İlham Şaban: “Azərbaycanın 2020-ci ildə xam neft satışından əldə edəcəyi gəlirin artması…”

“İqtisadi proqnozlar çox vaxt siyasi bəyanatlara əsaslandığı üçün onların reallığa uyğunluğunu müəyyənləşdirmək asan olmur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Bloomberg” agentliyinin 2020-ci ildə dünyada neftə olan tələbatın və bu xammalın qiymətinin artacağı haqda proqnozunu, eyni zamanda, həmin tendensiyanın Azərbaycanın neft gəlirlərinə mümkün təsirini şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Bloomberg” agentliyi 2020-ci ildə dünyada neftə olan tələbatın, bununla paralel qiymətin də əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırıb. Agentliyin bu proqnozunun əsas arqumentlərindən biri də OPEC+ ölkələri neft nazirlərinin gələn il ABŞ-da xam neft hasilatının artım tempinin azalacağına yönəlik inamlarıdır. O baxımdan, OPEK+ ölkələri neft nazirlərinin sabahdan başlayacaq “dekabr müzakirələri” “qara qızıl”ın hasilat həcmi və qiyməti ilə bağlı əsas məqamlara aydınlıq gətirəcəyi gözlənilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, siyasi amillərin dəyişkənliyi iqtisadi xarakterli, o cümlədən, neftin qiymətlərinə yönəlik proqnozları birmənalı qiymətləndirməyə imkan verilmir:

“İqtisadi proqnozlar çox vaxt siyasi bəyanatlara əsaslandığı üçün onların reallığa uyğunluğunu müəyyənləşdirmək asan olmur. Noyabrın birinci yarısına qədər bütün proqnozlarda 2020-ci ildə neftə olan tələbatın azalacağı bildirilirdi.

Bunun səbəbi ABŞ-la Çin arasındakı “ticarət müharibəsi”nin səngiməməsi ilə bağlı idi. Lakin noyabrın ikinci yarısından etibarən, ABŞ-la Çinin iqtisadi qarşıdurmada bir sıra qarşılıqlı addımlar atması vəziyyəti nisbətən sabitləşdirdi. Yəni ABŞ-ın Çinin 30 məhsuluna qarşı aksizlərin azaldılmasına dair qərar qəbul etməsindən sonra beynəlxalq agentliklər öz proqnozlarına yenidən baxmalı oldular. Bununla belə, gələn il dünyada iqtisadi vəziyyətin necə dəyişəcəyini və neftin qiymətlərinin hansı həddə olacağını heç kəs dəqiq bilmir”.

İlham Şabanın fikrincə, “Bloomberg” agentliyinin neftin bahalaşacağı haqda proqnozunun doğrulacağı təqdirdə, Azərbaycanın 2020-ci ildə xam neft satışından əldə edəcəyi gəlir ölkənin büdcə kəsirinin aradan qaldırılmasında mühüm rol oynaya bilər:

“Azərbaycanda 2020-ci il üçün neftin büdcə qiyməti 55 dollar həddində müəyyən edilib və gələn il ölkənin büdcə kəsiri üçün 2.8 milyard manat nəzərdə tutulur. Neftin bahalaşması sayəsində gəlirlərin artması ölkənin büdcə kəsirini alternativ variantlara əl atmadan doldurmağa imkan verəcək”.

Gülşən Şərif

COP29