İlham Əliyev: “Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır”

“Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: “2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərinə görə təşəkkür edirik. İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi”.(APA)

COP29