!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İğtişaşın xarici müdaxilənin nəticəsində meydana çıxması gün kimi aydındır" - Politoloq

!Reklam – Yazi

“Əsas məsələ Qazaxıstandakı hadisələrdə hansı ölkənin maraqlı olması deyil, baş verənlərdən kimin faydalanacağıdır”.

Bu sözləri Qazaxıstanda baş verən hadisələri şərh edərkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Qazaxıstanı nəzarətinə keçirmək istəyən güclərin sayı kifayət qədər çoxdur:

“Qazaxıstan haqqında danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu ölkə öz ərazisinə görə dünyanın 9-cu ən böyük ölkəsidir və strateji nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət kəsb edən bir ölkədir. Qazaxıstan bir çox strateji yataqları ilə Türk Dövlətləri Birliyinin ən çox ümid bəslənən ölkələrindən biridir.

Neft, qaz yataqlarından başqa Qazaxıstan nüvə enerjisi sektorunda dünya liderlərindən sayılır. Dünyanın ən böyük uran yataqlarına sahib olan ölkə həm də bu potensialını nüvə yanacağı istehsal edən müəssisələrlə zənginləşdirib. Hər il Qazaxıstanda 20 min tondan artıq uran çıxarılır, onun hərbi-strateji silah istehsalçısına çevrilməsi gələcəkdə nüvə dövlətinə çevrilməsinə də zəmin yarada bilər. Sirr deyil ki, qazaxlar bu istiqamətdə ciddi addımlar da atırlar. Nüvə yanacağı istehsalı ilə məşğul olan dünyanın ən böyük müəssisəsi Qazaxıstanda yerləşir. “Kazatomprom” adlı bu dövlət şirkəti enerji və yanacaq əldə etmək üçün uran, berilyum, tantal və niobium kimi nadir metalların və elementlərin kəşfiyyatı və istehsalı kimi fəaliyyətlərlə məşğul olur. Müəssisə hazırda ABŞ, Kanada, Çin, Cənubi Koreya, Yaponiya və Avropa İttifaqı ölkələrinə uran yanacağı ixrac edir. 1997-ci ildə yaradılan “Kazatomprom”un baş qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir və müəssisə 2010-cu ildən etibarən təbii uran istehsalında dünya lideridir.

Təbii ki, bu qədər təbii ehtiyatlara və strateji mövqeyə malik bir dövləti öz nəzarətinə keçirmək istəyən güclərin də sayı kifayət qədərdir. Odur ki, ilk baxışdan qazın qiymətinin artmasına etiraz aksiyası kimi görünən bu iğtişaşın xarici müdaxilənin nəticəsində meydana çıxması gün kimi aydındır. Hadisələrin tətikləyicisi qismində isə həm Rusiya, həm Çin, həm də ABŞ və Avropa dölətləri də çıxış edə bilər. Çünki onların hər birinin Qazaxıstanda öz maraqları mövcuddur.

Qeyd etdiyim kimi, xarici müdaxilədə maraqlı ola biləcək dövlətlərdən biri, heç şübhəsiz, Rusiyadır. Qazaxıstanın son dövrlərdə həyata keçirdiyi siyasət, rus dilinin dövlət idarələrindəki statusunun ləğv edilməsi, rus dilinin dövlət dili statusundan məhrum edilməsi, eləcə də kiril əlifbasından latın qrafikalı əlifbaya keçilməsi, Qərbə doğru müəyyən reveranslar, hətta qərbyönümlü siyasət barəsində səsləndirilən fikirlər, üstəlik də bəzən rusdilli əhali ilə yerli əhali arasında məhz fikrini ifadə etmək məsələsində müəyyən xırda qarşıdurmaların olması da bu fikirləri söyləməyə əsas verir.

Nazarbayev Qazax xalqının türk milli kimiliyini özünə qaytardı. Son 30 ildə ölkədə, həqiqətən, müstəqil Qazaxıstanın qurulması baxımından düşünülmüş, demoqrafik, mədəni və dil siyasəti həyata keçirildi. Qazaxıstanın tarixdəki böyük türk imperiyalarının varislərindən biri olduğunu sovet dövrü xeyli dərəcədə ruslaşmış cəmiyyətə aşılaya bildi. Milli özünü dərk prosesi gözlənildiyindən daha sürətli getdi və Qazax dili, Qazax milləti ölkədə aparıcı mövqeyini bərpa etdi. Kiril əlifbasından latın əlifbasına keçidin əsasını qoydu. Ölkədə aparılan islahatlar nəticəsində aparıcı milli etnosun dövlət hakimiyyətində mövqeyi xeyli gücləndi, təbii artım iri şəhərlərdə əhalinin milli tərkibinin sürətlə dəyişdi. Nəticədə, SSRİ dövründə rusların sayı yerli xalqdan çox olduğu bu ölkənin etnik tərkibi 2009-cu ildən etibarən tamamilə dəyişməyə başladı. Həmin il keçirilən əhalinin siyahıya alınması göstəricilərinə görə, ruslar ölkə əhalisinin 23.7%-ni təşkil edirdisə, 2020-ci ildə isə bu nisbət 18.9%-ə düşdü. Bunun əvəzində isə qazaxlar əhali sayına görə ölkənin həqiqi sahibinə çevrildilər və onların sayı hal-hazırda ölkə əhalisinin 68,5% -ni təşkil edir.

Məhz Nazarbayevin dövrü Qazaxıstanın xarici siyasətində Türkiyə ilə yaxınlaşma xətti götürülüb və ölkələr arasında iqtisadi, ticari, siyasi əlaqələr xeyli dərinləşib. Hazırda iri türk şirkətləri Qazaxıstanda yatırdıqları sərmayələri ilə aparıcı mövqeyə malikdirlər. Paralel olaraq Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında da Nazarbayevin xüsusi əməyi var. Birlik ölkələri içərisində bu istiqamətdə ən böyük işlər görən, təşkilat problemləri üzərinə götürən də Qazaxıstan olub. Bu və yuxarıda qeyd etdiyim digər amillər Nazarbayevi və dolayısı ilə Qazaxıstanı Moskvanın hədəfinə gətirmişdi”.

Politoloqun sözlərinə görə, Qazaxıstanda baş verən qanlı hadisələrin səbəbi kimi də məhz Nazarbayevin başlatdığı bəhs olunan daxili və xarici siyasəti sonlandırmaq niyyətinin dayandığı görünür:

“Hər halda, daxilində böyük sayda türkün yaşadığı regionun iki aparıcı ölkəsinin – Rusiya və Çinin Nazarbayevin bu cəhdlərindən rahatsız olduğu şübhə doğurmurdu. Onlar nə Türk Dövlətləri Təşkilatının güclənməsini, nə də qonşularında iqtisadi baxımdan inkişaf etmiş bir türk dövlətinin olmasını istəyirlər.

Məsələ burasındadır ki, Çin, ABŞ, Avropa və təbii ki, Rusiyanın maraqları Orta Asiyanın bu önəmli ölkəsində toqquşur. Hələ 2021-ci ilin son günlərində Rusiya mediası haray salırdı ki, Çin Qazaxıstanda güclənir və ölkənin enerji resurslarının ixracına, silah bazarına və təhlükəsizlik məsələlərinə iddia edir. Bununla belə, Rusiya ilə Çinin hər ikisinə ABŞ-nin Qazaxıstandan sıxışdırılıb çıxarılması sərf edir, amma Pekinlə Moskvanın özünün də maraqları toqquşur. Vaşinqton elə əvvəldən Qazaxıstana Mərkəzi Asiyada özünün prioritet tərəfdaşı kimi baxıb. Bu vəziyyətdə Qərb də, Rusiya da, Çin də beynəlxalq qarşıdurmada Qazaxıstanı öz tərəfində görmək niyyətlərini ifadə edir.

Bundan başqa, yeni qlobal güc olma yolunda sürətlə irəliləyən Türkiyə də türk dövlətləri ilə əlaqələrini genişləndirib. Bura Qazaxıstan da daxildir. Amma görünən odur ki, bu dəfə də Rusiya qaba güc yolu ilə rəqiblərini Qazaxıstandan sıxışdırıb çıxarmağı hədəfləyir. Hər halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin Qazaxıstana yeridilməsi də bunu təsdiq edir. KTMT Baş Katibi Stanislav Zas qurumun hərbi kontigentinin Qazaxıstana yerləşdirilməsini hər nə qədər əsaslandırmağa çalışsa da, əslində, nə Qazaxıstan prezidenti Qasım Cömərd Tokayevin KTMT-ni köməyə çağırması, nə də Rusiya qoşunlarının bu ölkəyə daxil olması da heç bir hüquq normalarına sığmır. Belə ki, Stanislav Zas bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi, Sülhməramlı fəaliyyət haqqında Sazişin 2 və 4-cü maddələri və eləcə də Tokayevin hərbi yardım üçün müraciəti ilə əsaslandırır. Amma KTMT Nizamnaməsinin 5-ci maddəsində açıq şəkildə bildirilir ki, bu qurum üzv dövlətlərin milli yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Qazaxıstanda baş verən iqtişaşlar isə qaz qiymətlərinin artımından doğan narazılığın nəzarətdən çıxmasıdır. Yəni tamamilə Qazaxıstanın daxili məsələsidir.

Maraq cəlb edən digər bir məsələ isə, heç şübhəsiz ki, Nazarbayevin hadisələrə münasibət bildirməməsi ilə bağlıdır. Məlumdur ki, etirazlar başlayan gün Nazarbayevin mediada bir cümləlik açıqlaması yayılmışdı. Açıqlamada deyilirdi ki, “Əgər böhran varsa, etiraz etmək xalqın haqqıdır”. Nazarbayevin əvvəl Qırğızıstana, daha sonra isə BƏƏ-yə qaçması haqqında məlumatlar isə hələ ki, öz təsdiqini tapmayıb. Lakin baş verən qanlı olaylara susqunluq nümayiş etdirməsi isə onun qaçdığı deyil, təcrid olunması ilə bağlı fikirlərə yol açır. Bu fikri gücləndirən arqumentlərdən biri də Tokayevin Nazarbayevi tutduğu vəzifədən kənarlaşdırdığı və onun səlahiyyətlərini öz üzərinə götürdüyünü bəyan etməsidir.

Məsələ ondadır ki, Qazaxıstan parlamentinin ömürlük seçdiyi Təhlükəsizlik Şurasının rəhbərini vəzifəsindən azad etməyə Tokayevin səlahiyyəti yoxdur. Digər bir tərəfdən Nazarbayevin hökumətdə, xüsusən də güc strukturlarında kifayət qədər tərəfdarı olduğundan Tokayevin belə bir cəhdi özünə qarşı çevrilə bilərdi və həmin qüvvələr çox rahat şəkildə onu hakimiyyətdən uzaqlaşdırardılar. Hər halda, Nazarbayev ölkənin ali rəhbəri kimi prosesi idarə edib qərarlar verə, hətta Tokayevin və hökumətin istefasını təmin edə bilərdi. Səlahiyyəti olmadığı halda, Tokayevin Nazarbayevi vəzifədən uzaqlaşdırdığını bəyan etməsi, ardınca hökumətdəki tərəfdarlarını “təmizləməsi” ssenarinin əvəlcədən yazılaraq sürətlə həyata keçirildiyini göstərir.

Lakin yenə də təkrar edirəm, ssenarinin harada və kimlər tərəfindən yazılmasından asılı olmayaraq bu gün bütün güclər özlərinin Qazaxıstandakı maraqlarını təmin etmək üçün səfərbər olublar. Kimin qalib ayrılacağı məlum olmasa da, dəqiq olan odur ki, baş verənlərdən ən çox Qazaxıstan özü və dolayısı ilə türk dünyası əziyyət çəkəcək”.

Səxavət Məmməd

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv