!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan beyninin transplantasiyası: Bu cür əməliyyat mümkündürmü? - ARAŞDIRMA

!Reklam – Yazi

Tibbin transplantologiya sahəsi son illərdə çox inkişaf edib. Bu inkişaf dövrü ərzində alimlər orqanların köçürülməsi üzrə heç də asan olmayan yollardan keçiblər. Bunun nəticəsində artıq bir insanın qaraciyərini və ürəyini digər insana köçürmək mümkündür. Hətta üz nahiyəsinin transplantasiyası əməliyyatları da baş tutur.

Lakin alimlərin fikirlərinə əsasən, beyin köçürülməsi əməliyyatı nə vaxtsa baş versə də, bu, yaxın gələcəkdə olmayacaq. Bu məsələdə həm texniki, həm də etik normalar baxımından müəyyən çətinliklər var. Texniki çətinlikləri aşmaq mümkün olsa da, etik normalar ilə bağlı çətinliklərlə heç də hər şey asan deyil.

Alimlər düşünürlər ki, insan beyninin ilk transplantasiya əməliyyatının keçirilməsinə kimi hələ çox zaman ötəcək. Təbii ki, əgər alimlər bu cür əməliyyatın keçirilməsinə razı olsalar. Həmçinin məsələ həm də etik normalarla bağlıdır. Beynin köçürülməsi faktiki olaraq bütün bədənin köçürülməsi deməkdir.

İnsanın həyatını donor bədəni vasitəsilə xilas etmək lazımdır, yoxsa həmin donorun müəyyən orqanları digərinə də köçürülməlidir?

Digər tərəfdən, beyin onurğa beyni ilə əlaqəli olan elə bir qəliz orqandır ki, istənilən xəta birinin digərini rədd etməsinə və nəticədə pasientin ölümünə səbəb ola bilər.

Nəzəri cəhətdən beyni kəllədən ayırmadan baş ilə birlikdə köçürmək mümkündür. Bu mövzu ilə bağlı heyvanlar üzərində artıq təcrübələr aparılıb. Həmin təcrübələr çərçivəsində heyvanlara yeni baş nahiyəsi transplantasiya olunub. Lakin həmin heyvanlar maksimum bir neçə saat və ya gün ərzində yaşaya biliblər. Bəzi hallarda isə onlar bir neçə ay ərzində yaşayıblar.

“Transplantologiya sahəsində fəaliyyət göstərən bəzi mütəxəssislər əvvəllər bildirirdilər ki, insan beyninin köçürülməsi uzaq olmayan gələcəyin işidir. Lakin mən düşünmürəm ki, hansısa cərrah və ya alim bu öhdəliyi öz üzərinə götürsün. Mən hesab edirəm ki, bu baş verməyəcək”, – deyə amerikalı neyrocərrah Fredrik Meyer qeyd edib.

Alimlər heç zaman heyvanlarda beyni başdan ayrıca transplantasiya etməyə cəhd göstərməyiblər. Beyin çox yumşaq orqandır və onu rahatlıqla zədələmək olar. Beynin başdan ayrıca transplantasiyası halında əməliyyatdan sonra kəllə hissəsindəki çoxlu sayda sinirləri birləşdirmək lazım gələcək. Bu isə çox qəliz məsələdir. Buna görə də alimlər müxtəlif heyvanlarda beyin ilə birlikdə baş hissəsinin köçürülməsini reallaşdırıblar. İlk bu cür əməliyyat 1908-ci ildə baş tutub. Həmin ildə Aleksis Karrel və Çarlz Qatri adlı alimlər bir itin başını digər itin bədəninə köçürdülər. Nəticədə iki başlı canlı alındı.

Lakin həmin canlı əməliyyatdan sonra bir neçə saat ərzində yaşaya bildi. 1954-cü ildə sovet alimi Vladimir Demixov itlərin bədənlərinin üst hissələrinin digər itlərə köçürülməsi üzrə təcrübələr keçirib. Bu cür iki başlı canlılar yalnız bir neçə gün ərzində yaşaya bilirdilər.

Lakin təcrübələrdən birində iştirak etmiş it 29 gün ərzində yaşaya bildi. Yaşadıqları qısa müddət ərzində iki başa sahib olan itlər su içmək özəlliyinə sahib idilər. Onların başları vizual faktorlara reaksiya verə bilirdi.

Nəticədə onların immun sistemləri transplantasiya edilmiş başı rədd etməyə başladı. Bu isə, öz növbəsində, heyvanların ölməsinə səbəb oldu. Keçən əsrin 70-ci illərində Robert Uayt adlı neyrocərrah makakalar (meymun növü) arasında yalnız baş hissəsinin transplantasiyası üzrə təcrübələr keçirib. O məhz bir bədəndə iki başın birləşməsini reallaşdırırdı. Həmin iki başlı meymunlar qida qəbul edə və qəbul etdikləri qidanı uda bilirdilər. Bundan əlavə, onlar hərəkət edən müxtəlif obyektləri gözləri ilə müşahidə edə bilirdilər. Lakin məsələ burasındadır ki, həmin meymunların bədənləri iflic vəziyyətdə idi. Belə ki, onların onurğa beyni normal şəkildə çalışmırdı. Nəticədə meymunlar əməliyyatdan 36 saat sonra ölürdülər.

Müasir dövrdə alimlər insan orqanizmində transplantasiya edilmiş orqanın rədd edilməsi ilə müxtəlif dərmanlar vasitəsilə mübarizə aparmağı öyrəniblər. Bundan başqa, alimlər artıq zədələnmiş bədən hissələri ilə orqanların bərpası zamanı damarların birləşdirilməsini də öyrəniblər. Nəzəri cəhətdən bu proses insan başının uğurlu transplantasiyası halında beyni qanla təmin etməyə davam edə bilər.

Məsələn, 7 il bundan öncə çinli alim Syaopin Ren siçanlar üzərində təcrübə aparıb. Təcrübə çərçivəsində alim bir siçanın başını, ikinci siçanın başına birləşdirib.

Bu ona görə uğurlu alınıb ki, alim birinci siçandakı 2 ədəd boyun damarı ilə yuxu arteriyasından birini kəsib və onları ikinci siçanın başına birləşdirib. Lakin əməliyyatın uğurlu keçməsinə baxmayaraq, iki başlı siçan çox yaşaya bilmədi. İnsan beyninin transplantasiyası məsələsinə gəldikdə isə onurğa beyninin kəsilməsi və daha sonra birləşdirilməsi problemi mövcuddur. Alimlər bu halda onurğa beyninin normal şəkildə çalışacağına dair sübutlara sahib deyillər. Daha bir problem əməliyyat zamanı beyni oksigen ilə təmin etməkdən ibarətdir. Məlumdur ki, oksigenin olmadığı halda beyindəki hüceyrələr 5 dəqiqədən sonra məhv olmağa başlayırlar.

Bundan əlavə, insanın baş transplantasiyası kimi əməliyyatdan sağ çıxıb-çıxmayacağı da məlum deyil. Hətta bunun baş verəcəyi halda belə başsız qalan bədənin hansı ağrıları hiss edəcəyi bilinmir.

İnsan başının və ya beyninin transplantasiyasının etik normalara uyğun olub-olmamasına gəldikdə isə 6 il bundan öncə Avropa Neyrocərrahiyyə Cəmiyyətləri Assosiasiyası (European Association of Neurosurgical Societies – EANS) insanlara baş transplantasiyasının qeyri-etik olduğunu elan edib. Bu bəyanat məsləhət xarakteri daşısa da, neyrocərrahlar bu nəzəri əməliyyatı insanın həyatına son qoya biləcək əməliyyat kimi təyin ediblər.

Qeyd: Material Yusif İsayev tərəfindən hazırlanıb 

www.yenicag.az

2112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv