!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkili mühasibatlığa son? - Ekspert fikri

!Reklam – Yazi

Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra aprelin 1-dən etibarən təkcə dövlət yox, özəl müəssisələrdə də əməkhaqqı yalnız plastik kart vasitəsilə veriləcək.

Görəsən bu addım ikili mühasibatlığın qarşısını nəhayət ala biləcəkmi?

Yeniçağ.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, təkcə nəzarət funksiyasını həyata keçirtməklə əməkhaqqlarının verilməsində mövcud olan ikili mühasibatlıqdan xilas olmaq mümkün deyil. Bunun üçün paralel olaraq təşviq tədbirlərinin də həyata keçirilməsinə ehtiyac vardır:

“Burada əslində, məqsəd ikili mühasibatlığın qarşısını almağa və büdcədən kənar pul dövriyyəsinin nəzarət altına götürülməsinə yönəlib. Maaşlar leqallaşdıqca ondan tutulan vergilər də təbii ki, artır. Amma Azərbaycanda bir reallıq da var. Bu addımın atılması sözsüz ki, ikili mühasibatlıq hallarının azalmasına öz təsirini göstərəcək. Amma bununla belə, addımın ikili mühasibatlığı tamamilə aradan qaldıracağını düşünmək də doğru deyil. Ölkədə işlə bağlı problemlərin olması, işsizlik hallarının artdığını nəzərə alan iş adamları yaranmış vəziyyətdən istifadə edərək, insanları heç bir qeydiyyat olmadan daha az əməkhaqqı ilə işləməyə təhrik edə bilərlər. Əvvəllər də belə hallar olub. İş adamları vergi və sosial müdafiə fonduna ödənişlərdən yayınmaq üçün işçiləri kommersiya müəssisələrində heç bir müqavilə bağlamadan işlədib. Bu da son nəticədə onların az təqaüd almasına səbəb olub. Həm də işçinin əmək hüququnun qorunmasına mənfi təsir göstərəcək.

Fikrimcə, burada Vergilər Nazirliyi və digər qurumların təkcə nəzarəti, sanksiyaları ilə vəziyyəti tam olaraq idarə etmək çətin olacaq. Çünki tək nəzarət mexanizmlərilə problemi kökündən həll etmək mümkün olmur. Təşviq mexanizmlərini də işə salmaq gərəkdir. Kommersiya müəssisələrində hər hansı bir işçini işə götürüb, rəsmi əmək müqaviləsi bağlamaq və banklar vasitəsilə əməkhaqqı ödənilməsinin əvəzində hər hansı bir güzəşt təklif oluna bilər. Bu, həm hesabı olan bankdan daha aşağı faizlə bank kreditlərinin götürülməsi, həm də vergilərdə müəyyən güzəştlərin olması ilə də baş verə bilər. Həmçinin müəyyən layihələrdə iştirakın təşviqi də mümkündür. Yəni tək qorxu ilə işi müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayacaq. Çünki söhbət 100 minlərlə insanın qeydiyyatsız şəkildə kommersiya müəssisələrində çalışmasından gedir. Rəsmən 590-600 min işçi qeydiyyata alınıb, qeyri-rəsmi rəqəm isə bundan azı iki dəfə çoxdur. Bütün bunları leqallaşdırmaq üçün də hökumət nəzarət funksiyası ilə paralel şəkildə təşviq tədbirləri də görməlidir. Belə olarsa, daha effektli nəticələr əldə etmək mümkündür. Effektli nəticələr fonunda isə maaşların kartla verilməsi büdcəyə vergi daxilolmalarının həcmini artıracaq. Ən azı maaşdan tutulan 14 faizlik vergi ilə, habelə, Sosial Müdafiə fonduna verilən vəsaitlər hesabına dövlət büdcəsinin həcmi xeyli artacaq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv