!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlarda aqressivliyin SƏBƏBİ: “Bu cür antisosial cəmiyyət ciddi problemdir”

!Reklam – Yazi

“İndi qonşuluq və qohumluq münasibətləri minimuma enib. Dostluqlar zəifləyib. Hər kəs öz başını saxlamağa, ya da təkbaşına fəaliyyət göstərməyə çalışır”.

Bunu insanlarda yaranan aqressivliyin səbəbindən danışan sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, insanların aqressiv vəziyyəti kapitalizm cəmiyyətinin xarakterik xüsusiyyətləridir:

“Respublikamızda son 30 ildə bu hallar artıb. Bunun isə iki səbəbi var. Mənəvi-psixoloji və sosial-iqtisadi vəziyyət.

Mənəvi-psixoloji məsələdə əsas səbəb mənəvi deqredasiya, həyat tərzinin dəyişməsi, internetin həyatımıza nüfuz etməsi, virtuallaşmaya doğru getməyimizdir. İndi əksər əlaqələr, münasibətlər, ünsiyyət virtual formaya keçib.

Həmçinin psixoloji problemli insanların artımı müşahidə olunur. İnsanlar eqoistləşib, aqressivləşib, əsas dəyər kimi maddi dəyərlər qəbul olunub. Digər səbəb isə sosial vəziyyətlə bağlıdır. İşsizlik, evsizlik, aşağı maaş və digər sosial problemlər insanlarda aqressiya yaradır. Bütün bunlar dözümsüzlüyə, bir-birinə qarşı laqeydliyə və ya ifrat sərt münasibətlərə gətirib çıxarır. Müxtəlif kriminal hadisələrin artması, insanların müxtəlif formalarda aldadılması kimi hallar da inamsızlığı artırır və insanlar birbaşa münasibətlərdən qaçır.

Bir çoxları ətrafdan özünə təhlükə və ya laqeydlik görür. Nəticədə kollektiv şüurdan fərd cəmiyyətinə keçid baş verir. İndi qonşuluq və qohumluq münasibətləri minimuma enib. Dostluqlar zəifləyib. Hər kəs öz başını saxlamağa, ya da təkbaşına fəaliyyət göstərməyə çalışır. Hətta iş yerində belə iş yoldaşları yad adamlar kimi münasibət saxlayır.

Proses uşaqlar arasında da müşahidə olunur. Artıq uşaqlar əvvəlki kimi kütləvi şəkildə bir-biri ilə oynamağa meyilli deyillər. Hərəsi həyətə düşəndə təkbaşına ya velosipedini sürür, ya da hansısa oyuncağı ilə oynayır. Bütün bunlar son dövrdə həyat tərzinin və sosial münasibətlərin dəyişməsi ilə bağlıdır. Aqressiv və antisosial cəmiyyət ciddi problemdir. Bunu dəyişməyimiz mütləqdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv