!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda təkmilləşdirilən hüquqi dövlət: "Aparılan islahatlar, qəbul edilən qanunlar..." - TƏHLİL

!Reklam – Yazi

Hər kəsə məlumdur ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır. Müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti maraqlarının qarşılıqlı münasibətləri, xüsusən vətəndaş cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinin formalaşması ən aktual, mühüm məsələlərdən biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başlasa da, ciddi çətinliklər mövcud idi. Lakin Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu sektora münasibət müsbət istiqamətə dəyişməyə başladı. Ulu öndərin göstəriş və tapşırıqlarına əsasən, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı, eyni zamanda qanunvericilik bazası formalaşdırıldı. Nəticədə qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma yaratdı.

Bundan başqa, Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Ulu öndər ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı, nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. 1995-ci ildə Konstitusiyamızın qəbulu ilə ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi.

Bu gün də ölkə başçısı İlham Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanın müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Çünki Azərbaycanın təməl prinsipləri arasında ilk yeri dövlətçilik tutur.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində xeyli inkişaf yolu keçib:

“Keçən dövr ərzində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşması və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib. Təbii ki, müstəqillikdən sonra qısa zaman kəsiyində vətəndaş cəmiyyəti institutları reallaşa bilməzdi. Bunun üçün ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli və bir sıra digər vacib mərhələlər keçilməli idi. Çünki vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. 1995-ci ildə hazırlanmış ilk milli Konstitusiyamız demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu.

Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Həmin dövrdən etibarən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi. Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi. Keçən dövr ərzində bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və fəaliyyətə başladı. Yeni Konstitusiyanın qəbulundan sonra konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı və ilk bələdiyyə seçkiləri keçirildi.

Birmənalı şəkildə qeyd etmək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına təkan verib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Bu baxımdan, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması davamlı proses olduğundan Azərbaycanda hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatların bu sahədə inkişafı təmin edəcəyinə şübhə yoxdur.

Cənab Prezidentin də dediyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv