Azərbaycanda karantin rejimin tədricən yumuşaldılmasına başlanılıb. Bu isə daha çox insanın küçələrə çıxmasına və ictimai nəqliyyatdan istifadə etməsinə səbəb olur. Bəs karantin rejimin yumuşaldılması ilə yaranan sərnişin sıxlığı virusun yayılma sürətinə necə təsir edir?
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki, koronavirus infeksiyası ilə bağlı karantin və izolyasiya tədbirləri son zamanlar yumuşaldılmağa başlayıb:
“İnsanlarda virus dönəmində necə davranmaq və qorunmaq ilə bağlı fikirlər formalaşdırmaq üçün tədbirlər həyata keçirilir. Vətəndaşlar daha əvvəl nə edəcəklərini, necə qorunacaqlarını bilmirdilər və qorunma kortəbii baş verirdi. Lakin keçən müddətdə insanlar bu sahədə xeyli təcrübə toplayıb. Həmçinin yoluxma sayının müəyyən qədər azalması, sağalanların çoxalması karantin tədbirlərinin yumuşaldılmasına səbəb olub. Bu tendensiyanı bütün dünyada müşahidə etmək mümkündür. Lakin biz yumuşalma tədbirlərindən sonra yoluxma sayının artmasının şahidi olduq”.
Ekspertin sözlərinə görə, bu, yumuşaldılma tədbirlərinin həyata keçirilməsinə çox tələsməmək lazım olduğunu göstərir: “Müyyən sahələrdə yumuşalma tədbirlərini davam etdirmək lazım deyil. Bu sahələrdən biri və ən əsası sərnişindaşımadır. Sərnişindaşımada onlarla vətəndaşın eyni nəqliyyat vasitəsində hərəkət etməsi onların yoluxma riskini artırır. Sosial məsafənin qorunmaması, çox sayda insanın bir araya toplaşması virusun yayılmasına səbəb olan faktorlardandır. Buna görə də, ictimai nəqliyyatda sosial məsafə tələblərinə əməl etmək vacibdir. Belə ki, karantin rejiminin yumuşaldılması ilə daha çox insanın ictimai nəqliyyatdan istifadə etməsi sıxlıqların yaranmasına səbəb olur. Bu səbəbdən, ictimai nəqliyyatda müəyyən olunmuş tələblər yenə öz qüvvəsində qalmalıdır. Kiminsə tələsməsi onun ictimai nəqliyyatda sosial məsafəni qorumamasına əsas verməməlidir. Həmçinin sərnişinlər maskadan istifadəyə də xüsusi diqqət etməlidirlər. Pandemiyanın birinci dalğası artıq bitdi, ikinci dalğanın daha şiddətli olmaması üçün qoyulan tələblər qeyd-şərtsiz yerinə yetirilməlidir, insanlar zəruri olmadan küçəyə çıxmamalı, ictimai nəqliyyatdan istifadə etməməlidirlər”.
www.yenicag.az