Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezident Qazaxda açılışlar etdi - YENİLƏNDİ/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.

Yenicag.az xəbər verir ki, Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir.

Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.

Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə saldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.

Dövlətimizin başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verildi. Bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindən hesab olunur. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir daha təsdiqləyir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub.

Yenicag.az xəbər verir ki, dövlət başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Loading...

www.yenicag.az

615
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100