!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin Putinlə görüşündə 3 əsas HADİSƏ: Rəsmi Moskva ilk dəfə bu jesti etdi - DETALLAR

!Reklam – Yazi

“Dünən Moskvada baş tutan Əliyev-Putin görüşü təsadüfi deyildi. Əslində, təsadüf olan Baykal-Amur magistralının 50 illik yubileyi ilə bağlı tədbirin həmin günə salınması və Azərbaycan Prezidentinin dəvət olunması idi. Lakin əsas müzakirə predmeti Baykal-Amur magistralının veteranları məsələsi olmadı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin ötəngünkü Moskva səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə baş tutan görüşünü şərh edib.

Onun sözlərinə görə, burada 3 əsas hadisəni diqqətə almaq lazımdır.

“Birincisi, Rusiyanın hərbi kontingentinin Qarabağdan çıxarılması ilə bağlı verilən siyasi qərar; ikincisi, Rusiyanın vasitəçiliyinə və xəritələrinə ehtiyac olmadan Azərbaycan-Ermənistan delimitasiya komissiyası və işçi qrupunun protokol imzalaması; Və nəhayət, üçüncü, Nikol Paşinyanın 44 günlük müharibədə Azərbaycan ordusunu dayandırmaq üçün müvəqqəti olaraq İrəvanın Rusiya qoşunlarından sərhədə gəlməsini xahiş etməsi”, – deyə o bildirib.

N.Miri diqqətə çatdırıb ki, indi razılaşdırılmış sərhəd beynəlxalq sərhəd statusu alandan sonra Rusiya sərhəd qoşunlarının orada dayanmasına ehtiyac olmayacaq:

“Düşünürəm ki, Moskva görüşündə əsas müzakirə predmeti olan mövzu bunlardır. Rusiya lideri Vladimir Putin də bunu dilə gətirdi ki, azərbaycanlı həmkarı ilə müzakirə edəcəyi əsas məsələlərdən biri də regionda təhlükəsizliyin təmin edilməsidir. Deməli, Moskvanı narahat edən əsas məqam məhz bunlardır. Birmənalı deyə bilərik ki, bu məsələlər ciddi şəkildə müzakirə olunub. Ancaq buradan hansısa nəticələrin çıxması mümkün deyil. Çünki Azərbaycan və Ermənistan 2 dövlət olaraq birgə yaşayış prinsipində oturub danışa və konkret razılığa gəlib, qərarlar qəbul edə bilirsə, onda hər kəsin geosiyasi maraqlarını uzlaşdırmaq məcburiyyəti aradan qalxır və vasitəçiliyə ehtiyac qalmır. Belə olan halda, Azərbaycan nəyə görə yeni vasitəçinin prosesə müdaxilə etməsinə razılıq versin?”

Politoloq hesab edir ki, rus sərhəd qoşunlarının bu ərazilərdən çıxması məsələsi də Ermənistanın dövlət suverenliyinə aid olan bir məsələdir.

“Bunu həll edəcək tərəf Ermənistandır və Rusiyanın həmin torpaqlardan çıxmaq kimi bir lüksü mövcud deyil. Çünki Gümrüdəki 102 nömrəli hərbi bazadan fərqli olaraq, şərti sərhəddə yerləşən rus qoşunlarının heç bir hüquqi statusu yoxdur. Sadəcə, xahiş olunub və gəlib orada dayanıblar. Sərhəd müəyyən olunandan sonra isə artıq “cəbhə xətti” anlayışı aradan qalxır. Yəni Ermənistanın sərhəd qoşunları orada dayanırsa, Rusiya hərbçiləri oradan çıxmalıdır”, – deyə o əlavə edib.

Siyasi təhlilçiyə görə, Ermənistanın baş naziri Nikol Paşinyan da sözügedən məsələləri Vladimri Putinlə müzakirə edəcək:

“Fikrimcə, bu məsələlərin Azərbaycana aidiyyəti yoxdur. Sərhədlərin delimitasiyası ilə bağlı razılaşdırılmış məsələyə gəldikdə isə bunlar Almatı bəyannaməsi kontekstində prinsipial olaraq razılaşdırılıb. Çünki sülh müqaviləsi bundan ayrı bir məsələdir və sülh müqaviləsində hansı prinsiplər yer alacaqsa, onda delimitasiya komissiyalarının razılaşdırılmış reqlamenti və protokollarında dəyişiklik edilə bilər. Bu məsələdə Rusiya, əlbəttə ki, iştirak etmək istəyəcək. Çünki Moskva iddia edir ki, Rusiya Baş Qərargahında bütün xəritələr mövcuddur onların iştirakı ilə sərhədlər müəyyənləşməlidir. Lakin bu, birtərəfli məsələ deyil, çünki Ermənistanın da mütləq mənada buna razılıq verməsinə ehtiyac var. Əgər İrəvan bu günə qədər buna razılıq verməyibsə, bundan sonra da verməyəcək. Çünki bu proseslərdən Rusiyanın uzaqlaşdırılması Qərbin Paşinyan hakimiyyəti qarşısında qoyduğu tələbdir ki, bundan geriyə dönüş olacağı mümkün görünmür. Ona görə də bu məsələlər müzakirə olunsa da, konkret məsələlərdən danışmaq mümkün deyil”.
Mütəxəssis aydınlaşdırıb ki, burada Rusiya üçün ən həll edici məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir ki, bu, Moskvanın əlində tuta biləcəyi sonuncu dəlildir:

“Çünki 10 noyabr sənədində kommunikasiyalar açıldığı təqdirdə, burada nəzarət sistemi Rusiyanın təhlükəsizlik xidmətinə tapşırılmalıdır. Ancaq Ermənistan buna razılıq vermir və Azərbaycan bununla bağlı Rusiya ilə konkret razılaşma və qərar verə bilməz. Ona görə ki, Ermənistan özünün yurisdiksiyası və suverenliyi barəsində danışır ki, fikrimcə, bu da Qərbin sifarişi ilə ortaya atılmış addımdır. Mənə elə gəlir ki, Ermənistanın bu addımdan geri çəkilməsi üfüqdə belə görünmür”.

Dünənki görüşə qayıdan politoloq əlavə edib ki, o, bu görüşü Rusiyanın getdikcə mövqeləri güclənən Azərbaycanı yanında tutmaq xarakterli bir görüş kimi dəyərləndirir:

“Çünki beynəlxalq səviyyədə mövqelərini gücləndirən bir Azərbaycanı, əlbəttə ki, Rusiya yanında tutmaq istəyər. Ona görə ki, Ermənistandan sıxışdırılan Rusiya Azərbaycanla həddən artıq yaxınlaşmanı təmin edərsə, bu, Moskvanın Cənubi Qafqazdakı varlığına şərait yaradar. Qısacası, dünənki görüşün əsas qayəsi bundan ibarət idi. Çünki heç bir zaman işlədilməyən bəzi frazalar işlədildi. Məsələn, Putinin sözçüsü Peskov Azərbaycanı “böyük dost” adlandırdı. Mən bu jesti daha çox Moskvanın Bakını öz yanında görmək istəyi ilə əlaqələndirirəm. Hətta Putinin açıqlamasında “dost və qardaş” ifadələri işlədildi. 44 günlük müharibədən sonra Rusiyanın moderatorluğu altındakı Kreml görüşlərində Azərbaycana münasibət belə olmayıb. Çünki Moskva onda hesab edirdi ki, proseslərə diktə edən tərəf özü idi. Bunları müqayisə edəndə bəzi gerçəklər üzə çıxır”.

Rafi Müslümov

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv