!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevlə Ərdoğanın GÜC BİRLİYİ: Regionda cızılan yeni siyasətin mərkəzində Türkiyə-Azərbaycan həmrəyliyi - TƏHLİL

!Reklam – Yazi

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək. Türkiyə lideri iyunun 13-də isə Azərbaycana gələcək.

Göründüyü kimi, Azərbaycan Türkiyədə növbəti müddət üçün prezidentlik kürsüsünə əyləşən R.T.Ərdoğanın ilk səfər etdiyi ölkələrdəndir. Şübhəsiz ki, bu, ilk növbədə, iki ölkə və xalq arasında tarixən mövcud olan və bu gün geniş şəkildə inkişaf etdirilən dostluq münasibətlərindən irəli gəlir. Amma tarixdə baş vermiş bir sıra hadisələr, o cümlədən Türkiyədə keçirilən sonuncu prezident seçkilərində namizədlərdən biri olmuş Kamal Kılıçdaroğlunun Azərbaycanı müəyyən regional layihələrdən kənarda saxlamaq niyyəti barədə dedikləri və digər addımlar göstərdi ki, hakimiyyətdəki qüvvələrdən asılı olaraq, Azərbaycan-Türkiyə münasibətləri bugünkü səviyyədə olmaya bilər. Bu isə ən azı tarixən bir-biri ilə bağlı olan iki xalq üçün arzuedilən deyil.

Hadisələr göstərir ki, Azərbaycanla Türkiyə arasındakı hazırkı dostluq münasibətləri həm də iki ölkə liderlərinin qətiyyəti ilə bağlıdır. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyənin dövlət başçısı R.T.Ərdoğan iki ölkə və xalq arasında tarixi dostluq münasibətlərinin davam və inkişaf etdirilməsində maraqlıdır. Bu mövqe isə Azərbaycanın Türkiyənin üzləşdiyi problemə öz problemi, eynilə Türkiyənin də Azərbaycanın probleminə öz problemi kimi yanaşmasını şərtləndirib. Bu baxımdan, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi prosesində Türkiyənin xüsusi rolunu qeyd etmək olar. Aydındır ki, bu proses çox çətin olub. Nəzərə alaq ki, bir çox hallarda bu münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürmüş Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya ermənilərin mövqeyini müdafiə edib və bu gün də oxşar hallar təkrarlanmaqdadır. Lakin buna baxmayaraq, Azərbaycan 44 günlük müharibəni uğurla həyata keçirib və Ermənistanı məğlubiyyətə uğradıb. Bu məsələdə isə prezident İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü ilə yanaşı, Türkiyənin, o cümlədən bu dövlətin başçısı R.T.Ərdoğanın dəstəyi, həmçinin iki ölkənin liderlərinin rəhbərliyi altında Azərbaycan və Türkiyənin Rusiya ilə normal münasibətlər qurmasının da mühüm rol oynadığını demək olar.

Təsadüfi deyil ki, həmin dövrdə ən azı Rusiya aktiv hərbi əməliyyatlara qoşulmayıb. Halbuki vaxtilə həmin torpaqlar ermənilər tərəfindən Rusiyanın dəstəyi ilə işğal edilib.
Azərbaycan və Türkiyə prezidentlərinin uğurlu mövqe və siyasəti hazırda dünyanın yenidən bölüşdürülməsi uğrunda aparılan Rusiya-Ukrayna müharibəsində də özünü göstərməkdədir. Rəsmi Bakı və Ankara, demək olar ki, hər iki tərəflə eyni məsafədədir. Həm Rusiya, həm də Ukrayna ilə, eləcə də bu ölkəyə açıq dəstək verən dövlətlərlə münasibətlər davam etdirilir. Eyni zamanda, Azərbaycan və Türkiyə prezidentləri daha çox müharibənin başa çatmasında və tərəflər arasındakı münaqişənin masa arxasında, sülh yolu ilə həll olunmasında maraqlı görünür. Təkcə bir faktı qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını təmin edən “Taxıl dəhlizi”nin açılmasında xüsusi rolu var. Şübhəsiz ki, bu kimi hallar dünya ölkələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin diqqətindən kənarda qalmır. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Macarıstanın Baş naziri Viktor Orban: “Mən prezident Ərdoğanın qalib gəlməsi üçün dua edirdim və bu qələbə böyük yüngüllük oldu. Mən səmimi olaraq deyim ki, əgər o, qalib gəlməsəydi, bu, fəlakət olardı”, – deyib. Orban bildirib ki, məhz Ərdoğan 4 milyon qaçqının Türkiyəni tərk etməsinə imkan vermir və əgər müxalifət qalib gəlsəydi, bir neçə an içində 1, 2 və ya 3 milyon qaçqın Avropaya üz tutardı. Orban onu da diqqətə çatdırıb ki, K.Kılıçdaroğlunun namizədliyi amerikalı biznesmen Corc Soros tərəfindən dəstəklənib. Bundan başqa, Orbanın sözlərinə görə, əgər Türkiyə müxalifəti qalib gəlsəydi, Rusiya qazının Macarıstana daşınması ilə bağlı problem yaranardı.

Bununla yanaşı, bir müddət əvvəl Ukraynada həbs edilən Rusiya yönümlü partiya lideri Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko R.T.Ərdoğandan kömək istəyib. O, Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə birlikdə, Türkiyə Prezidentinə də müraciət edib. O.Marçenko həyat yoldaşının dərhal azad olunmasını istəyib. Həmçinin Kosova ilə Serbiya arasında münasibətlərin yenidən kəskinləşməsi fonunda Serbiya Lrezidenti Aleksandar Vuçiç bir neçə gün öncə R.T.Ərdoğana zəng vurub. O, yaranmış gərginliyin aradan qaldırılması üçün R.T.Ərdoğandan vasitəçilik etməyi xahiş edib.

Sadalananlar və şahidi olduğumuz bir sıra digər hallar göstərir ki, R.T.Ərdoğanın yenidən prezident seçilməsi Türkiyənin dünyada və regionda mövqeyini daha da gücləndirəcək. Məsələn, ABŞ-nin “Foreign Policy” qəzetinin yazdığına görə, R.T.Ərdoğan Serbiya ilə Kosovo arasındakı gərginlikdə mühüm rol oynamaq istədiyini göstərib. Belə ki, bölgədə sabitliyin təminatı üçün lazımi addımları atan Türkiyə lideri, Avropa Birliyinə (AB) təsir etmək üçün qeyri-qanuni miqrasiya keçidlərinin qarşısını almağa da davam edəcək. Onun AB üçün etdiklərinin qarşılığında istəyəcəyi əsas məsələlər isə Türkiyənin artıq demokratik olmadığına dair ittihamlara son qoyulması, Türkiyə kapitalının Avropa bazarlarına daxil olması və ölkə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi olacaq.

Şübhəsiz ki, Türkiyənin dünyada və regionda təsir imkanlarının daha da artması Azərbaycan üçün arzuolunandır. Bu hal Türkiyə ilə yanaşı, Azərbaycanın da dünyada və regionda rolunun artması deməkdir. Təbii ki, bu birlik və güc bəzi məsələlərdə həlledici rola malikdir. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan R.T.Ərdoğanın andiçmə mərasində iştirak etmək üçün Türkiyəyə səfər edib. Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı isə iki dövlət başçısının Cənubi Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edəcəkləri və bununla bağlı bəyanatlarla çıxış edəcəkləri gözlənilir.

Hazırda bu mövzuda əsas müzakirə olunan məsələlər isə Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Bu məsələlər reallaşandan sonra regionun daha da inkişaf edəcəyi, bu istiqamətdə əsaslı addımların atılacağı gözlənilir.

Aqil Bəkir

www.yenicag.az

1360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv