Без названия1991-ci ildə totalitar sovet rejiminin caynağından qurtulub, yenidən müstəqillik qazanan Azərbaycan elə ilk günlərdən dünyaya demokratik inkişaf yolu tutduğunu bəyan elədi. Ağrılı-acılı keçid dövrünü yaşayan ölkə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə stabilliyə nail oldu və demokratik cəmiyyətin əsas elementlərini yaratmağa başladı. Ölkədə mətbuat azadlığının real təminatı üçün “Kütləvi İnformasiya vasitələri” haqqında yeni qanun işlənib qəbul edildi. Və yalnız bundan sonra cəmiyyətin yeni bir demokratik instituta – ictimai televiziyaya ehtiyacı məsələsi aktuallaşdı. “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının qanunu hazırlanıb uzun müzakirələrdən sonra qəbul edildi. Bu müzakirələr zamanı ictimai yayıma, ictimai televiziyanın yaradılmasına cəmiyyət “hə” dedi.
Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzaladı.

Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Və bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.

Bu gün dünyanın bir çox ölkələri İctimai Televiziya yayımını həyata keçirir. Özünü demokratik ölkə kimi təqdim edən bəzi dövlətlərin isə adı bu siyahıda yoxdur. Amma Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən heç 15 il keçməmiş belə bir demokratik institutun da yaradılmasına imza atmaqla, cəmiyyətdə söz və mətbuat azadlığına, plüralizmin təşəkkülünə geniş yer verildiyini ortaya qoydu.

İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə güvənməklə, porblemsiz yaradılıb, özü də klassik formada–dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.

Azərbaycan bu qanunu 2004-cü ilin sentyabrında qəbul edib. İkincisi, istənilən ictimai yayıma cəmiyyət müvafiq kollegial orqanlar vasitəsilə nəzarət edir.

Azərbaycan cəmiyyətinin İctimai Televiziyaya belə nəzarət mexanizmi “İctimai Televiziya və Radio Yayımları haqqında” Azərbaycan respublikasının qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla ciddi müzakirədən sonra Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir.

Yayım Şurasının üzvləri müxtəlif ictimai təşkilatları, cəmiyyətin fərqli təbəqələrini təmsil edirlər. Nəticədə ölkədə ictimai yayıma cəmiyyətin nəzarəti maksimum təmin edilir. Nəzərə alsaq ki, Yayım Şurasının üzvləri rotasiya olunur, təmsilçilik sırasına yeni ictimai təşkilatların nümayəndələri də cəlb edilir, onda ölkənin yayım siyasətinin şəffaflığı və demokratikliyi barədə təsəvvür daha da dolğunlaşar.

Dünyada ictimai yayımla məşğul olan teleradio şirkətlərinin maliyyələşdirilməsi vacib şərtlərdəndir. Maliyyələşmə məsələsi də qanunla tənzimlənir və kanalın hər hansı kommersiya maraqlarına tabe edilməsinin qarşısı alınır. Azərbaycan qanunvericiliyi İctimai Televiziyanın maliyyə məsələsini də tamamilə şəffaf tənzimləyir.
Nəhayət, dördüncü prinsip – ictimai yayım şirkətinin məzmunu, onun proqram siyasəti obyektiv, tərəfsiz və qərəzsiz informasiyaya əsaslanmalı, geniş əhali kütləsinin maraqlarını təmin etməyə istiqamətlənməlidir.

İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.
Bu, qanunvericiliyin tələbidir.

İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca dörd prinsipini rəhbər tutaraq fəaliyyət göstərir.

Elə buna görə də İctimai televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – İctimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür. Bunu dünya klassik ictimai yayım praktikası və ənənəsi tələb edir, bunu Azərbaycan qanunvericiliyi tələb edir, bunu Azərbaycan tamaşaçısı, Azərbaycan xalqı tələb edir.
Azərbaycan qanunvericiliyinə görə İctimai yayım xidmətinin əsas prinsiplərindən biri informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyüdür. İctimai televiziya bu prinsiplə işləyir.

İctimai yayımçı xalqa xəbər verir, məlumatlandırır, informasiyaya münasibət bildirmir, hər hansı hadisəyə qərəzli yanaşmır.
“Carçı” xəbərlər proqramı operativliyi ilə seçilir, ölkənin və dünyanın hər yerindən xəbərləri doğru-dürüst və qərəzsiz çatdırır. “Carçı”nın rus dilində buraxılışları da geniş tamaşaçı auditoriyasına malikdir.


Azərbaycan cəmiyyəti səhərlərini “Yeni gün” proqramı ilə açmağa adət edib. Az qala hər gün 3 saat tamaşaçılarla canlı ünsiyyət bu kanalın xalqla ünsiyyətinin, tamaşaçı ilə təmasının yalnız bir nümunəsidir. Səhər durub işə hazırlaşan tamaşaçı İctimai Televiziyanın “Yeni gün”ündən yeni impuls alaraq evdən çıxır.
İctimai televiziya qanunvericiliyin daha bir tələbinə – plüralizm və dözümlülük, açıq siyasi maraqlardan uzaqlaşma tələbinə də ciddi əməl edir.
İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və müzakirə formasında aparılır.
İctimai Televiziyanın yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə yol verilmədiyi üçün parlament və prezident seçkilərinin əsas debatları bu kanalla yaımlanır. Xalq namizədlərinin imkanlarını bu kanal vasitəsi ilə daha yaxından tanımaq imkanı əldə edir. Çünki ən müxtəlif siyasi platformaların məğzi məhz İctimai Televiziyanın efirindən yayımlanır.
Ötən illər ərzində artıq televiziyanın seçki təbliğatı ilə bağlı öz ənənələri, obyektiv standartları formalaşıb. Bu ənənələr isə cəmiyyəti də qane edir, beynəlxalq qurumları da.
İctimai Televiziya bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını da əvvəlki illərdə olduğu kimi obyektiv və tərəfsiz təşkil etmək iqtidarındadır.
Çünki ötən illərdə televiziya ictimai yayım qanununun müddəalarını rəhbər tutaraq cəmiyyətdəki fikir plüralizmini televiziya ekranına gətirib.


“Ortaq məxrəc” tok-şousu cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə meydanı kimi tanınır. Burda əxlaqi və milli-mənəvi dəyərlərdən tutmuş müasir sosial şəbəbkələrin üstünlükləri və problemlərinə qədər hər şey barədə açıq söhbət gedir. Tok-şounun qonaqları – verilişin iştirakçıları isə müvafiq sahələr üzrə ekspert-mütəxəssislərlə yanaşı sadə insanlar, müzakirə edilən problemə dair sözü olan adi adamlar – tələbələr, şagirdlər, sadə peşə sahibləri olur.
“Xəmsə” və “Ailəm aləm” kimi intellektual verilişlər Azərbaycan gənclərinin maarifləndirilməsi kimi ali bir məqsədə xidmət edir. Ölkənin bütün bölgələrindən belə yüksək intellektual səviyyəli ailələrin yarışması paytaxtdan uzaqda yaşayan insanların unudulmadığına, elmə, biliklərə yiyələnməyin həmişə üstünlük olduğuna inam yaradır.


İctimai Televiziya təhsil və maarifçilik məsələlərinə xüsusi diqqət ayırır.

“Açıq dərs” proqramı artıq bu kanalın brendinə çevrilib. Bu tok-şouda müasir təhsilin ən mühüm istiqamətləri qabardılır, insanları düşündürən problemlər ətrafında açıq müzakirələr gedir.

Neçə illərdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarında ən yüksək bal toplayan gənclərin əldə etdiyi nailiyyətlərin təbliğinə həsr edilmiş video-çarxlar tamaşaçıların marağına səbəb olur, istedadlı gənclər cəmiyyətə nümunə kimi təqdim edilir.

Bu gün əksər televiziya kanallarında, demək olar ki, üstünlük təşkil edən kriminal xronikanın “qəhrəmanları”ndan fərqli olaraq bu gənclərin uğuru şüurlarda dəyişiklik yaratmaq gücündədir, desək yanılmarıq.

Heç kimə sirr deyil ki, müasir televiziya yayımında kommersiya maraqları xüsusi yer tutur. Bu maraqlar isə çox vaxt gəlir gətirməyən proqramların hazırlanmasına mane olur. Tarix, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən verilişlər, vətənpərvərlik mövzusunda proqramlar bu qəbildəndir. Azərbaycan televiziya məkanında bu boşluğu doldurmaq missiyası da İctimai televiziyanın üzərinə qoyulub. Ona görə də telekanal milli-mənəvi və əxlaqi dəyərləri ön plana çəkərək tariximizin şərəfli səhifələrinin öyrənilməsinə, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə ayrıca proqramlar həsr edir.

“Ötən əsrin nəğmələri”, “Bir mahnının tarixçəsi”, “Bakı vaxtı” “Bakı sirləri” kimi silsilələr mədəniyyətimizin və tariximizin nisbətən az öyrənilmiş səhifələrinə işıq salır.

Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına yeni formada, yeni prizmadan baxmaq da İctimai Televiziyanın taleyinə qismət olub. Bu telekanalın mədəniyyətlə bağlı öz konsepsiyası var. Hesab olunur ki, Azərbaycan mədəniyyətinin hələ təbliğ olunmamış, hələ öyrənilməmiş qatları var və bu qatlar cəmiyyətə zaman-zaman təqdim edilməlidir. Təsadüfi deyil ki, İctimai televiziya və Radio yayımı haqqında Azərbaycan Respublikasının qanununda da proqramlarda milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirmək tövsiyə edilir. Deməli, mədəniyyət və incəsənətin rəngarəngliyinə İctimai Televiziyanın xüsusi diqqət ayırması həm də ictimai yayımçı kimi vəzifə borcuna çevrilib.


Bütövlükdə mədəniyyət və incəsənət sahəsinə bu diqqətin nəticəsidir ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn sənət adamları da unudulmur, onlar “Bakının qonaqları” proqramının qonağı olurlar. Bu proqramda da söhbət ümumbəşəri ideallardan, qloballaşan dünyada mədəniyyət və incəsənətin rolundan gedir.
Yarandığı gündən İctimai Televiziya ucuz şou-proqramlardan, cılız musiqi və musiqiçilərdən uzaq olub. Həmişə musiqi mədəniyyətimizin ən kamil nümunələrinin təbliğinə üstünlük verib.

Dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən biri də milli, dini azlıqların hüquq və azadlıqlarına xüsusi diqqət yetirməkdir. İctimai Televiziya fəaliyyətə başladığı ilk günlərdən bu konsepsiyanı öz işinin mühüm tərkib hissəsi elan edib.

80-dən artıq xalqın nümayəndələrinin yaşadığı Azərbaycanda milli və dini tolerantlığın təbliği, bu məqamın İctimai televiziyanın proqram siyasətinin əsas prinsipinə çevrilməsi vacib şərtdir. Ona görə də bu gün İctimai televiziya talışın da, ləzginin də, avarın da, tatın da, yəhudilərin kompakt yaşayış məntəqəsi olan Qırmızı qəsəbə sakinlərinin də öz televiziyasına çevrilib.

Bu kanalın qapıları siyasi baxışlarından, dini görüşlərindən, milli mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır.

Ölkədə yaşayan azsaylı xalqların mədəniyyəti, musiqisi, folkloru və ədəbiyyatı İctimai Televiziyanın proqram siyasətində xüsusi yer tutur.

Müxtəlif millətlərin paytaxtdan uzaqda – ucqar dağ kəndində yaşayan nümayəndələrinin – nənələrin laylası, babaların hikməti İctimai Televizya vasitəsilə hamının, bütün xalqın malına, sərvətinə çevrilir.

Respublikanın yaşam tərzinin göstəricisi olan bu fərqlilik İctimai Televiziyanın efirinin rəngarəngliyini təmin edir.

Bu, mədəniyyət rəngarəngliyidir.
Bu, ədəbiyyat rəngarənliyidir.
Bu, incəsənət rəngarəngliyidir.
Biz bu rəngarəngliklə zənginik.
İctimai Televiziya fəaliyyətinin ikinci ilində – 2007-ci ildə Avropa Yayımları Birliynə tamhüquqlu üzv qəbul edilib. Bu, 1950-ci ildən fəaliyyət göstərən beynəlxalq televiziya şəbəkəsinin cəmi iki yaşı olan bir şirkətin fəaliyyətinə inam və etibarının, etimadının göstəricisi olub.Biz bu rəngarəngliklə böyük və bütünük.
Və bir də bu, ölkəmizin ictimai yayımçısının dünya yayım şəbəkəsində özünə layiqli yer tutmasının təsdiqi olub.
Təsadüfi deyil ki, Avropa Yayım Birliyinin Baş assambleyasının 2010-cu ildə keçirilən 64-cü yay sessiyasına MDB ölkələrindən ilk dəfə məhz Azərbaycan ev sahibliyi edib. Dünyanın 57 ölkəsinin 77 teleradio qurumunun rəhbərlərinin iştirak etdiyi bu tədbirin keçmiş SSRİ məkanında ilk təşkilatçısı Azərbaycanın İctimai televiziyası olub.
Məlumat üçün əlavə edək ki, Avropa Yayım Birliyi ildə iki dəfə toplanır. Qış sessiyası bir qayda olaraq İsveçrənin Cenevrə şəhərində keçirilir, yay sessiyasının yeri isə ayrı-ayrı dövlətlərin müraciəti əsasında müvafiq araşdırmalar aparıldıqdan sonra və həmin dövlətlərdəki infrastruktur və mediyaya verilən qiymətdən asılı olaraq müəyyənləşir.
Deməli, birliyin yay sessiyasının Azərbaycanda keçirilməsi həm də ölkəmizdə mətbuata qayğının dünya standartları səviyyəsində olduğunun, eləcə də İctimai Televiziyanın bu standartlara cavab verdiyinin təsdiqidir.
Belə bir etimadın, etibarın nəticəsidir ki, indi İctimai Televiziya dünyadakı nəhəng korparasiyaların bölgədə ən etibarlı partnyoruna çevrilib.
“Evronyus”kimi nüfuzlu telekanalla qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalanıb və dünyanın bu aparıcı xəbər kanalı İctimai Televiziya ilə əməkdaşlığa başlayıb.
İctimai yayım haqqında qanunvericiliyin tələbinə görə İctimai Televiziya milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin etməlidir. Bu vəzifənin öhdəsindən də layiqincə gələn İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards”, Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına məhz İctimai Televiziya təqdim edir.
Teleşirkət neçə illərdir ki, Türkiyə, Macarstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyir. Bu telekanallarla mübadilə proqramları həyata keçirir.
Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur.
Son illər türkdilli xalqlar arasında əməkdaşlığın daha da artırılması, milli-mənəvi dəyərlərin qarşılıqlı mübadiləsi və təbliği məsələsi Azərbaycan cəmiyyətində xüsusi aktuallıq kəsb edib. Ortaq türk dilinin formalaşması barədə müzakirələr çoxdan başlayıb.
İctimai Televiziya cəmiyyəti narahat edən bu məsələdə də birinciliyi ələ alıb. 2009-cu ildən türkdilli ölkələrin ortaq televiziyası fəaliyyətə başlayıb. İlk dəfə İctimai televiziya və Türkiyə Radio-Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğuru bu möhtəşəm layihəyə Orta Asiya ölkələrinin də qoşulmasını təmin
edib. Bir sözlə, ortaq türk dili, böyük türk birliyi yolunda ilk zəruri və real addımları da İctimai Televiziya atıb.
Neçə illərdi ki, İctimai radionun TRT radiosu ilə birlikdə hazırladığı “Qorqud ata” proqramı bütün türk dünyasına yayımlanır, türk dünyasının dünəni və bu günü, böyük şəxsiyyətləri, zəngin mədəniyyəti və ədəbiyyatı barədə verilişlər hazırlayır, bu yolla türk birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
***
Azərbaycanda İctimai Televiziyanın fəaliyyyətə başlaması ölkə mədəniyyətinin və incəsənəntinin dünya miqyasında tanınması və təbliği istiqamətində daha bir yeniliyin əsasını qoyub. Söhbət Azərbaycanın dünyanın ən böyük musiqi yarışması sayılan “Evrovision” mahnı musabiqəsində iştirak hüququ qazanmasından gedir.


Ölkəmiz bu yarışmada 2008-ci ildən iştirak edir. Elə həmin ildəki debütündə 8-ci yerlə kifayətlənən ifaçılarımız növbəti il 3-cü, 2010-cu ildə 5-ci yeri tutub.
Heydər Əliev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu müsabiqəyə hazırlıq işlərinə yaxından dəstək verməsi öz nəticəsini çox gözlətmədi. Azərbaycan 2011-ci ildə bu yarışmanın qalibi olaraq növbəti musiqi müsabiqəsini Bakıda təşkil etmək hüququ qazandı.
Bu, Azərbaycan Respublikasını dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycan xalqının qonaqpərvərliyini, Azərbaycan mədəniyyətinin və incəsənətinin uğurlarını, ən nəhayət, müstəqilliyini cəmi 20 il əvvəl yenidən bərpa etmiş bir dövlətin demokratiya, iqtisadi-siyasi və sosial sahədə qazandığı nailiyyətləri nümayiş etdirmək, əyani göstərmək şansı yaratdı.


Qısa zaman kəsiyində Xəzərin sahilində “Kristal Hall” kimi tanınan ən böyük konsert kompleksi inşa olundu. Əsası təxminən yüz il əvvəl qoyulmuş Bakı bulvarı genişləndirilərək yeni və müasir görkəm aldı.
Heydər Əliyev Fondunun yarışmaya hazırlıq işlərini öz üzərinə götürdü, hazırlıq prosesinin hər xırda detalı, hər mərhələsi Fondun nəzarəti altında idi. Nəticə gözlənildiyindən də uğurlu alındı.

Bakıda keçirilən “Evrovision-2012” müsabiqəsi indiyədək olan bütün müsabiqələrdən fərqləndi. Bu müsabiqəni izləmək üçün Bakıya gələn qonaqlar, eləcə də dünyanın hər yerindən yarışmanı canlı yayımla izləyən on milyonlarla tamaşaçı Bakının gözəlliyinə, müsabiqənin yüksək səviyyədə təşkilinə, Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qaldı.
Yüz milyonlarla auditoriyası olan bu musiqi şousunun Bakıda təşkili milyonlarla insana Azərbaycan dövlətinin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticələrini görmək, hiss etmək, xalqın yaşam tərzinin günü-gündən yüksəldiyinin şahidi olmaq imkanı qazandırdı.
Bu, sadəcə bir musiqi yarışması deyidi. Bu, Azərbaycanın təqdimatı, tanıdılması və sevdirilməsi şansı idi. Bu şansı isə ölkədə İctimai Televiziyanın fəaliyyətə başlaması, özünü sübut etməsi faktı yaratmışdı. Bütün bunlar isə düz səkkiz il əvvəlin bir avqust günündə baş vermişdi…
***
Azərbaycan Respublikası Prezidentinin milli teleserialların çəkilişlərinə vəsait ayırması ilə milli kinomuzun inkişafına yeni nəfəs verildiyini heç kəs dana bilməz.


Ötən dövrdə “Carçıfilm” Yaradıcılıq Birliyi çoxsaylı televiziya və sənədli filmlər hazırlamış, bu filmlərdə əsas diqqət milli-mənəvi dəyərlərin qorunmasına, tariximizin öyrənilməsinə yönəldilmişdi. Lakin bu sahəyə xüsusi diqqət yetirliməsi, milli teleserial istehsalına dövlət yardımının ayrılması İctimai televiziyada kino sahəsində başlanan işin keyfiyyətini bir az da artırıb.
Bu məqsədlə teleşirkət yeni müasir kino çəkilişi avadanlıqları alıb, yeni teleserialların çəklişlərinə hazırlıq işlərini başlayıb.
İctimai Televiziya və Radio Yayımı haqqında qanunda xarici ölkələrdə istehsal olunmuş ən yaxşı filmlərin, cizgi filmlərinin və s. Azərbaycan dilinə tərcümə edilib yayılması tövsiyə edilir. Bu məqsədləri reallaşdırmaq üçün İctimai televiziyada Azərbaycan tamaşaçısının zövqünə uyğun ən yeni filmlərin tərcümə və dublyaj edilməsi üzərində gərgin iş aparır. Bu işə indi ölkənin ən tanınmış aktyorları cəlb edilir. Bu isə dublyajın keyfiyyətinə zəmanət deməkdir.
İndi İctimai Televiziya və Radio 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yaımlanır. Elə bu səbəbdən də dünyanın müxtəlif guşələrinə səpələnmiş Azərbaycanlılar üçün hər həftənin cümə axşamı xüsusi proqram – “Qərib axşamlar”ı təqdim edir. Bu proqramın hər yerdə, hər ölkədə tamaşaçıları var, bu proqramı gözləyənlər var. Deməli, İctimai televiziya həm də dünya azərbaycanlılarının televiziyasıdır.
***
Müasir dövrdə fəaliyyət istiqamətindən, siyasi və ictimai mövqeyindən, üz tutuduğu auditoriyadan asılı olmayaraq heç bir televiziya kanalını ən müasir rəqəmsal avadanlıqsız təsəvvür etmək mümkün deyil. Qarşısına ictimai yayımı reallaşdırmaq məqsədi qoyan televiziyanı isə xüsusən…
Bu məqsədlə yarandığı ilk gündən şirkət dünyanın ən aparıcı texnologiya istehsalçılarının müştərisinə çevrilib. İndi İctimai Televiziya həcminə, çəkiliş və montaj avadanlıqlarının müasirliyinə, eləcə də texniki göstəricilərinə görə regionun ən güclü telekanallarından biri sayılır. İki inzibati binadan ibarət şirkətin səkkiz studiyası günün tələbləri səviyyəsində qurulduğundan 24 saatlıq yayım proqramında fasilədən, gecikmədən söhbət gedə bilməz. Dünya standartlarına uyğun Səyyar Televiziya Stansiyaları, zəngin texniki bazası olan teleşirkət indi rəqabətədavamlı proqram siyasəti yeritməyə, istənilən ekstremal şəraitdə çəkiliş aparmağa qadirdir.
Çünki Azərbaycan dövlətinin ictimai yayımçı qarşısında qoyduğu başlıca vəzifələrdən biri də Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."