!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin Xankəndi stadionundakı çıxışının TAM MƏTNİ - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edib:

“Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ – Ordu – Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.

***

13:47

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutacaq oyunu izləmək üçün Xankəndi şəhər stadioununa gəliblər. 

Həmin çıxışı təqdim edirik:

 

***

13;00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

***

12:18

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərində də başlanılıb.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” hoteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.

 

***

12:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlətimizin başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

***

12:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

Yenicag.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

***

10:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv