!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanların vecsizliyi, eqoistliyi “Qağayı”da: “Nəyi yaşatmağa çalışırıq?!”

!Reklam – Yazi

“Məni narahat edən ən əsas problem insanların bir-birini eşitməməsi, dərdinə şərik olmamasıdır”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci teatr mövsümünü sentyabrın 24-də dahi rus klassiki A.Çexovun “Qağayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açıb. Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsi ilə qabardılıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında tamaşanın premyerası ilə bağlı təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, “Qağayı” tamaşası olduqca qəliz tamaşa olmasına baxmayaraq, tamaşaçıların marağına səbəb olub və anşlaqla qarşılanıb:

“Nəhayət, iki ildən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz binasına qayıtdı. Pandemiya dövründə teatrlar bağlandı və iki ildən sonra açıldı. Lakin teatrımız təmirlə əlaqədar bağlı qalmışdı. Ona görə də bir il daha binasız qalmışdıq. Təmir bitdikdən sonra öz binamıza qayıtdıq və ötən gün tamaşaçılarımızı öz teatrımızda qəbul etdik. Ötən gün “Qağayı” tamaşasının ilk, dünən isə ikinci premyerası baş tutub.

Tamaşanın tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir. Tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Mirsənan Kazımlı, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak ediblər.

Hazırda mövcud olan vəziyyətlə bağlı təmtəraqlı açılış etmədik. Tamaşa öncəsi səhnəyə Gənc Tamaşaçılar Teatrının Baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və mən çıxdıq. Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Daha sonra tamaşanı tamaşaçılara təqdim etdik. Tamaşaya bir çox sənət adamları gəlmişdilər. Çox sevinirəm ki, hər kəsin ürəyincə olan bir tamaşa oldu. Çünki “Qağayı” tamaşası olduqca qəliz tamaşadır və Çexovun ən çətin əsərlərindən biridir. Azərbaycanda ilk dəfə bu əsərə müraciət olunub. Əslində bu əsər vasitəsilə bir çox mesajlar ötürmək mümkündür. Bunlardan biri xülyalar dalınca qaçmamaq və hər şeyi xülyalara qurban verməməkdən ibarətdir. Yəni insan bir az realist olmalıdır. Məni narahat edən ən əsas problem insanların bir-birini eşitməməsi, dərdinə şərik olmamasıdır. Hər kəs öz qınına çəkilib, yalnız özü üçün mübarizə aparır. Halbuki cəmiyyət insanların bir-birini düşünməsidir. Bu əsərdə qabartdığımız əsas tərəf budur. Hətta ana belə öz balasını eşitmir, görmür, övladının problemləri ona maraqlı deyil.

Ümumilikdə tamaşaçıların tamaşadan razı qalmasına çox sevinirəm. Bu, tamaşaçıların bizi uzun müddət səhnədən buraxmamasından və o cümlədən tamaşadan sonrakı rəylərdən açıq görünür. Hər nə qədər çətin günlər yaşasaq da, şəhidlərimizə borclu olsaq da və ürəyimiz əsgərlərimizin yanında olsa da, hər halda Azərbaycan mədəniyyəti yaşamalıdır. İkinci Dünya Müharibəsi dönəmində büdcəni təsdiqləyən zaman ingilis siyasi və dövlət xadimi Vinston Çörçill görür ki, mədəniyyət sahəsinə çox az vəsait ayrılıb. Bunun səbəbini soruşanda deyirlər ki, axı müharibə şəraitidir. O, deyib ki, mədəniyyətimiz olmayacaqsa, onda nəyə görə müharibə edirik?! Nəyi yaşatmağa çalışırıq?! Yəni mədəniyyət xalqın ən zəngin xəzinəsidir. Mədəniyyəti qorumaq hər birimizin borcudur. Xüsusən də incəsənət sahəsində çalışan insanlar daha məsuliyyətli olmalıdır. Hesab edirəm ki, işimizin öhdəsindən bacardığımız qədər gəlməyə çalışırıq”.

Heç vaxt tamaşaçı qıtlığı hiss etmədiyini bildirən Əməkdar artist Nicat Kazımov bildirib ki, “Qağayı” tamaşasında da tamaşaçı qıtlığı ilə üzləşməyib:

“Mənim tamaşalarımda həmişə anşlaq olur. Onu da qeyd edim ki, əgər gələcəkdə “Qağayı” tamaşası fonunda qastrol səfər təklifləri olarsa, iştirak edəcəyik. Bundan sonrakı fəaliyyətimə isə 44 günlük Zəfər Savaşına həsr olunmuş bir əsərin məşqləri ilə başlamışam. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhminin yazdığı “Balaca kişilər” pyesini eyniadlı tamaşa ilə tamaşaçılarımıza təqdim edəcəyik”.

Gülşən Şərif

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv