!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev nekroloq imzaladı

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva,hökumət rəsmiləri və elm nümayəndələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərovun ölümü ilə bağlı nekroloq imzalayıb.

Yenicag.az-ın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov 2018-ci il fevralın 18-də ömrünün 81-ci ilində vəfat edib.

Abbas Ələsgərov 1937-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1957¬–1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsində mühəndis-inşaatçı ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən, 1959-cu ildə respublika “Xalqtəsərrüfatmaştəchizatsatış” idarəsində mühəndis kimi başlayan Abbas Ələsgərov 1960–1961-ci illərdə ixtisaslaşdırılmış “Sənayetikintimexanikləşdirmə” trestində texnik, usta və mühəndis, 1961–1962-ci illərdə Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyinin əsaslı tikinti şöbəsində mühəndis işləmiş, 1962–1976-cı illərdə Sənaye Tikinti Nazirliyində tikintidə yeni texnikanı tətbiq edən “Texniki tikinti təşkilatı” trestində böyük mühəndis, qrup rəhbəri, şöbə müdiri və baş mühəndis, 1976–1977-ci illərdə Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin tikinti idarəsində baş mühəndis vəzifələrində çalışıb. O, 1977–1982-ci illərdə SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunda baş mühəndisin müavini, 1982–1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin layihə konstruktor-texnoloji bürosunun, 1983–2007-ci illərdə isə Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifələrini tutub.

Abbas Ələsgərov 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olmuş, eyni zamanda, 2007–2012-ci illərdə Azərbaycan Memarlar İttifaqına sədrlik edib.

Tanınmış memar və inşaatçı Abbas Ələsgərov həyatını quruculuq işlərinə sərf etmiş və Azərbaycanda tikinti-memarlıq kompleksinin inkişafına töhfələr vermişdir. O, ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi və inşasının təşkili işlərinə rəhbərlik etmiş, yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində mühüm əhəmiyyətə malik bu layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Bakı şəhərinin bugünkü simasını müəyyən edən bir çox binaların, yaşayış massivləri və komplekslərinin tikinti layihələrinin, eləcə də Milli Parkın baş planının hazırlanmasında onun özünəməxsus xidmətləri vardır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi Abbas Ələsgərov tarixi abidələrin qorunması, şəhərsalmada tarixiliklə müasirliyin vəhdətinin təmin olunması və tikinti işlərinin planlı qaydada aparılması üçün bütün qüvvə və imkanları səfərbər etməklə üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmış və göstərilən etimadı daim doğrultmuşdur.

Abbas Ələsgərovun respublikada memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, “Əməkdar mühəndis” və “Əməkdar memar” fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Tanınmış memar və mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Abbas Abbas oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Abid Şərifov
Hacıbala Abutalıbov
Əbülfəs Qarayev
Ömər Eldarov
Elbay Qasımzadə
Rasim Əliyev
Dövlətxan Dövlətxanov
Gülçöhrə Məmmədova
Ərtegin Salamzadə”

COP29

www.yenicag.az

2034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv