!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmtahanların kompüterlə keçirilməməsinin SƏBƏBİ: “Azərbaycanın təhsil sistemindəki texniki baza...” - AÇIQLAMA

!Reklam – Yazi

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış imtahanları barədə dedikləri müzakirələrə səbəb olub. O bildirib ki, yaxın 5 ildə imtahanların kompüter formatına keçməsi mümkün deyil.

Eyni zamanda qurum sədri qeyd edib ki, hazırda bu üsuldan magistratura və doktoranturaya qəbul imtahanları zamanı istifadə edilir. O vurğulayıb ki, buraxılış imtahanları kütləvi imtahan növüdür və ən azı 130 mindən çox insan iştirak edir. Buna görə də imtahanları kompüter vasitəsi ilə keçirmək 5 il ərzində mümkün deyil.

İnsanları maraqlandıran məqam isə, bunun mümkün olmamasında hansı amillərin rol oynamasıdır. Azərbaycanda yetəri qədər texniki baza yoxdur?

Bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, DİM kompüterlə imtahan keçirmək potensialına malikdir, amma buraxılış imtahanları kütləvi bir tədbirdir: “”SAT”, “İelts”, “TOEFL” kimi beynəlxalq imtahanlar kompüter vasitəsi ilə keçirilir və bu imtahanlar dünya səviyyəsində tanınır, standartları var. Buraxılış imtahanlarında isə 130 mindən çox şagird iştirak edir. DİM bu imtahanları 3 istiqamətdə təşkil edir. Yəni hər dəfə 35-40 minə qədər şagirdi qəbul edir. Amma digər imtahanlarda maksimum 2000 nəfər iştirak edir. Buna görə də buraxılış imtahanlarını kompüter sisteminə keçirmək yaxın illərdə mümkün deyil. Lakin gələcəkdə DİM bir yenilik edə bilər: bir infrastruktr təşkil edilərək hər həftə 100-150 şagirddən kompüter vasitəsi ilə imtahan götürülə bilər. DİM-in illərdir davam edən resursları var, orada yalnız öz işçiləri fəaliyyət göstərmir. Eyni zamanda nəzarətçilər, polis, FHN, tibbi yardım maşını və s. qurumlar da iştirak edir. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi sınaq imtahanlarında da texniki bazadan istifadə edərək, bunun mümkün olmasını göstərir, lakin kütləviliyə görə tamamilə kompüter sisteminə keçmək alınmır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə öz açıqlamasında qeyd edib ki, imtahanların kompüter sisteminə keçməsi müəyyən hazırlıq tələb edir:

“Bu proses üçün “kömpüter parkı” möhkəmləndirilməlidir. İlkin dövrdə bunu pilot qayda ilə, yəni addım-addım etmək olar. Məsələn, birinci Bakı şəhərində və yaxud Bakının hər hansısa bir bölgəsində, daha sonra isə digər rayonlara keçərək yeni sistem yaratmaq olar. İmtahan verən şəxslərin də yetəri qədər kompüter bilikləri olmalıdır. DİM də bu sahədə maarifləndirici işlər aparmalıdır.

Əvvəllər, DİM-in binasının qabağında xeyli növbə olurdu, insanlar imtahan nəticələrini o şəkildə öyrənirdilər. Lakin indi,ə DİM-in saytında bir çox prosesləri onlayn yolla həll etmək mümkündür. Bu, bir qədər zaman aldı, tamamilə kompüter sisteminə keçmək üçün də vaxt lazımdır. İlkin addım olaraq, informatika fənnindən kompüter vasitəsilə imtahan vermək olar. Bildiyimiz kimi, təhsil sistemində yenilik olacaq. Bu il ali məktəblərdə “informasiya texnologiyaları” ixtisasını seçən abituriyentlər ilk dəfə kimya fənnindən yox, informatikadan imtahan verəcək. Düşünürəm ki, yavaş-yavaş kompüter sisteminə keçid etmək daha doğru addımdır”.

Şəhanə Paşa

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv