!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnformasiya savaşının qurbanı olan ÖLKƏLƏR: "Rusiya gördü ki, hücuma məruz qalmaq..."

!Reklam – Yazi

“Bir zamanlar Azərbaycana qarşı informasiya savaşı aparanlardan biri Rusiya mediası idi. İndi o duruma düşüb gördülər ki, hücuma məruz qalmaq nə deməkdir”.

Bu fikri Ukrayna fonunda Rusiya və Qərbin apardığı informasiya müharibəsi və medianın buna alət olmasını şərh edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında səsləndirib.

Müşfiq Ələsgərli bildirib ki, Qərbdə hazırlanmış demokratik media nəzəriyyələrini ilk növbədə pozan elə Qərb özü olub:

“Qərbdə hazırlanmış media nəzəriyyələrinə və medianın özünün nəzəri bilgilərinə görə media informasiya savaşının tərkibi olmamalıdır. Jurnalistikanın vəzifəsi əhaliyə doğru-düzgün məlumatı çatdırmaqdır. Azərbaycan mediası çox uzun müddət Qərbdən gələn nəzəriyyələrin səmimi tərəfinə baxıb. O nəzəriyyələrdə necə bildirilibsə, o cür də hərəkət etmişik. Təəssüflə qeyd etmək lazımdır ki, həmin Qərbdə hazırlanmış o nəzəriyyələri, demokratik media nəzəriyyələrini pozan elə ilk növbədə Qərbin özü olub. Bu, təkcə Ukrayna fonunda baş verən hadisələrdə deyil, uzun müddətdir davam edir. İraqda baş verən hadisələrdə, Ərəb baharı dövründə, Əfqanıstanda baş verən hadisələr dövründə, müasir dünyada nə qədər konfliktli məsələlər varsa, hamısında Qərb mediasının Qərb dövlətlərinin əlində informasiya savaşı aləti olduğunu müşahidə etmişik.

Uzağa getmək lazım deyil. Bir nümunə deyək. Bir zamanlar İraqa hücum etmək lazım idi və Qərb mediası iddia edirdi ki, İraqda kütləvi qırğın silahları, kimyəvi silahlar var. Müharibədən sonra üzrxahlıq etdilər ki, o silah tapılmadı. Ancaq iş işdən keçmişdi. Milyonlarla insan öldürülmüşdü.

Uzun müddət Azərbaycan ədalətsizliyə məruz qalıb. Torpaqlarımız işğal ediləndə həmin informasiya savaşının hədəfi həm də Azərbaycan olub. Onlar Azərbaycanın haqlı mövqeyini deyil, çox zaman erməni təbliğatının təsiri altında çoxsaylı haqsız, ədalətsiz materiallar hazırlayıblar. Yaşadığımız günlərdə Ukrayna-Rusiya münasibətlərində gördüyümüz yeni əlamətlər deyil, həqiqətlər çılpaqlığı ilə üzə çıxır.

Rusiya rəsmi olaraq etiraf elədi ki,  informasiya savaşına məruz qalırlar. Bu səs ona görə eşidilir ki, Rusiya böyük dövlətdir. Onun özünün də böyük transmilli KİV-ləri var. O vasitə ilə fikrini çatdıra bilir. Təəssüf ki, ərəb dövlətləri, təcavüzə məruz qalmış ölkələr öz səslərini dünyaya çatdıra bilmədilər. Çünki onların dünyaya çıxacaq transmilli KİV-ləri yox idi. Rusiya rəhbərliyinin etiraf etdiyi həqiqətləri 30 ildir biz görürük, deyirik ki, informasiya basqısına, təzyiqinə məruz qalırıq”.

Ekspert sözlərinə görə, Azərbaycana qarşı informasiya savaşı aparanlardan biri də Rusiya mediası olub:

Biz bunu ikinci Qarabağ savaşı dövründə gördük. İndi də haqqın, ədalətin yerini tapdığını görürük. Bir zamanlar Azərbaycana qarşı informasiya savaşı aparanlardan biri Rusiya mediası idi. İndi o duruma düşüblər və görüblər ki, hücum məruz qalmaq nə deməkdir.

Media nəzəriyyələrini pozanların əksəriyyəti transmilli KİV-lərdir. Hansılar ki, onlar böyük güclərdən, böyük dövlətlərdən dəstək alırlar. Buna görə də, həmin dövlətlərə xidmət edirlər”.

Səxavət Məmməd

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv