!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan gərginliyi və üçüncü ölkələr - Səxavət Məmməd yazır

!Reklam – Yazi

İranla Azərbaycan arasındakı gərginlik ənənəvi xarakter daşıyır. Bunu Azərbaycanda az qalsın bütün politoloqlar, siyasi şərhçilər deyib ki, Azərbaycan müstəqil olandan sonra İran bu torpaqlara yem gözü ilə baxıb.

Son aylarda İran-Azərbaycan arasında baş verənlər isə ənənəvi gərginlikdən xeyli fərqlənir. Açığı, süniliyin olduğunu sezmək o qədər də çətin deyil.

İran Azərbaycana qarşı dönəm-dönəm olduğu kimi, yenə təzyiqlər etməyə çalışır. Məsələ ondadır ki, əvvələr İranın təzyiqinə Azərbaycan tərəfi reaksiya verdikdən sonra yumşalma olurdu. Ancaq indi vəziyyət əvvəlkindən xeyli fərqlidir. İran Azərbaycan səfirini XİN-ə dəvət etdi, Azərbaycan da İran səfirini Azərbaycan XİN-ə. Xarici mediada yayılan məlumata görə, İran Azərbaycan səfirini ikinci dəfə XİN-ə dəvət edib. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti isə İranın Azərbaycandakı casuslarına qarşı ikinci əməliyyatını həyata keçirib. İlk əməliyyat təxribatçılara, silahlı qarşıdurma yaradanlara qarşı idisə, budəfəki əməliyyat sırf hərbi məsələlərlə bağlıdır. Saxlanılanlar hərbçi olmasa belə.

Azərbaycanda prosesləri dərindən analiz edənlərin, demək olar, hamısı bildirir ki, İranla Azərbaycan arasında hərbi qarşıdurma imkansızdır. Məsələ ondadır ki, bəzi xarici media orqanlarında artıq İranla Azərbaycanın hərbi gücü müqayisə edilir. Düzdür, bu, açıq mənbələr üzərindən aparılır. Misal üçün, “Globalfirepower”dakı informasiyalar qarşılaşdırılır. Hesab edirəm ki, müasir müharibələr məlum qaynağın müqayisəsi real nəticələri sahədə ortaya qoymur. Məsələn, kağız üzərində Rusiya ilə Ukraynanı müqayisə etmək belə gülünc görünərdi. Sahədə reallıq fərqli nəticə verdi. Müqayisə aparan zaman digər ölkələrin hansısa dəstək verəcəyi, silah-sursatla təchiz edəcəyi məlum olmur. İndiki məqamda Azərbaycanla İranın hərbi gücünün müqayisəsinin aparılması iki ölkə arasında qarşıdurma istəyənlərin maraq dairəsindədir. Sünilik də buradan görsənir.

İran dünyada öz hərbi gücünə güvənən ölkələrdən biridir. Məsələ ondadır ki, Azərbaycan hərbi gücünü yaxın zamanda isbat edib və özünü qoruya biləcək gücdədir.

İran indi yox, Azərbaycan müstəqil olandan bu yana hərb sahəsinin içərisinə daxil olmağa çalışıb. Bəzən bunu bacarıb, bəzən yox. İran müharibədən sonra bu prosesi bir qədər də aktivləşdirmişdi. Dəfələrlə Azərbaycanda başqa ölkələrin (xüsusilə İsrailin) hərbi bazasının olmasını dilə gətirirdi, ancaq bunu isbat edə bilməyiblər. İran təkcə Cənubi Azərbaycana görə yox, ümumilikdə, bu istiqaməti özünə təhdid bilir.

Müharibədən sonra İrana Azərbaycan üzərindən iki mesaj verilib. Biri Türkiyə Prezidentinin Qələbə paradında Araz çayı ilə bağlı bayatını səsləndirməsi, digəri isə İsrail səfirinin “Təbriz nağılları” kitabının şəklini paylaşması. İran mesaj verən iki ölkəyə birbaşa əməli cavab verməsə də, hirsini Azərbaycandan çıxmağa çalışır: İki hərbi təlim, Qafanda konsulluq açmaq. Hər halda, İran da bilir ki, konsulluq səfirilik statusunda olan bir şey deyil. Yəni ona toxunmaq İrana toxunmaq anlamı verməyəcək. Ukrayna Rusiya müharibəsi vaxtı işğalçı tərəf hətta BMT-nin Baş katibinin görüş keçirdiyi binaya belə raket atdı. Belə bir dünyada konsulluq nə olan şeydir?! O konsulluq narkotik trafikini yönləndirən binadan başqa bir işə yaramayacaq.

İranla Azərbaycan arasında hərbi qarşıdurma inandırıcı deyil. Böyük güclərin İranı hərbi yolla cəzalandırmaq istəyi və bunu Azərbaycan üzərindən etmək iddiası da boş və mənasızdır. Rusiya-Ukrayna müharibəsi fonunda NATO Baş katibi dəfələrlə bildirib ki, sursat anbarları boşalmaqdadır. Bəzi ölkələr sursat anbarını doldurmağa illər və milyardlar xərcləməli olacaqlarını dilə gətirir.

İranla bağlı hansısa planlar ola bilər və Azərbaycanı da onun içərisinə sürükləmək istəyəcəklər. Rəsmi Bakı bütün reallıqları nəzərə almalıdır. Hər nə olmasından aslı olmayaraq, Azərbaycan hansısa dövlətlər üçün bəhanə olmamalıdır.

İran gələcəyin planı ola bilər. Bəlkə də, indi baş verənlər toxumun səpilmə mərhələsidir. Bu mərhələdə Azərbaycan da öz daxilində təmizlik aparmalıdır. İki əməliyyatla “təmizlədik” deyə bilərik? Hər halda, bu, gülməli cavab olardı. İran uzun illər Azərbaycanda casus şəbəkəsini qurmağa çalışıb. Təhsil alanlardan tutmuş, sərhəddə yaşayanlara və ən müxtəlif kateqoriyalara qədər…

Çətin olacaq, ümid edək ki, əsaslı və hər tərəfli olsun.

www.yenicag.az

38025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv