!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Füzulidə açılış və təməlqoyma mərasimlərinə qatıldı

!Reklam – Yazi

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.

Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

***

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlət başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.

Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.

Məlumat verilib ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verdi.

Qeyd olundu ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.

Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

***

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma şəbəkə barədə məlumat verilib.

Bildirilib ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə 20 metr olacaq.

Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşıllıq zolaqları, sağlamlığa faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə və yolların isə ikizolaqlı olacağı planlaşdırılır.

Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi və kommunikasiya xətlərinin layihəsi vahid işçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səkilərinin altından keçəcək elektrik, qaz, su, rabitə, kanalizasiya və yağış sularının axıdılması xətləri ilə birlikdə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət vəsaitinin qənaətinə, işlərin optimallaşdırılmasına və yüksək səviyyədə əlaqələndirilməsinə imkan yaradacaq, habelə kommunikasiya şəbəkələrinin paralel çəkilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan verəcək.

Prezident İlham Əliyev Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoyub.

Sonra dövlətimizin başçısına və birinci xanıma Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə də məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyalarin tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilən Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirilib ki, Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəzin birinci mərtəbəsində birinin gücü 2500 kVA olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə rəqəmsal idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzini işə salıb.

Qeyd olunub ki, rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.

***

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verilib.

Bildirilib ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.

Dövlət başçısına layihə haqqında məlumat verilib.

Bildirilib ki, layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.

Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək.

Dövlət başçısı kompleksin təməlini qoyub.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv