!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndiki uşaqlar azaddırlar, yoxsa məsuliyyətsiz? – Psixoloqdan AÇIQLAMA

!Reklam – Yazi

“Nə istəsəm edərəm, heç kim mənə bunu etmə deyə bilməz, mənə heç valideynlərim qadağa qoymayıb!”.

Bəli, cəmiyyətimizdə bu ifadələrdən istifadə edənlərin əksəriyyətinin “müasirləşmiş” və yaxud ailədə ərköyün böyüdülmüş olduğunu bir çoxumuz müşahidə etmişik. Bəs bu xarakterlə böyümüş bir övlad gələcəkdə ailə qurduğu zaman və yaxud hər hansı bir situasiyada qarşı tərəflə münasibətdə hansı problemlərlə üzləşə bilər?

Mövzuya münasibət bildirən psixoloq Fuad Əsədov Yenicag.az-a açıqlamasında valideynlərin uşaqlara azadlıq verərkən nələrə diqqət etmələrindən danışıb.

O, deyib ki, uşağın azad böyüdülməsi ilə məsuliyyətsiz böyüdülməsi arasında böyük fərq var:

“Valideynlər övladlarının fikirlərinə hörmətlə yanaşmalıdır. Övladları fərd kimi yetişdirərkən, ona dünyanın necə bir yer olduğu başa salınmalı, insanlarla münasibətin necə qurulması öyrədilməlidir. Övladların qarşısına müəyyən öhdəliklər qoyulmalı, müəyyən məsuliyyətlərlə yüklənməlidirlər.

Bilmək lazımdır ki, yalnız valideynlər tərəfindən deyil, müxtəlif insanlar tərəfindən də bir sıra təsirlərə məruz qala bilərik. Adekvat olaraq isə hər birimiz bu təsirlərə reaksiya göstəririk. Bəzən güzəştə gedir, bəzən isə konfliktə gedirik.

“Heç kim mənə qarışa bilməz”, “heç kim mənə bunu etmə deyə bilməz” kimi cümlələr utopikdir. Birincisi dərk etmək lazımdır ki, belə bir həyatda yaşamırıq. İkincisi isə biz sosial canlılarıq. İnsanlar bizə qarışır, biz insanlara qarışırıq və sair. Bu situasiyada münasibətin sağlam balansını qorumaq lazımdır. Bir-birimizin fikirlərinə qulaq asmalı, dəyərləndirməli və ona əsasən hərəkət etməliyik. Söhbət azadlıqla özbaşınalıq arasındakı fərqdən gedir.

Valideynlər və yaxud müəllimlər uşağı təhqir edə, döyə bilməzlər, lakin danlaya bilərlər. Bunları ayırd edə bilsək, cəmiyyət üçün daha sağlam övlad yetişdirə bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv