Reklam

Reklam

Azərbaycanda “.az” ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Bununla bağlı olaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir. İnternet media qanunla tənzimlənəcəyi halda bu sahədə vəziyyət necə olacaq?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, uzun illər internet medianın özünün tənzimlənməsinə üstünlük verildi:

“Çalışdıq ki, mümkün qədər dövlətin bu sahəyə müdaxiləsinin qarşısını alaq. Düşünürdük ki, özünütənzimləmə daha faydalıdır və daha doğru olar. Yəni burada senzura tətbiqetmə və s. kimi ehtimallar sıfıra enirdi. Amma təəssüflər olsun ki, Azərbaycanda internet media qurucuları və eyni zamanda internet istifadəçilərinin böyük əksəriyyəti özünütənzimləməyə hələ də hazır deyil. Bizim çağırışlarımıza, maarifləndirmə işlərinə baxmayaraq, bu sahədə özünütənzimləmə, böyük anlamda, baş tutmur. Son günlər, xüsusilə cəbhə xəttində baş verən hadisələr fonunda müşahidə etdik ki, həqiqətən də internet medianın özbaşına buraxılması doğru bir şey deyil. Konkret olaraq, bu cür məsələlərdə internet medianın dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yaranır. Ona görə də düşünürəm ki, müəyyən addımlar atılmalıdır”.

A.Həsrət deyir ki, qanuna təklif edilən dəyişikliklərdə, konkret senzuranın tətbiqindən söhbət getmir:

“Sadəcə olaraq, bu cür hallarda informasiya yayımının tənzimlənməsindən söhbət gedir. Yəni təkiliflərdə hansı informasiyaların hansı formada, kim tərəfindən necə, nə vaxt yayıla bilər və sair bu kimi məsələlər əksini tapıb. Təbii ki, burada dövlət sirri və digər məsələlər də yer alıb. Ümumilikdə elə etməliyik ki, həm media, internet azadlığı yüksək səviyyədə təmin edilsin, həm də Azərbaycanın dövlət maraqlarına zidd olan fəaliyyətlərin qarşısı alınsın. Mənə elə gəlir ki, bizim internet mediası ictimaiyyəti də bu məsələdə anlayışlı olmalıdır. Yəni, kimlərsə hay-küy salıb guya ölkədə senzura tətbiq olunur və digər ifadələr işlətməməlidirlər. Söhbət sırf Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edən qanunlara dəyişikliklərdən gedir”.

“Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev bu məsələ ilə bağlı öz fikirlərini kütləvi informasiya vasitələrinin rəhbərlərinin Milli Məclis rəhbərliyi ilə görüşündə bildirdiyini dedi:

“Görüşdə bütün media rəhbərləri əsasən, məlumatın operativliyi, dəqiqliyi və qərəzsizliyinin daha vacib olmasını ön plana çəkdilər. Bundan başqa internet medianın dövlət qeydiyyatı məsələsi ilə bağlı qanuna əlavələrin edilməsinin vacibliyi vurğulandı və düşünürəm ki, bu qeydiyyatın hansı formada aparılması mühüm amildir. Digər məsələ internet medianın daha mükəmməl fəaliyyət göstərməsi üçün dövlət tərəfdən maliyyə vəsaitinin ayrılması da lazımdır. İnformasiya verilərkən dövlət və milli təhlükəsizliyə təhdid edə biləcək məlumatların məsuliyyəti də qeyd edilməlidir. Bundan başqa məlumatların tək daxili auditoriya üçün deyil, xaric üçün də verilməsi və bunun üçün internet medianın bir neçə dildə yazması da ön planda olan məsələlərdəndir.Yəni necə deyərlər, hər bir hal üçün qırmızı xətti keçmək olmaz. Şəxsi təşəbbüslərimdən biri də ölkədəki vəziyyəti, hərbi əməliyyatları nəzərə alaraq, hərbi jurnalistikanın yaradılması və inkişafı üçün dövlət səviyyəsində tənzimlənmə olmalıdır. Çünki hərbi jurnalistika yaranarsa, bir sıra suallara öz məsuliyyəti ilə cavab verə bilər. Bir sözlə, reytinq və ya piar üçün deyil, əsl məlumat üçün işləmək daha vacib məsələ olmalıdır”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin fikrincə, qanunda nəzərdə tutulan dəyişikliklər məhdudlaşdırıcıdır və əslində olmamalıdır:

“Çox təəssüfedici bir məqamdır ki, bu formatda, belə desək, media, internet azadlığına problemlər yaratmaq kimi bir yanaşma gündəmə gəlib. Parlament getdikcə bütün qanunları məhv edir. Görünür bu çərçivədə həm də internet resursları, medianı bir formada tənzimləmək istəyir. Amma qanuna heç vaxt bu tip yanaşma olmamalı idi. Qeyd edilən qanun daha çox dövlət resurslarındakı informasiyanın qorunması ilə bağlıdır. Başqalarının nəyi necə istifadə edəcəyi ilə bağlı məqam deyil. İnternet hər kəsin istifadə etdiyi bir məkandır. Qanuna 4 səhifədən ibarət əlavələr nəzərdə tutulur. Bu dəyişiklik və əlavələrin hər biri məhdudlaşdırıcı xarakterlidir və düşünürəm ki, qəbul edilməməlidir. Bu qanun layihəsi qəbul edilərsə, Azərbaycanın adı növbəti “qara siyahı”larda qeyd ediləcək: “İnternetə görə qismən azad ölkə sayılırdıqsa, bundan sonra azad olmayan ölkələr siyahısına daxil ediləcəyik. Məsələn, bizi Türkmənistan, Şimali Koreya kimi ölkələr sırasına əlavə edəcəklər. Bu addımı atsaq, bəlkə də ölkə daxilində guya nəzarəti əldə saxlamış olacağıq, amma beynəlxalq ictimaiyyətdə yerimiz çox bərbad vəziyyətdə, ən aşağı pillələrdə qərarlaşacaq”.

BƏXTİYAR
Yeniçağ.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 84
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."