!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Zəngilan rayonuna səfər etdi: Təməlqoyma mərasimlərinə qatıldı - YENİLƏNDİ

!Reklam – Yazi

Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə kəndin inkişaf planı barədə videoçarx nümayiş olunub .

Dövlət başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur.

Qeyd edilib ki, birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verilib.

Bildirilib ki, Baş plana əsasən, yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq. Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi dövlətimizin başçısının daim diqqəti mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibbi xidmətin səmərəli təşkili və həyata keçirilməsi üçün genişmiqyaslı işlər görülür.

***

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlət başçısına layihə barədə məlumat verilib.

Bildirilib ki, inzibati bina Zəngilan şəhərinin mərkəzində, əsas küçələrin kəsişməsində yerləşir. Bu ərazi əsas ictimai obyektlərə, təhsil müəssisələrinə, peşə məktəbinə, memorial parka və məscidə yaxındır.

Qeyd olunub ki, üçmərtəbəli bina quruluşuna görə şəhərin müxtəlif yerlərindən görünə biləcək. İnzibati binanın daxili atrium quruluşda layihələndirilib. Binanın ardıcıl quruluşu isə iki hissəni birləşdirir. İnzibati binanın külək turbinləri şəklində olan fasad strukturu damın kənarı boyunca düzülüb. Dam örtüyü günəş panelləri ilə əhatə olunur. Damın quruluşu binanın daxilinin təbii işıqlanmasına imkan verir və böyük tədbirlərin keçirilməsi üçün əlavə yer imkanı yaradır.

Bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin fəaliyyət göstərəcəyi binada müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri yaradılacaq. İnzibati binanın ətrafında müxtəlif istirahət məkanları və iaşə obyektləri fəaliyyət göstərəcək.

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev inzibati binanın təməlini qoyub.

***

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub.

Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.

Ekoloji memarlıq konsepsiyasına əsasən, Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə olunacaq. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.

Qeyd olundu ki, yeni stansiya binasının tikintisi, perimetr boyu hasarlama işləri yekunlaşıb. Maşın zalı, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi, avtomatika və idarəetmə panellərində məsafədən idarəetmə kompüterlərinin quraşdırılması üzrə işlər icra edilir. Həmçinin “Şayıflı” Kiçik Su Elektrik Stansiyasından çıxan suyun “Sarıqışlaq” SES-ə ötürülməsi məqsədilə nəzərdə tutulmuş derivasiya borusunun çəkilməsi üzrə işlər davam edir. Derivasiya tipli su elektrik stansiyasının suqəbuledicisi ilə stansiyaarası məsafə 5239 metrdir. “Sarıqışlaq” SES-in turbinlərindən keçən suyun heç bir itki olmadan “Zəngilan” KSES-ə ötürülməsi istiqamətində işlər davam etdirilir.

Bu stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğunun tikintisi, istehsal olunacaq elektrik enerjisinin enerjisistemə inteqrasiyası və stansiyada avtomatik idarəetmə sisteminin qurulması da nəzərdə tutulub. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Sarıqışlaq” SES-də il ərzində 33,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Dövlətimizin başçısına Zəngilan, Laçın və Kəlbəcər rayonlarında tikilən Su Elektrik stansiyaları barədə də məlumat verildi.

Bildirildi ki, hazırda “Azərenerji” tərəfindən Zəngilan və Laçın rayonlarında 7 yerdə ümumi gücü 70,5 meqavat olan Su Elektrik stansiyalarının tikintisi aparılır. Oxçuçayın üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları yeni tikilir və həmin stansiyaların hər birinin gücü 10,5 meqavat olmaqla, ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” stansiyaları isə yenidən qurulur.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu stansiyaların hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq. Su Elektrik stansiyalarında il ərzində ümumilikdə 230 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsalı nəzərdə tutulub.

Həmçinin diqqətə çatdırıldı ki, hazırda Laçın və Kəlbəcər rayonlarında daha 9 yerdə ümumi gücü 76,8 meqavat olan Su Elektrik stansiyalarının tikintisinə başlanılır. Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik stansiyaları yeni layihə əsasında tikiləcək.

Qeyd edək ki, bu günədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.

Beləliklə, böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.

***

Mayın 4-də Zəngilanda otel kompleksinin təməlqoyma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksin layihəsi barədə məlumat verib.

Bildirilib ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Otel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Diqqətə çatdırılıb ki, 110 nömrədən ibarət olacaq otel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Otel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.

Sonra Prezident İlham Əliyev otel kompleksinin təməlini qoyub.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv