“İnsanlığın qətl günü” – Xocalı ilə bağlı unikal addım – FOTO

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalı soyqırımı haqqında xarici dildə elektron portalın yaradılması layihəsi çərçivəsində hazırladığı www.xocali.ws və “İnsanlığın qətl günü” qısametrajlı filmin təqdimatını keçirib.

Yenicag.az xəbər verir ki, layihənin rəhbəri, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri, “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızının təklifi ilə əvvəlcə həm yüz il əvvəl – sentyabrın 15-də Bakının azad edilməsi üçün canından keçən, həm də Xocalı və Qarabağ müharibəsində dünyasını dəyişən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sonra layihə çərçivəsində hazırlanan “İnsanlığın qətl günü” qısametrajlı filmi izlənilib. 15 dəqiqəlik filmdə Xocalı soyqırımına aid görüntülər, faktlar öz əksini tapıb və faciə şahidlərinin çıxışları yer alıb.

Aynur Camalqızı çıxış edərək, 15 sentyabrın Azərbaycanın dövlətçilik tarixində önəmli bir yerə malik olduğunu xatırladıb. O bildirib ki, Bakı azad olmasaydı, nə Azərbaycan Xalq Cümhuriyyəti, nə də müasir Azərbaycan Respublikası olacaqdı.

Daha sonra A.Camalqızı xocali.ws saytının yaradılması zərurətindən danışıb: “İnternetdə kiçik bir axtarış etməklə Xocalı ilə bağlı saytların əksəriyyətinin ermənilər tərəfindən yaradıldığını və idarə edildiyini müşahidə etdim. İlk baxışda həmin saytların azərbaycanlılar tərəfindən idarə edildiyi təəssüratı yaranır, lakin yazılara nəzər salanda onların Azərbaycan əleyhinə olduğunu görürsən. Hətta həmin saytların bəziləri səkkiz dildə fəaliyyət göstərir. Bilirsiniz ki, Xocalı soyqırımı ilə bağlı bu günə qədər çoxlu sayda kitablar, broşürlər nəşr olunub, filmlər çəkilib, amma faciə barədə bütün məlumatları özündə əks etdirən ingilis və rus dillərində internet resursu çox az saydadır. Ona görə də biz məhz belə bir sayt yaratmaq qərarına gəldik. Prezident yanında Qeyri-Hökumət Təşkilatına bununla bağlı müraciətimiz müsbət qarşılandı”.

A.Camalqızı bildirib ki, www.xocali.ws elektron portalı Xocalı soyqırımı barədə məlumatların ingilis və rus dillərində oxuculara çatdırılması üçün yaradılıb:

“Xocalı soyqırımına aid yaratdığımız bu portalda dəhşətli faciənin şahidlərinin ifadələri, tarixi sənədlər əks olunub, faciənin xronologiyası təqdim edilib”.

A.Camalqızı qeyd edib ki, saytda təkcə Xocalı soyqırımı ilə bağlı məlumatlar deyil, 1905, 1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımıları, 1948-53 və 1988-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası faktları ayrıca bölmə şəklində işıqlandırılıb: “Sayt üzərində işlər davam etdirilir. Xocali.ws saytının fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindəyik. Hələ ki, sayt yalnız rus, ingilis dillərində fəaliyyət göstərir, gələcəkdə dillərin sayını artırmaq niyyətindəyik”.

A.Camalqızı qeyd edib ki, Xocalı soyqırımının dünyada tanınmasında “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti böyükdür.

“Leyla xanımın uğurla həyata keçirdiyi kampaniya nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası və Parlament İttifaqı Xocalı qətliamını soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıyıb. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib”, – deyə A.Camalqızı qeyd edib.

Politoloq Arzu Nağıyev belə bir layihənin həyata keçirilməsinin böyük məsuliyyət olduğunu bildirib:

“Mən Qarabağ döyüşlərində iştirak etmişəm. Hadisələrin iştirakçısı kimi deyə bilərəm ki, bu soyqırımıları Azərbaycan vətəndaşının gözünü qorxutmaq, onları sındırmaq üçün törədilib. Təəssüf ki, bəzi məqamlarda sapı özümüzdən olan baltalar da bu prosesdə iştirak edib. Bəzi şəxslərin hakimiyyətə gəlmək, insanların qanı üzərindən var-dövlət toplamaq istəyi də bir çox hallarda belə dəhşətli faciələrə rəvac verdi. Bu gün Köçəryanla bağlı Ermənistanda müxtəlif maddələrlə cinayət işləri açılır. Düşünürəm ki, Xocalı ilə bağlı cinayət əməlləri də həmin işlərə əlavə ediləcək. Bütün bu proseslərin fonunda Aynur xanım, Xocalı barədə belə bir saytın yaradılması ilə siz və kollektiviniz böyük bir məsuliyyəti öz üzərinizə götürmüşünüz. Hesab edirəm ki, saytda Xocalı soyqırımı törədən cinayətkarların siyahısı, eləcə də qəhrəmanlıq göstərən şəxslərin adları verilməlidir”.

Politoloq Nəzakət Məmmədova bildirib ki, bu mövzuda çəkilən hər bir film, yazılan hər bir kitab dünənki tarixi gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyət kəsb edir:

“Gələcək nəsillər faciəni məhz bu cür filmlərdən öyrənəcək. Bəlkə hadisə şahidləri həmin vaxt həyatda olmayacaq, ancaq bu cür filmlərlə gələcək nəsillər gerçəklikləri görəcək. Xocalı faciəsinin baş verməsi həmin dövrdə bizim gücsüzlüyümüzün nəticəsidir. Hesab edirəm ki, bu gün bütün sahələrdə Ermənistandan öndəyik. Bu cür filmlərin çəkilməsi Ermənistanda informasiya müharibəsində qalib gəlməyimizin üsullarından biridir. Hazırda Azərbaycan Ermənistanla istənilən müharibədə uğur qazanmaq potensialına malikdir. Arzu edirəm ki, Xocalı azad olsun və biz ona qəhrəman şəhər statusunu verək. Çünki onlar Xocalını tərk etməmək üçün sona qədər mübarizə aparıblar”.

Tədbirdə çıxış edən Milli Qəhrəman Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə Xocalı, həmçinin Qarabağla bağlı iş görməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirib:

“Ömrünün 26 ilini Qarabağın azadlığına həsr etmiş bir şəhid polkovnik-leytenantın həyat yoldaşı kimi hər kəsdən bu mövzuda öz üzərinə düşəni həyata keçirməyi rica edirəm. Biz gələcək nəsillərə nə deyəcəyik? Bizim üçün Xocalıdan danışmaq çox çətindir”.

O, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu sahədə görülən işləri yüksək qiymətləndirib.

Yenicag.az portalının rəhbəri Aqil Ələsgər xarici dilli internet resurslarında bu mövzuda materialların sayının azlığının narahatlıq doğurduğunu bildirib:

“Xarici dildə Xocalı ilə bağlı material axtaranda ancaq Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış materiallar tapmaq olur. Bu mənada hesab edirəm ki, xarici dildə belə bir saytın yaradılması haqq səsimizin xaricdə duyulmasında rol oynayacaq”.

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk xarici ölkələrdə bu mövzunun təbliğatı üçün belə saytların olmasının əhəmiyyətlindən danışıb:

“Xarici ölkələrdə Xocalı ilə bağlı tədbir keçirəndə bəzən orada yaşayan vətəndaşlarımızdan biganə münasibət görürük. Biz də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası olaraq bu sahədə müəyyən iş aparırıq: Milli Qəhrəmanlar, faciələrimizlə bağlı materialları vikipediyada yayımlayırıq. Bu mənada belə bir saytın yaradılması çox önəmli məsələdir”.

“İnterpress” Media Qrupunun və “Diaspor.az” saytının baş redaktoru Toğrul Allahverdili bu portalın xaricdə yaşayan həmvətənlərimiz və xaricilər üçün əhəmiyyətli olduğunu deyib:

“Təəssüf ki, biz informasiya müharibəsində çox zaman düşmənlərimizə uduzuruq. Xocalı adətən fevral ayında xatırlanır. İlk dəfədir ki, sentyabr ayında Xocalı yada düşür. Buna görə də sizə təşəkkür edirik. Bu sayt ən çox diaspor nümayəndəlimiz üçün maraqlı olacaq. Hesab edirəm ki, bu sayt Azərbaycan diasporuna hədiyyədir”.

Yazar Qurban Yaquboğlu bildirib ki, bu cür faciəni yaşamış toplumun övladları rahat nəfəs ala bilməz:

“Xocalı ilə bağlı resursların bir saytda və xarici dildə yerləşdirilməsinə davam etdirilməlidir. Saytın alman, fransız dillərində olması da məlumatların dünyaya çıxışı üçün çox vacibdir. Media ideoloji mübarizədə bir silahdır, lakin bu məsələnin yalnız öz dilimizdə deyilməsi yetərli deyil. Xarici dilli media orqanlarının sayı artırılmalıdır. Hesab edirəm ki, belə bir layihələr lazımdır və davam etdirilməlidir”.

Sonda layihədə yer alan jurnalist Sevinc Xan Qızı çıxış edərək, təəssüratlarını bölüşüb.

COP29