Reklam

Reklam

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Yeniçağ.Ru-ya müsahibəsində Hollandiya ilə Türkiyə arasında yaranmış gərginliyi dəyərləndirib.

– Sizcə, Avropa nədən ikili standartlara əl ataraq, referenduma dəstək aksiyalarını qadağan etdiyi halda, müxalifətin antireferendum tədbirlərinə icazə verir?

– Əvvəla, hesab edirəm ki, Almaniya və Hollandiya bu ölkələrdəki türk icmalarına Türkiyə rəsmilərinin dəvət olunacağı kütləvi aksiyaların keçirilməsini əngəlləməklə, Avropanın söz azadlığı və demokratiya prinsiplərinə ziddir. Qeyd edim ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada türk icmasının nümayəndələri ilə görüşərək, onlara ölkədə keçiriləcək referendumla bağlı vəziyyəti izah etsə də, o tədbirə mane olunmamışdı. Sözsüz, Almaniya və Hollandiya rəhbərliyinin bu hərəkətləri Avropanın demokratiya standartlarına uyğun deyil.

Rəsmi Berlin və Amsterdam tərəfindən yol verilən belə pozuntuların əsas səbəbi həm Almaniyada, həm də Hollandiyada o ölkələrin hökumətlərinin gələcəyini müəyyənləşdirəcək seçkilərin yaxınlaşmasıdır. Bu ölkələrin hakim siyasi partiyaları reytınq baxımından, ultramillətçilərə uduzurlar. Məncə, bu hərəkətlər ölkədəki ultramillətçi ovqatın yönləndirilməsinə hesablanmış təbliğatın tərkib hissəsidir. Həmin ölkələrin hakim dairələri bu gedişlərlə seçkiqabağı kampaniyada xal qazanmağa çalışırlar. Bu səbəbdən də özlərinin Avropa prinsiplərindən geri çəkilirlər.
Avropa ölkələrinin referendumu dəstəkləyənlərin tədbirlərini qadağan edib, müxalifətə kütləvi aksiyaların təşkilinə icazə vermələri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və Türkiyənin daxili siyasi həyatına müdaxilədir. Qeyd edim ki, o ölkələrdə mitinqlərin qadağan edilməsi demokratik prinsiplərin pozulmasıdır.

– Avropa bununla nəyə nail olmaq istəyir?

– Türkiyənin daxili siyasətinə müdaxilə etmək istəyir.

– Rəsmi Ankaranın Avropanın bu qərəzli münasibətinə reaksiyası necə olacaq? Axı Avropanı qaçqınların nəhəng axınından məhz Türkiyə qoruyur. İndiki halda Ankaranın Türkiyədə məskunlaşan və dövlət təminatında olan bir neçə milyon qaçqının Avropaya yolunu açmaq ehtimalı nə dərəcədədir?

– Əlbəttə, hadisələrin bu yöndə inkişafı mümkündür – hətta istisna edilmir. Lakin ümid edirik ki, emosiyalar tezliklə səngiyəcək, bu gərginlik aradan qalxacaq, Türkiyənin Avropa ölkələri ilə münasibətləri daha rasional, praqmatik xarakter alacaq və belə insidentlər bir daha təkrarlanmayacaq.

– Bu insident Türkiyənin həmin Avropa ölkələri ilə münasibətlərinə necə təsir göstərəcək?

– Fikrimcə, baş verənlər bu ölkələrin münasibətlərinə neqativ təsirsiz ötüşməyəcək. Ancaq dediyim kimi, arzu edirik ki, emosiyalar güclənməsin, tərəflər konsensusa gələrək, rasional dialoqa üstünlük versinlər. Axı burada qarşılıqlı maraqlara cavab verən böyük potensial var. Bunu anlamayan siyasətçilər öz ölkələrinin maraqlarına necə zərbə vurduqlarının fərqində deyillər. Dediklərim Almaniya və Hollandiya siyasətçilərinə aiddir. Türkiyəli siyasətçilərə gəldikdə isə, onların rasional və praqmatik davranacaqlarına ümid edirik.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 95
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."