhərdən kənarda, izolyasiya olunmuş ərazidə yerləşir, qoy oranı çevirsinlər də xəstəxanaya… Pandemiyadan sonra yenidən sərgi mərkəzinə çevirərlər.

Fransada, İtaliyada, İspaniyada muzeylərin baxış salonlarını xəstəxanaya çeviriblər. Burada pis heç nə yoxdur. Azərbaycan hökuməti də əksər ölkələrdə olduğu kimi stadionlardan, qapalı idman zallarından xəstəxana kimi istifadə etsin. O cür məkanlar modul tipli xəstəxanalar üçün ən uğurlu yerlərdir.

Rayonlarımızda Olimpiya kompleksləri var, axı indiki halda onlar kimə lazımdır? O kompleksləri çevirsinlər də xəstəxanaya…

Gərək mütləq xəstəxana tikilsin, pul ayrılsın?

Səxavət Məmməd

www.yenicag.az

3242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv