Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

II və III qrup qəbul imtahanlarının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

İmtahan nəticələri ilə https://eservices.dim.gov.az/2020/netbak/?frm=egov linkində tanış ola bilərsiniz.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36840 abituriyentdən 2395 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 8 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.3 bal toplayan Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu göstərib. O, hər iki mərhələnin cəminə görə  688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu göstərib. O, imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 31 avqust 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 30 avqust – 1 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında məlumat veriləcək.

www.yenicag.az

399