!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İpoteka kreditlərinə artan tələbat: "Vətəndaşın aylıq maaşı o şəraiti yaratmalıdır ki..."

!Reklam – Yazi

“Əgər vətəndaş üçotaqlı mənzil almaq istəyərsə, ümumi məbləğin təxminən 20-30 faizini öncədən ödəməlidir”.

Bu sözləri Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılmasına münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, ipoteka krediti ilə mənzil alışına tələbat artasa da, əmlak bazarında qiymətlərin baha olması əksər vətəndaşlar üçün çətinliklər yaradır:

“Ölkəmizdə hər il ipoteka kreditlərinə tələbat artmaqdadır. Adi ipoteka ilə yanaşı, digər kreditli satışlara məxsus olan sosial layihələrə və iri şirkətlərin satdığı daxili kreditlə baş tutan ipotekalı mənzillərə maraq üstünlük təşkil edir. İpoteka portfelinə ayrılan vəsaitin həcmi artdıqca, ipotekaya tələbat da artır. Kreditlə mənzil alan insanların sayına baxsaq, nağd yolla alınan mənzillərdən qat-qat yüksəkdir. İpoteka predmentinə çevrilən mənzillərə çıxarışı olan yeni tikili binalar, köhnə tikili binalardan 9 mərtəbələr və 70-ci ildən sonra tikilən binalar daxildir.

İpotekaya tələbatın artması onu göstərir ki, hər il daşınmaz əmlak bazarında çox ciddi qiymət artımı baş verir. Bu gün istənilən şəxs metrostansiyalarına yaxın ərazilərdə ipoteka krediti ilə yeni tikili binadan bir otaqlı mənzili 100 min manatdan baha qiymətə ala bilər. Köhnə tikili binalarda da qiymət 70 min manatdan yuxarıdır. Bu evlərin ümumi sahəsi isə təxminən 30-34 kvadratmetr civarındadır. Mərkəz ərazilərdə isə yeni tikili binada birotaqlı, təmirli və çıxarışlı mənzili 150 min manatdan yuxarı qiymətə almaq olar. Abşeron, Xırdalan, Sumqayıt və digər ərazilərdə qiymətlər nisbətən ucuz olduğuna görə, həmin ərazilərə tələbat daha çoxdur.

Əksər hallarda əmlak bazarındakı qiymət artımı vətəndaşları mənzil sahibi olmaqdan məhrum edir. Vətəndaş düşünür ki, birotaqlı evə 100 min manatdan yuxarı ödəniş edəcək və 25 il kredit ödəyəcək. Ona görə də vətəndaşlar riskə getmək istəmirlər. Köhnə tikili olan 2, 4 və 5 mərtəbəli binaların ipoteka predmentinə çevrilməməsi vətəndaşlar üçün çətinliklər yaradır. İpoteka ilə verilən maksimal kredit məbləği 150 min manat təşkil edir. Əgər vətəndaş üçotaqlı mənzil almaq istəyərsə, ümumi məbləğin təxminən 20-30 faizini öncədən ödəməlidir. Həmçinin vətəndaşın aylıq maaşı o şəraiti yaratmalıdır ki, bank ona kredit ayıra bilsin. İstənilən halda ipoteka kreditləri daşınmaz əmlak bazarında canlanma yaradır və qısa vaxtda minlərlə mənzil satılır”.

Xatırladaq ki, fevralın 1-də saat 10:00-dan adi ipoteka kreditləri, fevralın 2-i saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılıb.

Gülşən Şərif

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv